İdman

"Növbəti turnirlərdə bu səhvlərə yol verməyəcəyəm"

24 Mart 2023 18:02
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə Azərbaycan çempionatı bu il mənim ilk yarışımdır.

Bunu Trend-ə çempionatın iştirakçısı, "Ocaq Sport" klubunun yetirməsi Səlma İsmayılova deyib.

"Bugünkü çıxışım ümumilikdə yaxşı keçdi, gürzlərlə kompozisiyanı mükəmməl yerinə yetirdim, top və lentlə hərəkətlərdə bəzi səhvlər oldu. Ümid edirəm ki, növbəti turnirlərdə bu səhvlərə yol verməyəcəyəm", - gənclər kateqoriyasında yarışan idmançı vurğulayıb.

Səlma İsmayılova əlavə edib ki, çempionat öncəsi üç yoxlama məşqi keçirilib.

"Startdan əvvəl yoxlama məşqi yaxşı keçdi, onlar işləmə texnikasını təkmilləşdirməyə kömək etdi. Bədii gimnastika ilə məşğul olmağı xoşlayıram, ümid edirəm ki, gələcəkdə yaxşı nəticələr əldə edəcəyəm," - gənc idmançı əlavə edib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı başlayıb.

Ən zərif gimnastika növünün nümayəndələri 24 və 25 mart tarixlərində bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.

Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, "Grasiya" İdman Klubu, "Zirə", Sumqayıtdan ümumilikdə 53 gimnast iştirak edəcək.

Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar.

Fərdi gimnastlar arasında qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip və 5 top (gənclər) və 5 halqa və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.