Cəmiyyət

Vətən uğrunda son damla qanınadək döyüşən qəhrəman gizir - Mayis Səmədov

23 May 2021 23:10
Baxış: 1 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq kimi birləşərək böyük fədakarlıq, vətənpərvərlik və əsl qardaşlıq nümunəsi göstərdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi: "Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq". Məhz ölkəmizdə yaşayan qardaş xalqların nümayəndələri Azərbaycan Ordusunun sıralarında düşmənə qarşı fədakarcasına döyüşərək böyük qələbənin qazanılmasına layiqli töhfələr verdilər. Vətən müharibəsində son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, istehkamçı gizir, milliyyətcə ləzgi olan Səmədov Mayis Şadıbəy oğludur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "Əsgər" qəzetinin redaktoru mayor Anar Əhmədovun şəhid gizir Mayis Səmədovun xatirəsinə həsr etdiyi məqalədə yer alıb. Məqaləni təqdim edirik.

Gizir Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaş-Oba kəndində anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən olan Şadıbəy Səmədovun (2010-cu ildə vəfat edib) və Əzizə Səmədovanın böyüyüb tərbiyə etdiyi dörd övladdan ikincisi idi...

Orta təhsilini doğulub boya-başa çatdığı Qadaş-Oba kənd orta məktəbində alan Mayis 1992-ci ildə həmin təhsil ocağının 9-cu sinfini bitirərək, Xaçmaz şəhərindəki 92 saylı texniki-peşə məktəbinə qəbul olunub. 1995-ci ildə təhsilini başa vuraraq elektrik qaynaqçısı ixtisasına yiyələnib. Müddətli həqiqi hərbi xidmətini 1996-1999-cu illərdə Daxili Qoşunların o zaman dislokasiya yeri döyüş bölgəsi - Füzuli rayonu olmuş, hazırda Bakıda yerləşən "N" saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki peşə üzrə çalışıb. 2004-cü ilin fevralından etibarən Mayis Daxili Qoşunların Quba rayonundakı "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub, təminat taqımında anbar rəisi vəzifəsinə təyin edilib.

Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. Bundan əlavə, Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil olunan altıaylıq "Gizir hazırlığı kursu"nu bitirib. "Gizir" hərbi rütbəsində Qubadakı "N" saylı hərbi hissədə bir müddət yenidən anbar rəisi kimi xidmət edən Mayis Səmədov 2011-ci ilin sentyabrından xüsusi təyinatlı dəstədə atıcı-radiotelefonçu vəzifəsini yerinə yetirib. 2012-ci ilin sentyabrından etibarən qoşunların Sumqayıtda yerləşən "N" saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirən cəsur hərbçi 2019-cu ilin martından istehkamçı yarımqrupunda baş istehkamçı-yarımqrup komandiri vəzifəsinə irəli çəkilib. Komandir kimi bilik və bacarığı, qayğıkeşliyi sayəsində böyük rəislərin etimadını, həmçinin tabeliyində olan şəxsi heyətin hörmətini qazanıb. Yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. Bununla yanaşı, o, 2017-ci ildə yüksək döyüş hazırlığı və əzmkarlığı sayəsində qazandığı "Zoğalı beret"i də qürur hissi ilə daşıyıb.

Gizir Mayis Səmədov istehkamçı yarımqrupunun komandiri kimi tabeliyində olan şəxsi heyətlə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirib. Bu barədə məlumat verən Daxili Qoşunların Baş İdarəsinin Qərargahında mühəndis xidmətinin rəisi polkovnik-leytenant Baba Əliyev cəsur silahdaşını öz üzərində çalışan fəal yarımqrup komandiri kimi xatırlayıb: "Daxili Qoşunların istehkamçı yarımqruplarının şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları hər zaman yüksək səviyyədə yerinə yetirib. Hələ Vətən müharibəsindən öncə istehkamçılarımız istər respublikamızın evsahibliyi etdiyi müxtəlif idman yarışları, istərsə də ölkəmizdə keçirilən digər mühüm dövlət tədbirləri zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında xüsusilə fərqləniblər. Qoşunların Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş 5 nəfər cəsur istehkamçısı - gizir Səmədov Mayis Şadıbəy oğlu, baş çavuşlar Nadirov Elçin Nadir oğlu, Vəlizadə Anar Afət oğlu, çavuşlar Fətəliyev Emil Mayis oğlu və Orucov Afər Yafət oğlunun, eləcə də vəzifə borcunu yerinə yetirərkən yaralanmış 16 qazi istehkamçımızın hər birinin fəaliyyətini məhz bu baxımdan müsbət qiymətləndirmək olar. Vətənpərvər istehkamçılarımız hər zaman olduğu kimi, ön cəbhədə də öz vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerinə yetirərək, gənclərə nümunə olacaq əsl qəhrəmanlıq göstərdilər".

"N" saylı hərbi hissədə "Əqrəb" şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, "Qarabağ" ordeni və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmiş mayor Ələsgər Muxtarov (Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin əzmkarlığı və cəsurluğundan bu gün də fəxr hissi ilə danışır: "Vətən müharibəsində dəstəmizin qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularından biri də istehkamçı yarımqrupunun komandiri gizir Mayis Səmədovdur. Onun bir komandir kimi fəaliyyəti hərbi hissə komandanlığı tərəfindən də hər zaman müsbət qiymətləndirilib. Yarımqrupda yüksək döyüş hazırlığı və intizamın qorunub saxlanılması üçün tabeliyindəkilərə qarşı tələbkar olmaqla bərabər, vətənpərvərliyi və qayğıkeşliyi ilə şəxsi heyətə nümunə olub.

Döyüşlərə qatıldığı ilk gündən müqəddəs borcunu şərəflə yerinə yetirən cəsur komandir içdiyi hərbi anda sadiq əsl hərbçi kimi Vətən uğrunda canından keçməklə, tabeliyində olan şəxsi heyətə bir daha örnək olmağı bacardı.

2020-ci il oktyabrın 5-də Cəbrayıl-Füzuli rayonları istiqamətində gedən döyüş Mayisin sonuncu döyüşü oldu. Yeddi silahdaşı ilə birgə ön mövqedəki əsgərlərimizə lazımi təminat çatdırmaq üçün gedərkən yolda pusquda dayanan mənfur düşmənin mühasirəsinə düşən igid hərbi qulluqçumuz özünü itirmir və qəflətən baş vermiş döyüşdə onlarla erməni yaraqlısını məhv edir. Lakin bu qeyri-bərabər döyüşdə dəstəmizin cəsur hərbi qulluqçuları gizir Səmədov Mayis Şadıbəy oğlu və gizir Həsənov Faiq Hüseyn oğlu Müdafiə Nazirliyinin 6 nəfər xüsusi təyinatlısı ilə birgə son damla qanlarınadək vuruşaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldilər".

Gizir Mayis Səmədov 2020-ci il oktyabrın 6-da Xaçmaz rayonunun Qadaş-Oba kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Məleykə və Süleyman adlı iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr və 22 dekabr tarixli sərəncamları ilə gizir Səmədov Mayis Şadıbəy oğlu (ölümündən sonra) "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən uğrunda canlarını qurban verərək, öz qanları bahasına hər birimizə Qələbə sevincini yaşadan şəhid oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.