Cəmiyyət

XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi

20 Yanvar 2021 20:04
Baxış: 420

XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini dinc şəkildə yox, qurbanlar bahasına gerçəkləşdirdi. Can verməkdə olan imperiya dağılmaqdan xilas olmaq üçün sivil vətəndaşlarımızı güllə ilə qarşıladı.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov deyib.

Onun sözlərinə görə, XX əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yol elə də asan başa gəlmədi. İmperiya məngənəsindən xilas olmaq üçün Azərbaycan növbəti dəfə itkilər verməli oldu. SSRİ adlı xalqlar həbsxanası imperiyaya daxil olan müxtəlif respublikaların, o cümlədən Azərbaycanın bu istəklərini hələ ötən əsrin 80-ci illərinin sonundan görür və qabaqlayıcı tədbirlərə əl atırdı.

Alim qeyd edib ki, "yenidənqurma" siyasətinin ziddiyyətliliyi, mühafizəkarların ciddi müqaviməti üzündən mövcud siyasi və iqtisadi rəhbərlik metodlarını demokratikləşdirmək tədbirləri baş tutmurdu. Köhnə idarəçilik mexanizminin dağılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar İttifaqın düşdüyü ümumi böhran gündən-günə dərinləşirdi. Belə bir şəraitdə SSRİ-nin dağılma prosesinin qarşısını almaq üçün hakim dairələr milli münaqişələri, antitürk, antiislam siyasəti qüvvətləndirirdilər.

Z.Əmrahov əlavə edib ki, mühüm geosiyasi məkanda imperiyanın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan Azərbaycan əsas zərbə hədəfi idi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu yolla bütün regionda ağalığı saxlamaq siyasəti həyata keçirilirdi:

"Mərkəzin Azərbaycana artan təzyiqləri fonunda daxildə mübarizə əzmi güclənir, bütöv Azərbaycan şüarları aktuallaşırdı. Bütün bunlar hakimiyyət böhranının, Moskva canişininin respublikadakı hadisələrə nəzarəti tam itirməsinin təzahürü idi. Bununla barışa bilməyən mərkəz 1990-cı il yanvarın əvvəllərindən Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirdi. SSRİ müdafiə naziri D.Yazov gizlicə Gəncəyə gəldi, vəziyyətlə tanış olaraq o zamankı respublika rəhbərliyinin də təklifləri nəzərə alınmaqla, "Tayfun" adlı qanlı əməliyyat planı hazırlandı. Erməni millətçilərinin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, DQMV-də azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə getdikcə artırdı".

Z.Əmrahov qeyd edib ki, 1990-cı ildə yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq cəza tədbirləri görülmədi. Talançı erməni dəstələrinin azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə də o zaman Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olurdu. Onlar milli münaqişəyə qarışmamaq əmri almışdılar:

"1990-cı il yanvarın 13,15,16,17 və 18-də Azərbaycan KPMK-nın büro iclaslarında respublikadakı vəziyyət müzakirə edildi, çıxış edənlər - Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova, M.Məmmədov, V.Hüseynov və başqaları, habelə Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc tətbiq olunmasının vacibliyini bildirdilər. 1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya göndərdiyi teleqramda tələb edirdi ki, antisovet, antipartiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar var. Ertəsi gün Ə.Vəzirov yenə "ağalarına" teleqram vurub bildirdi ki, müxalifətin əlində çoxlu silahın olması Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq və buna görə də dərhal güc tətbiq olunmalıdır. Elə bu vaxt Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.Mütəllibov Moskvaya teleqram vurdu ki, respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərk-silah etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək və ərzaqla təmin etmək imkanı var".

Tarixçi bildirib ki, xalqa, demokratik qüvvələrə tutulacaq divana hüquqi don geyindirmək üçün fövqəladə vəziyyət elan olunması vacib idi. Ə.Vəzirov yanvarın 14-də AKP MK bürosunda müzakirə etdikdən sonra çağırdığı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti iclasında "Azərbaycan SSR-in DQMV-də vəziyyətin normallaşdırılması sahəsində təxirəsalınmaz vəzifələr haqqında" qərar qəbul edilməsinə nail oldu. Qərarda DQMV və zəruri olarsa, ona bitişik rayonlarda və sərhəd boyunca fövqəladə vəziyyət elan olunması və mərkəzdən lazımi köməklik göstərilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət olunması nəzərdə tutulurdu. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərman verdi:

"Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də başqa yaşayış məntəqələrində qadağan saatları tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün. Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri Moskvaya göndərdiyi şifrəli teleqramlarda bildirirdi ki, respublika xaos vəziyyətindədir, qiyam ərəfəsindədir, qətiyyətli tədbirlər görülməsə, Azərbaycan əldən gedə bilər".

Z.Əmrahov deyib ki, imperiya buradakı hakimiyyət böhranından, bəzi ölkələrdə olduğu kimi, Bakıda da Sovet hakimiyyətinin devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı.Yanvarın 19-da saat 21.00-da ilk olaraq Türkan-Qala istiqamətindən Bakıya qoşun yeridildi. "Bakı əməliyyatı"na SSRİ-nin müdafiə naziri D.Yazov şəxsən başçılıq edirdi:

"Bakı və ətraf bölgələr qan gölünə döndərildi. Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş qanlı qırğınlar zamanı rəsmi məlumatlara görə, 131 nəfər öldürüldü. Bunlardan 117 nəfər azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar idi. 744 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. 400 nəfər həbs edildi, xeyli vətəndaşımız itkin düşdü. Bütün bunlar Azərbaycan xalqının mübarizə ruhunu, müstəqillik arzularını söndürə bilmədi. SSRİ adlı imperiyanın dayaqlarını Azərbaycanda birdəfəlik sarsıtdı".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.