Cəmiyyət

Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açılıb - FOTO

15 Sentyabr 2020 20:04
Baxış: 460

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər.

Tədbirdən öncə S.Babayev və İ.Abbasov ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüblər.
Nazir S.Babayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illərdə görülən işləri qeyd edib. Bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Şirvan şəhərində açılır. Bu da həm ardıcıl sosial inkişafın, həm də əlilliyi olan şəxslərə qayğının bir təzahürüdür.

Nazir diqqətə çatdırıb ki, bu ilin sonunadək Sumqayıt Reabilitasiya Mərkəzi, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir-yenidənqurmadan sonra açılacaq. Həmçinin Qəbələ və Şəmkirdə inşa olunan Uşaq Reabilitasiya Mərkəzlərinin açılışının da bu il olması planlaşdırılır. Hazırda Nazirliyin 14 reabilitasiya müəssisəsi var ki, bu il əlavə iki uşaq reabilitasiya müəssisəsi yaradılmaqla bu say 16-ya çatacaq. Nəticədə ildə reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq. Ümumilikdə, ölkəmizin bölgələrində reabilitasiya müəssisələri şəbəkəsi növbəti illərdə də əhəmiyyətli dərəcədə genişləndiriləcək.

Reabilitasiya sahəsində aparılan islahatlardan bəhs edən S.Babayev qeyd edib ki,cənab Prezidentin Fərmanı ilə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin yaradılması ekspertiza və reabilitasiya sahəsində xidmətlərin yeni optimal və təkmil model üzərində qurulmaqla daha çevik və keyfiyyətli, effektiv təşkilinə yönəlib. Bu islahat müvafiq sahədə mövcud resurslardan səmərəli istifadəyə, bərpa xidmətlərinin çeşidlərinin və əhatə dairəsinin genişlənməsinə xidmət edir.

Nazir reabilitasiya mərkəzlərində sosial-psixoloji reabilitasiya xidmətlərinin genişlənəcəyini deyib. O, reabilitasiya sistemində də elektron texnologiyaların geniş tətbiqi işlərinin aparıldığını bildirib. Diqqətə çatdırıb ki, "Reabilitasiya" altsistemi, ona uyğun veb-əsaslı növbəlilik sistemi, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi qurulur. Bu da reabilitasiya müəssisələrinə qəbulun e-qaydada şəffaf, obyektiv təşkilinə, reabilitasiya xidmətlərinə nəzarətin təkmil qurulmasına, reabilitasiya xidmətləri ilə bağlı bütün məlumatların e-platformada toplanmasına və s. imkan verəcək.

S.Babayev bildirib ki, əsas hədəf əlilliyi olan vətəndaşların məmnun qala biləcəyi effektiv, keyfiyyətli, tam şəffaf xidmətlər sisteminin yaradılması, reabilitasiya müəssisələrinin fəaliyyətinin əlilliyi olan şəxslərin yenidən əmək qabiliyyətli insanlar kimi cəmiyyətə qazandırılması prinsipi üzərində qurulmasıdır. Reabilitasiya müəssisələri müasirləşdirildiyi kimi, bu mərkəzlərdə çalışan işçi heyətinin də bilik və peşəkarlığının artırılması, reabilitasiya sahəsində effektiv metodlara, müasir nailiyyətlərə yiyələnməsi vacibdir. Eyni zamanda, bu mərkəzlərdə əlilliyi olan şəxslərə diqqət və qayğı ilə yanaşılmalı, onlar bu mərkəzlərdə özlərini doğma mühitdə hiss etməlidir.

İcra başçısı İ.Abbasov belə müasir reabilitasiya mərkəzlərinin yaradılmasının əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir göstəricisi olduğunu vurğulayıb.
Əlilliyi olan şəxslər onların sosial müdafiəsi tədbirlərinin ildən-ilə geniş vüsət almasına, sağlamlıqılarının bərpası üçün reabilitasiya imkanlarının artırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.

Müəssisədə müasir şərait yaradılıb və mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.