Kriminal

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu

29 Sentyabr 2026 19:53
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda məscid və ticarət mərkəzində iki mobil telefon oğurlayan H.V. barəsində hökm çıxarılıb.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş H.V. Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) ilə təqsirli bilinib.

İttihama görə, H.V. 2026-cı ilin yanvarında Bakı şəhərində yerləşən "Dəniz Mall"ın mənfi ikinci mərtəbəsindəki namaz otağına gedib. Orada bir şəxsin dəstəmaz almaq üçün otaqdan çıxdığını görüb. Həmin şəxsin gödəkçəsinin altında qoyduğu "iPhone 15 Pro Max" markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.

Oğurlanan telefonun dəyəri 1700 manat müəyyən edilib. H.V. daha sonra telefonu "28 May" metro stansiyası yaxınlığındakı telefon mağazalarından birində 440 manata satıb. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.

Bundan bir neçə gün sonra H.V. Bibiheybət məscidinə gedərək ikinci oğurluğu törədib. Bu dəfə dəstəmaz alan şəxsin gödəkçəsini asılqanda nəzarətsiz qoymasından istifadə edərək gödəkçənin cibindəki "iPhone 17 Pro" markalı telefonu götürüb.

Məhkəmə zamanı telefonun dəyərinin 3000 manat olduğu müəyyən edilib. H.V. bu telefonu da "28 May" metro stansiyası yaxınlığındakı eyni mağazaya 600 manata satıb.

Telefon mağazasının əməkdaşı məhkəmədə bildirib ki, H.V. özünü "Hacı" kimi təqdim edib. O, hər iki telefonu özünə məxsus olduğunu deyərək satıb. Mağaza əməkdaşı telefonların oğurluq olduğunu bilmədiyini, əks halda onları almayacağını bildirib.

H.V. məhkəmədə özünü qismən təqsirli bilsə də, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib və hər iki oğurluğu törətdiyini etiraf edib. Məhkəmə onun ifadələrini digər sübutlarla birlikdə qiymətləndirib.

Məlum olub ki, H.V. daha əvvəl də oğurluq cinayətinə görə məhkum olunub. Şirvan Şəhər Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını 2023-cü ildə başa vuraraq azadlığa çıxıb.

Məhkəmə əvvəlki məhkumluğun ödənilmədiyini nəzərə alaraq, yeni cinayətin residiv yaratdığı qənaətinə gəlib və bunu cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi də nəzərə alınıb.

Sonda məhkəmə H.V.-ni Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilərək ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Hökmdə H.V.-nin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Cəza müddəti 2026-cı ilin müvafiq tarixindən hesablanacaq.

Hökm qanuni qüvvəyə minənədək H.V. barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.