Cəmiyyət

Bir sinfin 23 şagirdi tələbə olmaq hüququ qazanıb - onlardan beşi 600 baldan yuxarı nəticə göstərib - VİDEO - FOTO

9 Sentyabr 2020 05:32
Baxış: 6 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olmaq üçün imtahanlarda iştirak edib və 25 şagirddən 23-ü tələbə olmaq hüququ qazanıb. Maraqlısı odur ki, həmin 23 şagirddən beşi 600 baldan yuxarı nəticə göstərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rayon üzrə ali məktəblərə qəbul imtahanlarında iştirak edən 443 abituriyentdən 21-i 600-dən, 46-sı isə 500-dən yuxarı bal toplayıb. Yüksək nəticə əldə edən məktəblər arasında isə şəhər 1 saylı təhsil ocağı xüsusi fərqlənib. Belə ki, İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin XIa sinfinin məzunları Rəmziyyə Ağazadə, Mövsümağa Mikayılzadə, Tərlan Muradlı, Nigar Məmmədova və Gülnar Məmmədova qəbul imtahanlarında 600-dən yüksək bal toplayıblar.

Məzunlar bu uğura görə məktəb direktoru Gündüz Qədirov tərəfindən təltif ediliblər. Direktor Gündüz Qədirovla söhbət zamanı bildirib ki, şagirdlərinin bu uğurları təhsil ocağının bütün kollektivini sevindirib. Bu uğur, eyni zamana, İsmayıllı təhsilinin, müəllimlərinin uğurudur.

Rayon üzrə ən yüksək nəticəni isə I ixtisas qrupu üzrə 673 balla şəhər 5 saylı tam orta məktəbin məzunu Səbinə Aydınova göstərib.

Səbinə Aydınova təəssüratlarını bölüşərək deyib: "Qarşıma məqsəd qoymuşdum ki, yüksək bal toplayım. Amma nəinki məktəbimiz, rayon üzrə də ən yüksək nəticə əldə etdim. Baxmayaraq ki, pandemiya dövrüdür, dərslər keçirilmir, mən evdə müəllimlərimlə birgə çalışaraq bu nəticəyə nail oldum. Bu uğuruma görə müəllimlərimə və valideynlərimə təşəkkürümü bildirirəm".

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev isə qeyd edib ki, pandemiya səbəbindən ölkəmizdə mart ayından ümumtəhsil məktəblərində dərs dayandırılsa da, müəllimlərin fədakar əməyi nəticəsində onlayn dərslər keçirilib və bunun nəticəsində uğurlar əldə edilib.

"İsmayıllı rayonunda 76 ümumtəhsil məktəbi var. Onlardan 46-sı tam orta məktəbdir. 46 tam orta məktəb üzrə 715 məzunumuz olmuşdu. Onlardan 443 nəfəri ali məktəblərə sənəd vermişdi. 323 şagirdimiz 200-dən yuxarı bal toplayaraq müsabiqədə işirak etmək hüququ qazanıb. İsmayıllı məktəbinin yetirmələrinin bu uğurları rayonda təhsilin inkişafı istiqamətində görülən işlərin bəhrəsidir", - deyə Rövşən Əliyev bildirib.

İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə də yüksək nəticələr qeydə alınıb. Belə ki, bir sinfin 19 şagirdindən 17-si imtahanlarda fərqlənərək tələbə adına namizəd olub. Onların 3-ü isə 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, İsmayıllının təhsil tarixində ilk dəfə olaraq bu dərs ilində 7 məzun məktəbi qızıl və gümüş medallarla bitirib. Sevindirici haldır ki, bu uğurlara ucqar kəndlərdə yerləşən Keyvəndi, Sumağallı, Buynuz və Gəraybəyli məktəblərinin şagirdləri də imza atıb. 2019-2020-ci tədris ilində İsmayıllıdan 9 abituriyent Rusiya Federasiyasının müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Onlardan bir nəfər İsmayıllı şəhər 1 nömrəli, 8-i Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin məzunlarıdır. Həmçinin Türkiyə universitetlərinə də sənəd verən məzunlar var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.