Cəmiyyət

Azərbaycanda koronavirusun ikinci dalğasıdır? - SUALLARA CAVABLAR

30 İyun 2020 14:05
Baxış: 6 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da koronavirusa yoluxanların sutkalıq sayında yeni rekord qeydə alınıb: nə az, nə çox - düz 45 min nəfər. Almaniyada ət emalı zavodunda koronavirusa total yoluxma səbəbindən 600 min insan karantin rejimindədir. İyuna qədər durumun nisbətən normal olduğu İsraildə ötən həftədən bəri karantin rejimi sərtləşdirlib.

Bütün bunlar həkimlərin və mütəxəssislərin aylardan bəri bəhs etdiyi "ikinci dalğa"dır.

Əslində isə situasiya daha mürəkkəb, hətta qarışıqdır. Bəzi, çox azsaylı ölkələrdə COVİD-19 koronavirus pandemiyasının ikinci dalğası yaşanmır, əksər ölkələrdə isə nəinki ikinci, hətta üçüncü dalğa var. Yaşananların universal səbəbi yoxdur.

Mütəxəssislər hər şeyin epidemiya ilə aparılan mübarizənin sistemi, karantin rejiminin miqyası və şərtlərinin yox, vətəndaşların davranışının həll etdiyini deyirlər.

Azərbaycan istisna deyil. Söz yox, bir sıra ölkələrdə karantin rejiminin şərtləri yumşaldılır. Fəqət, bu qərarlar sırf iqtisadi amillərlə bağlıdır. Məhdudiyyətlər iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çıkir, gəlirlər azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Bu perspektiv bir çox ölkədə sosial narazılığa yol açır. Bu ölkələrdə iqtisadi dayanıqlıq əhalinin sağlamlığı amilindən daha çox önəm kəsb etdiyinə görə, karantin rejimi yumşaldılır. Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülüb və görülməkdə davam edir. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.

Yoluxma sayında artım dinamikasının səbəblərinə gəldikdə isə, hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısa müddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

Fəqət, əfsuslar olsun ki, vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur. Hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir. Bu səbəbdən də karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.

Bir daha təkrar etmək məcburiyyətindəyəm: belə davam edərsə, mövcud vəziyyət, yəni məsuliyyətsizlik və eqoizm aradan qaldırılmazsa, karantin tədbirlərinin uzadılmasınna zərurət yaranacaq.

Və son olaraq koronavirus pandemiyası ilə bağlı sosial şəbəkələrdə səngimək bilməyən, demaqoq xarakterli "sual"lara cavab verməyə çalışaq. Həmin suallar arasında "Təcili tibbi yardım xidməti gec gəlir və yaxud gəlmir" xüsusi yer tutur.

Ölkənin səhiyyə sistemi çox qısa müddətdə koronavirusla mübarizəyə istiqamətləndirlib. Bu məqsədlə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar açıldı, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təminatı həyata keçirildi, müasir laboratoriyalar alındı, qorucu vasitələrin istehsalı təşkil edildi. Lakin hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malikdir. Koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur. Pandemiyanın pik nöqtəsi zamanı İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə kimi təqdim olunan ölkələrdə hətta ağır vəziyyətdə olan insanlar təcili tibbi yardım ala bilmirdilər, xəstəxanalarda yer çatışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdular.

Digər sual, daha doğrusu iddia belədir: "Xəstəxanalarda müalicə pis aparılır, həkimlər xəstələrə lazımi diqqət göstərmirlər". Heç bir əsası olmayan iddiadır. İlk əvvəl nəzərə alınmalıdır ki, heç bir ölkənin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artdığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. İstənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Bununla yanaşı, həkimlər aylarla xəstəxanalardan çıxmırlar, ailələrinin üzünü görmürlər, öz həyatlarını riskə atıb gecə-gündüz xəstəliklə mübarizə aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıblar, dəhşətli bəladan qurtulub öz ailələrinə qovuşublar. Bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər, lakin belə halları ümumiləşdirmək və bütün tibbi xidmətə şamil etmək əsassız və yolverilməzdir.

Digər iddia: "Niyə xəstəiyə yoluxmuş bütün şəxslər xəstəxanalara yerləşdirilmir?"

Cavab sadə, hətta çox sadədir: yoluxma hallarında müşahidə olunan yüksək intensivlik yeni protokolun tətbiqini zəruri etdi. Mövcud vəziyyətdə ancaq ağır vəziyyətdə olan şəxslər xəstəxanalara yerləşdirilir.  Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr isə həkim nəzarəti altında evdə müalicə almalıdırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub. 

Başqa bir məsələ evdə qalan asimptomatik xəstələrin vəziyyətinə nəzarətlə bağlıdır.

Ev karantini şəraitində olan asomptomatik xəstələrə kənar mühitlə təmas qadağan olunur. Onlara müalicə təyin edilir, müalicənin aparılmasına nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir. Xəstənin vəziyyəti diqqətdə saxlanılır, testlər götürülür.  Hər bir şəxs ailəsi, yaxınları, ətrafı və ümumilikdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Koronavirusa yoluxaraq ev karantini şəraitində müalicəsi məqsədəuyğun hesab edilmiş şəxslər mövcud qaydaları və tələbləri pazaraq digər şəxslərin həyatını təhlükəyə atmalarının məsuliyyətini dərk etməlidirlər. Digər tərəfdən, hazırkı SMS icazə rejimində analiz nəticələri pozitiv çımış şəxslərə bu və ya digər səbəbdən yaşadıqları ünvanı tərk etməyə icazə verilmir. Onların karantin rejiminə riayət edib etməməsinə sahə həkimləri tərəfindən nəzarət olunur.

Və ən nəhayət, "Dərmanlar tapılmır!" iddiası.

Koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün kifayət qədər dərman ehtiyatı var. Bununla yanaşı, bəzi hallarda vətəndaşlar müstəqil şəkildə, ayrı-ayrı şəxslərin tövsiyyələri əsasında müalicə olunmağa üstünlük verirlər ki, bunun da hansı ağır fəsadlara yol aça biləcəyi barədə dəfələrə TƏBİB tərəfindən xəbərdarlıq olunub. Bəzi şəxslərin apteklərdən külli miqdarda vəsait sərf edərək çoxlu sayda dərman preparatları alıb yığması halları da müşahidə olunur. Türkiyədə pandemiya başlayandan sonra vətəndaşların kütləvi şəkildə Hydroxychloroquine tərkibli preparatların alması halı müşahidə olundu. Buna görə də bütün əczaxanalardan həmin preparat geri alındı və mərkəzləşdirilmiş qaydada virusa yoluxmuş xəstələrə verilməyə başlandı. Vətəndaşlar bilməlidirlər ki, koronavirus xəstələrinin müalicəsi müvafiq protukola əsasən, xəstənin xüsusiyyətləri, yanaşı xəstəliyinin olub-olmaması, immun sisteminin vəziyyəti, hazırkı durumu nəzərə alınmaqla ixtisaslı həkimlər tərəfindən təyin olunur. Mövcud tələblərin nəzərə alınmaması hər bir fərd üçün ciddi fəsadlara səbəb ola bilər.  

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.