Cəmiyyət

Meksika mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub

17 Fevral 2020 08:53
0 Şərh     Baxış: 3 082

Meksikanın ən çox oxunan ingilisdilli "Pulse News Mexico" qəzetində Azərbaycanda keçirilmiş parlament seçkilərində müşahidəçi qismində iştirak etmiş jurnalist Tereza Marqolisin "Azərbaycanın yeni parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq" adlı məqaləsi dərc olunub.

Milli.Az bildirir ki, məqalədə jurnalist T.Gəncəliyevin daha 12 yaşında olarkən Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz ailəsi ilə birlikdə yaşadıqları evdən didərgin düşdüklərini oxuyucuların diqqətinə çatdırır. Həmçinin bildirir ki, Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı nəticəsində öz əzəli yurdlarından qəddarcasına qovulan səkkiz yüz mindən çox azərbaycanlı (onlardan yarısı uşaq olmaqla) arasında məhz T.Gəncəliyevin ailəsi də olub.

Jurnalist qeyd edir ki, T.Gəncəliyev və ailəsinin sahib olduqları hər şeyi itirdiklərinə və müvəqqəti qaçqın düşərgəsində yaşadıqlarına baxmayaraq onlar amansız erməni işğalının şanslı qurbanlarından idilər. Çünki onlar sağ qalmışdılar. "İşğalçı ermənilər tərəfindən vəhşicəsinə öldürülən, təcavüzə uğrayan və şikəst qoyulan 1400-ə yaxın silahsız əhali üçün isə bunları demək mümkün deyil" deyə jurnalist vuğulayır.

Məqalədə habelə Azərbaycan əhalisinə qarşı törədilmiş bu etnik təmizləmə aktının beynəlxalq ictimaiyyət tərəfindən tanındığı, BMT TŞ tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çixarılmasını tələb edəb dörd qətnamənin qəbul edildiyi, lakin bugünə qədər Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmadığı, Azərbaycan torpaqlarını işğal etməyə davam etdikləri vurğulanır və bütün bunlara baxmayaraq Azərbaycanın münaqişənin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğu qeyd olunur.

Məqalədə illər boyu Azərbaycanın Ermənistanla danışıqlar vasitəsilə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı deyilir.

Həmçinin qeyd olunur ki, 9 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində Azərbaycan xalqı Ermənistan işğalına birdəfəlik son qoyacaqlarına söz vermiş namizədlərə səs veriblər. Yeni seçilmiş parlament üzvlərindən birinin də 30 il öncə ailəsi ilə birlikdə gecə yarısı işğalçı ermənilərdən dəhşət içində qaçmış və qeyri-müəyyən gələcəyi olan o gənc oğlan - Tural Gəncəliyev olduğu bildirilir. Seçkilərdə 56.7% səs çoxluğu ilə qalib gəlmiş, Qarabağın Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyevin əsas mandatının işğal olunmuş Azərbaycan torpaqlarının erməni işğalçılarından azad olunması olacağı vurğulanır.

T.Gəncəliyevin "Pulse News Mexico" qəzetinə verdiyi müsahibəyə istinad edilərək qeyd edilir: "Qarabağ regionun əhalisi, qaçqınlar öz yurdlarına qayıtmağı gösləməkdən yorulublar. Bir çoxlarının səbri tükənib, bir çoxları isə öz ana vətənlərini görəcəyinə ümidlərini itirib".

T.Gəncəliyev həmçinin müsahibəsində Azərbaycanın ilk növbədə münaqişəni sülh və danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd edərək bildirib: "Ermənistanla danışıqlara açığıq və Qarabağda yaşayan etnik ermənilərə bildirmək istəyirik ki, onları oradan çıxarmaq niyyətimiz yoxdur. İşğaldan öncə yüzillər boyu olduğu kimi, yenə də onlarla sülh içində yaşamaq istəyirik. Lakin təzyiq yaranarsa erməniləri Azərbaycan torpaqlarından zorla çıxarmalı olacağıq. Torpaqlarımızı geri qaytarma üçün nə etməliyiksə onu da edəcəyik. Bunun üçün bir az daha zamana ehtiyacımız var, lakin bu məsələ həll olunmalıdır".

Məqalədə həmçinin Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyevin sözlərinə istinad edilərək, münaqişənin həllində Azərbaycanın beynəlxalq dəstəyə ehtiyacı olduğu, Rusiya, ABŞ və Avropa müdaxilə etmədikcə, məsələnin öz həllini tapmayacağı deyilir.

Müəllifin fikrinə görə, iqtisadi cəhətdən Rusiyadan asılı olan Ermənistan Azərbaycanla yaxınlaşarsa, bu Yerevanın enerji resurlsarına çıxış və daha böyük iqtisadi (və böyük ehtimalla həm də siyasi) müstəqillik əldə etməsinə səbəb ola bilər.

Həmçinin məqalədə Dağlıq Qarabağda separatçıların müstəqillik tələbinin qondarma dövlət yaratmaqla Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının rəsmiləşdirilməsi cəhdi kimi qiymətləndirildiyi qeyd olunur.
Münaqişənin özəyində dərin yara və qarşılıqlı inamsızlığın dayandığını qeyd edən jurnalist, Ermənistan və Azərbaycan xalqları ən azından bir-birini bağışlamağı öyrənmədikcə münaqişənin tez bir zamanda həllinə çox az ümidinin olduğunu söyləyir.

Məqalənin sonunda T.Gəncəliyevin erməni işğalının qurbanlarının münaqişənin həllini və öz torpaqlarına qayıtmaq istədiklərini, Azərbaycan xalqının səbrli və sülhsevər olmasına baxmayaraq, sonsuza qədər gözləməyə taqətlərinin qalmadığını söylədiyi qeyd olunur.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.