Cəmiyyət

Salyan sakini tullantılardan maraqlı əl işləri hazırlayır - VİDEO - FOTO

25 Dekabr 2019 23:50
0 Şərh     Baxış: 1 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyan sakininin maraqlı hobbisi var. O, tikinti tullantılarından, yararsız materiallardan müxtəlif əşyalar hazırlayır. Bu istedadlı insan yaşadığı evin həyətində möhtəşəm kompozisiya da yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Salyan şəhərində yaşayan 75 yaşlı Adil Kazımov ixtisasca sürücüdür və 20 ilə yaxın bu işlə məşğul olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu peşə ilə vidalaşdıqdan sonra digər işlərə maraq göstərib. İşsiz qala bilmədiyini söyləyən Adil kişi deyir ki, o vaxtdan bu günədək həyətini lazımsız tikinti tullantıları ilə bəzəməyə başlayıb. Bu işə əvvəldən də marağı olub. O, heç kimin istifadə etmədiyi, gərəksiz bildiyi tikinti tullantılarından divarlarda bir-birindən maraqlı, rəngarəng kompozisiyalar yaradıb. Həyətə daxil olanda sanki sirli-sehrli bir dünyaya, necə deyərlər, nağıllar aləminə düşürsən.

"Bu sənətlə həvəskar kimi məşğul oluram. Lazımsız əşyalardan maraqlı əl işləri düzəldirəm. Əvvəllər qarşıma çıxan gərəksiz və atılan əşyaları toplayardım. Sonra onlardan istifadə etməyə başladım. Bu bacarığım dostlarım və tanışlarım tərəfindən bəyənildi və daha da həvəsləndim. Bu işə nəvələrim də maraq göstərir", - deyə Adil Kazımov qeyd edib.

Adil dayı evin fasadını, hasarları kafellə bəzəməklə yanaşı, həyətdəki yarımtikililərin də içərisinə əl gəzdirib. Maraqlıdır ki, iş görən zaman divarlarda lazımsız əşyalardan da istifadə edir. Hazırladığı kompozisiyalar isə bir-birini tamamlayır: "Mənim rəssamlıq zövqüm də var. Qabaqcadan görürəm ki, bu tikiliyə bu əşyanı əlavə etsəm daha yaraşıqlı alınar. Əl işimə baxanlar mən deməsəm, onun tullantılardan hazırlandığını hiss etmirlər."

Salyan sakini başqalarının lazımsız, tullantı olduğunu düşündüyü əşyalara fərqli gözlə baxır, fantaziyalar yaradır. Onun şam ağacının qozalarından düzəltdiyi rəngarəng quşlar, çilçıraqlar və bəzək əşyaları da bu fantaziyanın məhsuludur. O, özünü dekorativ tətbiqi sənət sahəsində həvəskar sayır.

Adil Kazımovun 100-də çox əl işi var. Qəhrəmanımız deyir ki, insanlar gərək çölə atılacaq tikinti tullantılarını, əşyaları lazımsız, gərəksiz sanmasın. Onlara yenidən can verib nəyəsə nail olmaq olar. Yetər ki, buna sevgi ilə yanaşasan, həvəs göstərəsən.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.