Cəmiyyət

"Azərbaycan daim bizim qəlbimizdə olacaq" - VİDEO - FOTO

21 Avqust 2019 23:00
0 Şərh     Baxış: 1 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikamızda turizm sahəsinin hərtərəfli inkişafına yönələn dövlət siyasəti bölgələrə turist axınını sürətləndirib. Turistlərin rahatlığı üçün regionlarda müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı ildən-ilə artır. Bu günlərdə Lənkəran şəhərinə təşrif buyurmuş polşalı turistlər bölgənin gəzməli-görməli yerləri ilə yanaşı, folklor nümunələri ilə də tanış olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yay turizm mövsümündə cənub bölgəsinə turistləri cəlb etmək məqsədilə bir-birindən maraqlı layihələr həyata keçirilir. Avropanın və dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn turistlər cənub bölgəsini də görmək arzusunda olurlar.

Cənub zonasına üz tutan 15 nəfər polşalı turist bölgənin folkloru ilə tanış olmaq üçün Lənkəran rayonuna gəlib. Bu məqsədlə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən onlar üçün maraqlı turlar təşkil edilib.

Polşalı qonaqlar şəhərin görməli yerlərinə baş çəkdikdən sonra bölgənin adət-ənənələri və zəngin folkloru ilə də yaxından tanış olublar. Xarici qonaqlar rayonun Separadi kəndində məşhur "Nənələr" folklor kollektivinin üzvləri ilə görüşüb, yerli sakinlərin adət-ənənələri, mətbəx mədəniyyəti, yaşayış şəraiti barədə ətraflı məlumat alıblar. "Nənələr"in ifasında səslənən qədim el mahnıları turistlərin zövqünü oxşayıb.

Polşalı turist Rişad Balşiniski təəssüratlarını bölüşərək deyib: "Sizin dadlı yeməklərinizlə, gözəl təbiətinizlə, gülərüz insanlarınızla, folklorunuzla tanış olduq. Çox xoşbəxtəm ki, bura gəldim, belə zənginliyi gördüm. Hər şeyi bəyənirik. Ümid edirəm ki, bir daha buraya gələcəyəm. Hər şey üçün təşəkkür edirik".

Alisiya Opalinska da gördüklərindən məmnundur. "Biz sizin ölkənizi çox bəyəndik. Polşanın iqlimi sizin ölkənin iqlimindən fərqlidir. Sizin çox gözəl folklorunuz da var. Nənələr yaşlarına baxmayaraq çox gözəl oxudular. Öz ölkəmizdə burada gördüklərimiz haqqında danışacağıq. Azərbaycan daim bizim qəlbimizdə olacaq. Hər şey üçün sizlərə təşəkkür edirik", - deyə o bildirib.

Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən bölgəyə gələn əcnəbi qonaqlar üçün bu formatda turlar tez-tez təşkil olunur.

Mərkəzin direktoru İlqar Əzimov cənub bölgəsinin mirvarisi hesab olan Lənkərana gündən-günə daha çox turistin gəldiyini deyir: "Bu turistlərin arasında əcnəbilər çoxluq təşkil edir. Xüsusilə son dövrlərdə Avropadan olan turistlər çox gəlir. Qeyd edim ki, artıq bu ildən başlayaraq Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən avropalı turistlər üçün etnoqrafik turizm üzrə turlar təşkil olunur. Avropalı turistlər xüsusilə Lənkəranın folkloruna, adət-ənənəsinə böyük maraq göstərirlər. Bu turlar davamlı olaraq müxtəlif istiqamətlərdə nəzərdə tutulur".

Polşalı turistlər Azərbaycandan əvvəl qonşu ölkələrdə də olduqlarını qeyd edərək , Lənkəranda onlara daha maraqlı və mənalı istirahət turunun təqdim olunduğunu vurğuladılar.

Qonaqlar "Nənələr"lə çay süfrəsi arxasında görüşlərini başa vurub, Lənkəranın çay plantasiyaları və çay fabriki ilə də tanış olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.