Cəmiyyət

Azərbaycanda qısa ətək qalmaqalı: "Avropa standartı", yoxsa seksizm?

25 İyun 2019 21:33
4 Şərh     Baxış: 2 152

Azərbaycanda bir neçə gündür ki, avtoservis şirkətinin uniforması müzakirə olunur. Sözügedən uniforma don, qısa ətək və hündürdaban ayaqqabı və köynəkdən ibarətdir.

Adının çəkilməsini istəməyən gənc xanım iş tapmaq üçün tərcümeyi-halını işəgötürmə saytlarından birində yerləşdirib. Bundan sonra onu işə dəvət ediblər.

"Mayson Car Club" şirkəti xanıma avtomobil servisində administrator vəzifəsi təklif edib və işin şərtləri barədə elektron məktub göndərib.

Məktubda işin məlumatları qeyd olunmaqla yanaşı iş zamanı geyiləcək uniformanın modelləri də qeyd olunub.

Şəkillərdə uzunluğa görə artan altı ədəd ətək və dabanının hündürlüyünə görə sıralanan dikdaban ayaqqabı modelləri qeyd olunub. Bu modellərdən yalnız iki ən qısa ətək modeli və iki dabanı ən hündür ayaqqabının geyinilməsinə icazə verildiyi vurğulanıb.

Sosial media istifadəçilərindən bəziləri bunu işəgötürmədə seksist yanaşma - cinsi ayrı seçkilik hesab etsə də, bəziləri bunun "şirkətin adi geyim qaydaları" olduğunu deyir.

"Şirkət Avropa standartlarına uyğun işləyir"

"Mayson Car Club" şirkətinin rəhbərliyi BBC News Azərbaycancaya deyib ki, "şirkət Avropa standartlarına uyğun işləyir və iş geyimləri də konseptə uyğun seçilir".

"Şirkət Avropa standartları ilə işləyir, iş yerində bütün təhlükəsizlik tədbirləri görülüb, kameralar quraşdırılıb. Qadın müştəriləri nəzərə alaraq administrator vəzifəsinə qadın işçi elanı vermişik", - rəhbərlik söyləyib.

Şirkət nümayəndəsi deyir ki, "dövlət tərəfindən qadağa qoyulmayıbsa, bu cür işləyə bilərik".

"Necə ki, prezident deyib ki, gəlin Azərbaycanı bir yerdə irəli çəkək, biz də çalışırıq irəli çəkək", - şirkət rəsmisi deyib.

"Qadının bədəninin obyektivləşdirilməsidir"

Gender məsələləri üzrə mütəxəssis Nisə Hacıyeva deyir ki, şirkətin geyim qaydaları ətəyin uzunluğuna yox, geyimin tərzinə və ya rənginə aid olmalı idi.

O söyləyib ki, "ətəyin qısalığını qadının bədəninin obyektivləşdirilməsi" hesab edir.

"Bu, qadının bədəninin əşyalaşdırılmasıdır ki, yəni, qadın mütləq ayaqlarını göstərməlidir ki, başqalarına xoş gəlsin. Bunu "dress code" kimi qəbul etmək düzgün deyil".

Nisə Hacıyeva deyir ki, Azərbaycanda qadınlara qarşı diskriminasiya mövcuddur və bu, təkcə "ətəklə məhdudlaşmır".

"Bu işə niyə məhz qadın işçi tələb edilir? Bu işi görmək üçün niyə məhz qısa ətək geyinməlidir? Qadınların işə qəbulunda işin vəzifə öhdəliklərində gender rol oynamasa da fərq qoymaq, qadının məsələn, ailə həyatı barədə öyrənmək və s. bunlar diskriminasiyadır. "

iş yerində dress code geyim qadağası"Mayson Car Club" şirkətinin administrator vəzifəsində işləyən işçidən tələb etdiyi geyim normaları

"Problemi şirkətdə yox, qanunvericilikdə axtarmaq lazımdır"

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov sözügedən məsələnin "dramatikləşdirildiyini" düşünür.

"Dünya praktikasında həm dövlət orqanlarında, həm kommersiya qurumlarında dress kod deyilən geyimə dair tələblər müəyyən olunur. Azərbaycan qanunvericiliyi isə bunu tənzimləmir. Bu, qanunla tənzimlənmirsə, burada problemi geyim tələblərini müəyyən edən şirkətdə yox, bizim qanunvericilikdə axtarmaq lazımdır".

Cənab Məmmədov söyləyir ki, qanunvericilikdə iş yerində geyimə qarşı ümumi tələblər qeyd olunsaydı, o zaman bu şirkət qanunu pozmuş olardı.

O hesab edir ki, geyim haqda ümumi qaydalar yaradılmalı və orada "Azərbaycanın milli xüsusiyyətləri və adət-ənənələri də nəzərə alınmalıdır".

"Qadınlara kişilərdən daha çox qadağa və tələblər qoyulur"

Feminist fəal Fidan Nəzərin fikrincə, "tələblərdən yola çıxaraq ancaq qadının iş yerində "seksual obyekt" kimi qiymətləndirilməsini görürük".

"Bu haqda qanunvericilikdə xüsusi maddə yoxdur. Tamamilə din və mentalitetin cəmiyyət və dövlət tərəfindən Azərbaycanda qadını XXI yüzillikdə hansı səviyyəyə endirdiyi ilə bağlıdır. Bizim marketinq səviyyəmiz bədən, əxlaq və gözəllik tabularına sıxışdırılıb".

Onun sözlərinə görə, Azərbaycanda iş yerlərində qadınlara geyim qaydaları barədə kişilərdən daha çox qadağa və tələblər qoyulur.

"Qadınların ətəyinin uzunluğuna, ayaqqabının dikdabanına, makiyaja, saç stilinə qarışırlar. Hələ pirsinq və döymə problemlərini açmıram. Bir kişinin ofis qaydaları daxilində səliqəli görünməsi ilə eyni tələbin qadının üstündəki təzahürü eyni deyil.

Məsələn, ötən günlərdə Türkiyədə bir vəkilin sözünü kəsib onun ətək ölçüsünə "dizindən 15 sm yuxarıdadır" kimi absurd tənqid yağdıran mühafizəkar hakim işindən məhrum edildi. Azca da olsa ədalətin olduğu yerlərdə belə məsələləri məhkəmə həll edir".

"Mayson Car Club" şirkətindən deyilib ki, "həkim, müəllim, kosmonavt və digər peşələrin sahiblərinə xüsusi uniforma tələblərinə dünyanın hər yerində rast gəlinir və bu, normal haldır".

"Adatən "dress code" tələblərini satış, marketinq və ya iş rejiminin meyərları formalaşdırır. Biz "qısa" və "hündür" kimi terminləri adətən işlətmirik. Həmçinin heç bir ölçü vahidləri göstərilməyib. Subyektiv yanaşmada sizin üçün qısa olan digər insan üçün uzun ola bilər", - şirkətdən bildirilib.

Şirkətin məlumatında deyilir ki, "uniformaların işçilərə rahat, komfortlu və zövqlərinə uyğun" olmasına çalışılır.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    " · 25 İyun 21:5230

    Bu geyimdə,xüsusilə də bu hündürlükdə dabanla necə administrator işləmək olar?Onda bu işçi işi haqda yox,geyimi haqda düşünməli olacaq.Bir insan bütün iş günlərini hündür daban və qısa geyimlə məhdudlaşdıra bilməz.Bəs saç düzümü hansı formada olmalıdı?O da maraqlıdı

    Cavab yaz
  • Anonim
    Tural · 25 İyun 22:2121

    şirkət uzun paltar niye geyinmir. hanı dövlət qurumlar

    Cavab yaz
  • Anonim
    Hara · 25 İyun 23:4650

    Bu seksizimden başqa birşey deyil, Vallah men döze bilmirem,

    Cavab yaz
  • Anonim
    Anonim · 26 İyun 01:0710

    Adamin ayaqlari sisere

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.