Milli.Az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir
Suvon (Suwon) Cənubi Koreyanın paytaxtı Seuldan 30 km cənubda yerləşir. Bu şəhəri məhşur qılan Samsung şirkətinin Mənzil Qərargahının burada yerləşməsidir. Samsung deyəndə ağla ilk olaraq mobil telefon gəlir. Ancag bu markanın adı ilə onlarla məişət avadanlığı, telekommunikasiya ciihazları da istehsal olunur. Şirkətin dünyanın 60-a yaxın ölkəsində 120-dən çox ofisi var ki, onlar da buradan idarə olunur. Ancaq bura həm də şirkətin beyni, ideya və innovasiyalar mərkəzidir. Dünyadakı bir çox texnoloji trendlər məhz bu mərkəzdə, burada çalışan gənc super-zəkalar tərəfindən hazırlanır. Bu uşaqlar sayəsində həyatımıza girən texnoloji yeniliklər bizə yaşamağı daha zövqlü və asan hala gətirir.
Adil Əliyev mənim gənc dostumdur. Atası və anası kimi o da BDU-nun "Tətbiqi Riyaziyyat"ını bitirib. Üç ildir ki, "Samsung Electronics"də Mobil Kommunikasiyalar Bölməsində aparıcı mühəndis (Mobil Communication Business, Senior Engineer) olaraq çalışır. Adilin Bakıdan Cənubi Koreyaya gedib çıxması təsadüfi deyil. Böyük şirkətlərdə İnsan Resursları Departamenti (HR) ən önəmli bölümlərdən biridir. Onların əsas vəzifəsi istedadlı universitet tələbələrini tapıb seçmək, şirkətlərinə qazandırmaqdır. İlon Maskın sağ əli, əfsanəvi Dolli Singh olmasaydı, SpaceX bu gün tarix yaza bilərdimi? "Samsung Electronics"in "Miss Dolli"si də Adili tapıb, onu Bakıdan Suvona dəvət edir. Ancaq iş bununla bitmir, Adili daha sonra 7 ay müxtəlif testlərə tabe tutur, intervyulara salırlar. Ən axırda da hələ bir təcrübə də keçir - İnsanı seçib, önünü açanda, gələcəyə hazirlayanda da belə edərlər, elə deyilmi?
SpaceX, Samsung, Apple, Google kimi dünya devləri işçi axtararkən ən çox A tipli özəllikləri olan mütəxəssis axtarırlar. Mayer Fridman və Rey Rozenman adlı amerikalı kardioloqların təsnifatına görə A tipli insanlar iddialı, yüksək statusa can atan, fəal, mütəşəkkil, intizamlı, narahat, səbrsiz, həlli çətin məsələlərdən çəkinməyən, dəqiq və başqalarından da dəqiqlik tələb edənlərdir. Adilin hansı tipə aid olduğunu istedadlı mütəxəssislər arayan "insan ovçularına" buraxıram. Və əgər ki, "Samsung" bir azərbaycanlı gənci seçibsə, onun zəkası haqda əlavə söz deməyə ehtiyac yoxdur.
Suvon İstanbuldan 6 saat irəlidədir. Buna baxmayaraq Adillə tez-tez zəngləşir, mesajlaşırıq. Bir müddətdir ki, düşüncələri onu Qərbə çəkir. Adil artıq süni intellektə yönəlmək istəyir, iddialarına şəkil vermək istəyir. Arabir mən də onu uzaqdan həvəsləndirir, dəstəkləyirəm. Müvəffəq olacağına inanıram, ancaq önəmli bir seçim etməlidir: karyerasına harda davam etməlidir, Amerika yoxsa Avropada?
Bu gün süni intellektlə ən çox Almaniya, Fransa və İngiltərədə məşğul olurlar. Güclü beyinlər buradakı elmi mərkəzlərə toplanıblar. Amerika da geri qalmır, orada bazar da böyükdür, elmi yenilikləri tətbiq etmək asandır, istehsalata tətbiq ediləcək ideyalar üçün investisiya tapmaq da problem deyil. Süni intellektin yeni cazibə mərkəzlərindən biri də Kanadadır. "Süni İntellekt Mafiyası" adlandırılan 3 böyük alim - Yoshua Bengio, Yann Le Cun və Geoffrey Hinton Kanadada çalışırlar. Onlar 2015-ci ildə nüfuzlu "Nature" jurnalında "Deep Learning" adlı məqalə dərc ediblər (https://www.nature.com/articles/nature14539). Hazırda dünyanın bir çox süni intellekt mərkəzləri bu məqalədəki ideyaların üzərində çalışırlar - sürücüsüz maşınlar, google translate, xərçəngi diaqnostika edən cihazlar, insanın beynindən keçənləri oxuyan aparatlar və s.
Ölkə seçimini doğru etmək lazımdır, buna görə də başı qarışıqdır bir az Adilin...
* * *
Bir neçə gün əvvəl Adil "Ay Tanrısı Çanye" adlı məqaləmi (http://ayna.az/2019/ay-tanrisi-canye/) oxuduğunu yazdı mənə. Çinlilərin tarixdə ilk dəfə olaraq Ayın Cənub qütbünə (Qaranlıq tərəfinə) "Chang'e 4" zondunu endirmələrini böyük hadisə adlandırıb, məqalədəki bir məqamın gözündən qaçmadığını söylədi. Məqalədə Çin mifologiyasında Hou İ adlı bir cəngavərin xalqını quraqlıqdan xilas etdiyi üçün İmperator tərəfindən ölümsüzlük eliksiri ilə mükafatlandırılmasından yazmışdım. Və Adil mənə baxın nə sual verdi: "Nə üçün Şərq nağıl və əfsanələrində padşahlar zalım və əzazil, Çin və Koreyada isə mərhəmətli, əliaçıq və mistik qüvvəyə malikdirlər?". Nə cavab verəcəyimi düşünürdüm ki, macal verməyib davam etdi:
"Bir gün koreyalılarla söhbətdə Kral Seconqun adını çəkdim, mənə irad tutdular ki, o böyük adamdır, onu adı ilə çağırmaq olmaz, ona Seconq Deuanq (Ulu Seconq və ya Böyük Seconq) demək lazımdır. O zaman çox əhəmiyyət vermədim, amma sonra hər dəfə Koreya və Çin əfsanələri oxuyanda gördüm ki, onlar öz rəhbərləri haqqında əsasən müsbət şeylər yazırlar. Onlar əfsanə və nağıllarda mistik gücə sahib olur, xalqa xidmət edir, yaxşı əməlləri ilə ad çıxarırlar".
Həqiqətən də bizim nağıl və dastanlarımızda padşahlar zalım, vəzirlər hiyləgərdirlər. Sovetin dağılması ilə ölkənin yarısı bircə andaca "şah", "xan", "bəy" və "zadə" oldular. Bunlar o adamlardırlar ki, ağaları, bəyləri qırdılar, "donos" yazıb tutdurdular, axırına çatdılar, sonra gəlib "ağa, bəy" oldular. Qul qafası və qul təfəkküründən qurtulmadan yerindən duran Bəy oldu. Natamamlıq kompleksi pis şeydi, adamı yoldan çıxarır, məsələn, ana dilindən üz döndərtdirir, Stokholm sindromuna yoluxdurur və s. Belələri bacarsalar "fəmillərinin" qabağına Qraf, Knyaz da yazdırarlar - "Utanmasan oynamağa nə var ki?". Bu qədər çox marazm görəndə natamamlıq kompleksinin sanki bizim üçün yaradıldığını düşünür insan istər-istəməz.
Natamamlıq kompleksinin səbəbini bəlkə bizim nağıl və dastanlarda aramaq lazımdır? Dədə Qorqud dastanında zalım padşah, hiyləgər vəzir söhbəti yoxdur sanki. Bəs bu mənfi obrazlar bizim nağıllara necə giriblər, daha doğrusu, niyə onlar neqativ personajlara çevriliblər? Yoxsa burdadamı sovetin əli var, yoxsa yenə də hər şey gedib çürük bolşevik ideologiyasına çıxır? Məsələyə sosioloji və ya psixoloji aspektdən baxılmalıdır yəqin. "Ov" və "yev"i atıb, qulağa xoş gələn sonluqlar götürməklə böyür-başımız "yapmacıq əsilzadə və zadəganlarla" doldu. Nağıllarda zalım, əzazil, despot, qansız və cani olan padşahlar, ağalar və bəylər gerçək həyatda iftixar, öyünmə və qürur mənbəyi oldular. Azərbaycan dastan və nağıllarının məşhur tədqiqatçısı, folklorşünas, mərhum Əhliman Axundov həyatda olsaydı, ona çox suallar verərdim.
* * *
"Matrix" filmini seyr etmiş insanlara gələcək haqda ürəkaçan şeylər söyləmək çətindir. Süni intellektə sahib robotların dünyanı ələ keçirmələri, insan beyninin kodlaşdırılaraq kompüterlərə yerləşdirilməsi, yaşadığımız dünyanın əslində bir strateji oyunu olması haqda ssenarilər adamları Qaranlıq Gələcək haqda qorxulu perspektivə inandırır. Texnoloji dünyasının zirvədəki üç nəhəng ismi - Mark Zukerberq, Larri Peyc və İlon Mask gələcəklə bağlı fərqli düşüncələrə sahibdirlər. Əgər Zukerberq və Peyc süni intellektin bəşəriyyəti aydın gələcəyə gətirəcəyini deyirlərsə, Mask daha çox qaranlıq ehtimallara inanır.
Süni intellektlə bağlı riyaziyyatçılar arasında belə bir zarafat var:"Süni intellekt üzərində çalışanların öz intellektləri nə qədərdir?". Böyük fiziklərdən birinin sevdiyim kəlamını xatırlayıram:"Övladlarının ağıllı olmasını istəyirsənsə, ona nağıl danış. Parlaq zəkalı olması üçünsə onlara daha da çox nağıl danış". İmkan olsa, Adilin anasına sual edəcəm ki, balaca ikən oğluna çoxmu nağıl danışıb. Verdiyi cavabdan asılı olmayaraq bir şeydən tam əminəm - Adil öz intellekti ilə üzərində çalışacağı süni intellektlə böyük işlər görəcək.
Naum Çomski (ing. Naom Chomsky) dünyanın ən çox iqtibas gətirdiyi alimlərdəndir, ona "Linqvistikanın Eynşteyni" deyirlər. 90 yaşındakı alim Massaçusets Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology) professorudur, dərs deyir, kitablar yazır.
Onun bu məhşur kəlamını xatırladım:"Nikbinlik strategiyadır. Əgər siz gələcəyin yaxşı olacağına inanmırsınızsa, gələcəyin yaxşı olması üçün siz heç vaxt addım atmayacaqsınız. Əgər ümidiniz yoxdur deyirsinizsə, onda ümidiniz olmayacaq. Seçim sizindir".
* * *
Paytaxt Seulun mərkəzində Kral Seconqun möhtəşəm heykəli ucalır. Qonaqlara onun haqqında bir əfsanədən danışırlar. XV əsrdə Kral Seconq alimlərə əlifba yaratmaq haqda tapşırıq verir. İndiki Hanqlı əlifbasının əsası da elə qoyulur. Hanqlı əlifbasındakı hərflərin tələffüz edilərkən insan dilinin ağız boşluğunda hansı formaya düşdüyünə görə dizayn edilidiyini deyirlər. Elə buna görə də koreyalılar Hanqlının dünyanın ən kamil əlifbası olduğunu iddia edirlər.
Mən Hanqlının nə qədər kamil olub-olmaması haqda heç bir fikir yürüdə bilmərəm. Bu haqda suallarımı Naum Çomskiyə (Naom Chomsky) vermək istərdim. Adillə Çomskidən danışacam ilk fürsətdə, çünki "Artificial Intelligence" dünyasına qədəm basacaq riyaziyyatçı dostum mütləq bu nəhəng alimin "saqqalının altından" keçməlidir. Düşündükcə təbəssüm edirəm, deyirəm ki, yüksək intellekt sahibi Adil bir də intellektin sünisi ilə məşğul olacaq.
Yolların açıq olsun, iki intellektli Adil!
Milli.Az