De: "Doğrudanmı siz bizə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz, biz də sizinlə birlikdə gözləyirik".
Qurani Kərim ("Tövbə" surəsi, 52-ci ayə)
İlk dəfə bu pıçıltını uşaq vaxtı eşitmişdim. Məktəbdən bizi ekskursiyaya aparmışdılar. Sinif yoldaşlarımla açıq havada, çəmənlikdə oturub oyun oynayırdıq. Oyunun şərtlərinə görə, uduzan tərəf öz oyuncaqlarından, ya da məktəb ləvazimatlarından hansısa bir əşyanı qarşı tərəfə verməli idi. Həmin gün heç bəxtim gətirmirdi. Tezliklə bütün əşyalarımı yoldaşlarıma uduzdum. Anam bu oyunu oynamağımı qadağan eləmişdi. İndi evə əliboş qayıtmağımı ona necəsə izah etməli olacaqdım. Amma hələ qalib gələ bilərdim. Əlimdə qalan yeganə əşyam köhnə bir pozan idi. Onunla da şansımı yoxladım. Yenə də bəxtim gətirmədi. Pozanı uduzduğum yoldaşıma uzatdım. Götürdü, bir xeyli nəzərdən keçirdi və geri qaytardı.
"Nə gündədir! Bunu istəmirəm!" - dedi.
"Özün bilərsən. Olanım budur", - deyə cavab verdim.
"Hm... Deməli, heç nəyin qalmayıb. Onda... aha, tapdım!" - gözlərimi süzdürərək "Görəsən yenə nə boşboğazlıq edəcək?" deyə fikirləşdim.
"Onda oturduğun yerdən dur və yerini mənə ver!"
Və eşitdim... Heç vaxt duymadığım bir pıçıltı... Bu səsdə həm nəvaziş var idi, həm də qətiyyət. Həm xahiş, həm də əmr edirdi. Həm küskünlük, həm də sevgi duyulurdu. Çaşıb qaldım. Əllərimlə qulaqlarımı örtdüm. Xeyri yoxdur. Yenə də eşidirdim. Qulaqlarım bağlı halda, başımı yerə qoydum ki, bəlkə, səs kəsilər. Aman Tanrım! Bu səs elə torpaqdan gəlirmiş ki!
Qətiyyətlə başımı qaldırdım və boğuq bir qışqırıqla "Yooox! Ölsəm də vermərəm!" dedim. Sinif yoldaşımın üstünə atılıb onu əzişdirməyə başladım. Üstündə oturduğum o bir qarış torpağı başqasına vermək fikri məni dəliyə çevirmişdi. Yoldaşlarım və müəllimim isə həmin gün məni günahkar hesab etmişdilər. Vecimə də deyildi. Əsas odur ki, pıçıltının səsi azalmışdı....
***
Ali məktəbi yenicə bitirmişdim. Nə qədər gözləsəm də, hərbi xidmətə çağırış kağızı göndərilmirdi. Səbəb isə sağlamlığımla bağlı idi. Həmin günlərdə nə qədər utandığımı bir Tanrı bilir. Yoldaşlarım bir-bir əsgərliyə yollanır, mən isə bütün gün evdə oturub gözləyirdim. Özümü gərəksiz, istifadə müddətini başa vurmuş bir əşya kimi hiss edirdim. Üstəlik, pıçıltı gecə-gündüz mənə rahatlıq vermirdi.
Nəhayət, gözləməkdən yoruldum. Özüm məsul orqanlara müraciət elədim. Sağlamlığımın yerində olduğunu, Vətənin müdafiəsinə tam hazır olduğumu əsaslandırdım. Və tezliklə, mən də ordu sıralarına qatıldım. Özü də cəbhədə!
Əsgərliyə gələndən sonra pıçıltı səsi nisbətən azalmağa başladı. Burada özümü qəlibimdə hiss edirdim. Əgər insan mənalı bir ömür sürmək istəyirsə, mütləq həyatda məqsədi olmalıdır. Onun üçün müqəddəs dəyərlər, amallar, qorumağı öhdəsinə götürdüyü "toxunulmazlar" olmalıdır. Mənim toxunulmazlar siyahımda Vətənim hər zaman birinci yerdə gəlib.
***
O gecə dəhşətli bir pıçıltı səsinə oyanıram. Çox keçmir ki, aramsız güllə səsləri də pıçıltıya qoşulur. Həmişəki kimi hamıdan birinci anlayıram - düşmən növbəti dəfə atəşkəsi pozub. Həm pıçıltı, həm də hiss etdiyim hiddət dayanmadan artır. Qarabağımızı əlimizdən aldıqları, günahsız insanlarımızın canına qəsd etdikləri, illərdir ürəyimizə sağalmaz dağ çəkdikləri yetməzmiş kimi, quduz it kimi hər dəfə daha artığını istəyirlər. Elə isə mübarizə vaxtıdır!
Yaralı Vətəni sağaltmaq vaxtıdır! O, bədəninin bir hissəsi zorla balta ilə kəsilib qoparılmış bir insana bənzəyir. Həmin kəsilən üzvünün ağrısını vücudunun hər yerində duyur. Ruhu belə ağrıdan inildəyir. Lakin ayaqda durmağı bacarır! Bütün mətanəti ilə qoynunda böyüyən balalarına həqiqəti pıçıldayır. Qulaqlarını tıxasan, hətta kar olsan belə bu pıçıltını duymamaq mümkün deyil.
Tezliklə hər birimiz əlimizdə silahla meydana atılırıq. Özümü ön cəbhəyə çatdırıram. Şiddətli atışma başlayır. Havaya sovrulan güllələrin səsləri, "Vətən sağ olsun!" deyərək şəhid olan igidlərin hayqırtısı və getdikə güclənən o pıçıltı...
Düşmənlər bir-bir yerə sərildikcə, daha da qəzəblənirəm. "Bu torpaq uğrunda ölmək necə böyük bir şərəf olardı!" deyə ağlımdan keçirirəm. Dərk etdiyi ən böyük dəyər uğrunda varlığından keçən şəxs artıq adi bir insan olmaqdan çıxır. O, ilahi bir qüvvəyə çevrilir. Bu gün bütün şəhidlərimizin ruhunu yanımda hiss edirəm. Haqq uğrundakı mübarizəmizdə Tanrının da bizim tərəfimizdə olduğunu bilirəm. Vətən torpağının güclü pıçıltısında isə daha qınaq yox, dəstək duyuram.
Bircə torpaqlarımızı geri qaytarsaydıq... Bu uğurda son nəfəsimə qədər vuruşacağam! Daha bəsdir dözdüyümüz! Düşmən əsgərləri getdikcə azalır. İndi üstünlük açıq-aydın bizim tərəfimizdədir. Amma şəhidlərimizin sayı heç də az deyil. Eybi yox, təki biz həyatımızı bu uğurda itirək.
Biz ölək ki, xalqımızın içindəki dərin yara sağalsın! Biz ölək ki, haqq, ədalət yerini tapsın! Biz ölək ki, yurdundan, yuvasından didərgin düşmüş həmvətənlərimiz nəhayət ki doğma torpaqlarının qoxusunu duya bilsinlər! Biz ölək ki, doğulduğu gündən etibarən "qaçqın" adlanan körpələr bu damğadan qurtulsunlar! Məxsus olduqları torpaqlarda şən, firavan böyüyə bilsinlər! Biz ölək ki, Vətənimiz şikəstlikdən, natamamlıqdan qurtulsun! Torpaqlarımız işğaldan azad olunsun! Biz ölək ki, bundan sonra Vətənimizə dərd, qüssə ayaq aça bilməsin! Biz ölək ki, daha heç kim ölməsin!
Düşmənləri ot kimi biçməklə o qədər məşğulam ki, çiynimə dəyən güllənin ağrısını bir xeyli keçəndən sonra hiss edirəm. Lakin bu belə fikrimin yayınmasına imkan vermir. Sayları xeyli azalıb. İllərdir daxilimdə yığılıb qalan nifrət vulkan kimi püskürür və güllələr vasitəsilə düşmənlərə sancılır. Hər dəfə balaca nifrət topum - güllə hədəfə dəydikcə, daxilimdə böyük bir fərəh hiss edirəm. Az qalıb! Tezliklə torpaqlarımızı təmizləyəcəyik bu həşəratlardan!
Bu dəfə güllələr ard-arda vücuduma daxil olur. Yenə də dözülməz bir ağrı duymuram. Amma daha silah tutmağım mümkün deyil. "Kaş ki heç olmasa bir neçəsini də öldürə biləydim!" - deyə heyfsilənirəm.
Son qüvvəmi toplayıb düşmənin üzünə dik baxıram. Sonra üzüstə torpağa yıxılıram. İllərdir məni bir ana şəfqətilə ağuşuna alan bu torpağı son dəfə ürəkdən qoxlayıram. Vətən torpağı qəribə bir istiliklə məni qucaqlayır. Sanki bununla minnətdarlığını bildirir. Sürətlə axan qanımı nəvazişlə canına hopdurur. Vətən torpağının ətri necə də doğmadır...
Hərəkətsiz halda uzanarkən, atışma səslərinin yavaş-yavaş kəsildiyini hiss edirəm. Bir qədər sonra yoldaşlarım narahat halda məni dövrəyə alırlar. Arxası üstə çevirirlər. Tanış simaları görüb rahatlayıram. Xırıltılı bir səslə "Qalib gələ bildik?" deyə soruşuram. Verdiyim sual gözlərdə yaş parıltıları, dodaqlarda isə qürurlu təbəssümlər doğurur. Artıq heyim qalmayıb. Sualın cavabını gözləmədən, gözlərimi əbədi bağlayıram. Eşitməsəm də, cavabı bilirəm. Çünki daha pıçıltı səsi gəlmir...
Xülya Cəfərova