Cəmiyyət

Məşhur azərbaycanlı həkim-deputatın diaqnozu səhv çıxdı? - VİDEO - FOTO

31 Mart 2016 14:36
41 Şərh     Baxış: 25 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət öncə azyaşlı xəstənin əməliyyatından imtina etməsi ilə gündəmə gələn həkim-deputat Rəşad Mahmudovun qoyduğu diaqnozun səhv çıxması haqda məlumat yayılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu ilin yanvar ayında jurnalist Aytən İmanova qohumu Renat İmanovun ürək qüsurlu doğulması və həkim Rəşad Mahmudovun öncə uşağı əməliyyat edəcəyi, sonra isə imtina etdiyini bildirib. Jurnalist qeyd edib ki, hətta əməliyyat üçün həkimin hesabına 9 min manat köçürülüb: "Hər şey də bundan sonra başlayıb. "Hippokrat andı" içmiş millət vəkili pul hesabına yatandan sonra əməliyyatdan imtina edib və körpənin valideynlərinə "krizə girsə həkim çağırmayın, qoyun can verib ölsün!" deyib".

"Şans olmayıb"

Rəşad Mahmudov məsələnin ictimailəşməsindən sonra açıqlama verərək bildirib ki, həqiqətən də uşağın yaşamaq şansı olmayıb və əməliyyata girərsə, ölmək ehtimalı 99 faizdir:

"Əvvəl uşaqda 12 qüsur görmüşdük, ancaq ikisi də əlavə çıxdı. Ona görə də xəstənin əməliyyatdan sağ çıxması, demək olar ki, mümkünsüzdür. Uşağı əməliyyata salmaq, onun həyatını tamamilə itirməsi deməkdir".

Bu gün isə jurnalist A.İmanova məlumat yayaraq bildirib ki, uşaq Türkiyədə əməliyyat olunub və vəziyyəti yaxşıdır:

"Məsələ ictimailəşdikdən sonra "Uşaqların xoşbəxt gələcəyi" təşkilatı, xüsusilə Nərgiz Kərimovanın sayəsində uşağı İstanbula aparıb müayinə etdilər. Rəşad Mahmudovun dediklərinə güldülər və uşağın yaşayacağını dedilər. Renat artıq əməliyyatdan çıxıb və sağ-salamatdır, 2 gün reanimasiyada qaldıqdan sonra bu gün səhər aparatlardan ayrılıb. Var olun ki, ictimailəşdirdiniz və balacanın həyatını xilas etdiniz".

Xatırladaq ki, Rəşad Mahmudov ötən il noyabrın 1-də baş tutan parlament seçkilərində 77 saylı Astara seçki dairəsindən deputat seçilib. O, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Mərkəzinin rəhbəridir.

Milli.Az "Report"a istinadən bildirir ki, ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov barəsində yazılan ittihamlara münasibət bildirib.

Həkim report-a açıqlamasında qeyd edib ki, bu, bir jurnalistin sadəcə öz təxəyyülündə yaratdığı ssenaridir.

"Ən azından həmin şəxs məsələni dəqiqləşdirmək üçün mənimlə əlaqə yarada bilərdi. Kaş ki, uşağa kömək etməyin yolları olardı. Bunu həmin uşağın ailəsinə də tibbi şəkildə izah etmişəm", - deyə cərrah bildirib.

Onun sözlərinə görə, yazılan məlumat yalnız bir hissəyə qədər doğrudur:

"Xəstənin əməliyyat olunması üçün uzun müddət mübarizə aparırdıq. Normalda uşağın ürəyində 14-ə yaxın fərqli qüsur var. Qüsurlarla əlaqədar konsiliumlar keçirilib. Əməliyyata çox yüksək risk və kiçik ümidlə hazırlaşmışdıq. Ancaq müayinələr zamanı daha bir xəstəlik ortaya çıxdı. Bunun nəticəsində xəstənin gələcək həyatı üçün 1 faiz də olsa belə ümidin olmadığını gördüm. Bu da ailəyə ətraflı şəkildə izah olunub. Hətta ailənin xoş olmayan istəkləri də olub. Belə ki, ailə mənə uşağın əziyyət çəkməməsi üçün iynənin vurulmasını təklif edib. Mən isə onlara bunun həm Azərbaycan qanunvericiliyinə, həm də mənim öz etik qayda-qanunlarıma zidd olduğunu dedim. Buna heç mənim vicdanım yol verməz".

"Uzun müddət yaşaya bilər"

Həkim uşağın uzun müddət yaşaya biləcəyini də ehtimal edir:

"Uşağın səhhəti ilə bağlı ailəyə təklif etmişəm ki, o, evdə bəlkə oksigen qoşularaq uzun müddət yaşaya bilər. Yəni, uşağı bu gün əməliyyata salmaq, onun həyatını tamamilə itirməsi deməkdir. Çünki mən inanmadığım yola girə bilmərəm. Xəstə gələcəkdə bizim ürək əməliyyatları olunmadığı zaman pediatriya institutlarının birinə köçürülmə ilə və yaxud evdə oksigen müalicəsi alaraq uzun müddət yaşaya bilər", - deyə həkim əlavə edib.

Uşağın hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunduğunu deyən R. Mahmudov qeyd edib ki, bu gün uşağın müalicəsi üçün heç bir ümid yoxdur, yəni reallıq budur.
Həkim bildirib ki, uşağın müayinəsinin nəticələrini hətta dünyanın tanınmış xəstəxanalarının ekspertlərinə göndərərək onların da bu barədə rəylərini öyrənib.

"Əvvəl uşaqda 12 qüsur görmüşdük, ancaq ikisi də əlavə çıxdı. Ona görə də xəstənin əməliyyatdan sağ çıxması demək olar ki, mümkünsüzdür. Hətta çox kiçik şans olsa belə bir sonrakı əməliyyatlar üçün yolları bağlıdır. Çünki biz əvvəlcə mərhələli əməliyyatlar planlaşdırmışdıq. Uşaq hələ xəstəxanadadır. Uşağın yatdığı şöbə Cərrahiyyə şöbəsi olduğundan belə xəstələri uzun zaman saxlamaq imkanımız da olmur. Yəni, onun Kardiologiya şöbəsinə keçməsi lazımdır", - deyə cərrah qeyd edib.

Həkim hesabına müəyyən məbləğdə pul köçürülməsi məsələsinə də aydınlıq gətirib:

"Mərkəzi Neftçilər Xəstəxanası Nazirlər Kabineti tərəfindən qəbul olunan pul ödəmə üzərinə qurulmuş xəstəxanadır. Bunu da hər kəs bilir. İstənilən əməliyyat dövlət hesabına olunduğu zaman əməliyyatdan bəlli müddət keçdikdən və xəstənin epikrizini həmin qurumlara göndərdikdən sonra ödəmələr olur. Yəni, yazıda reallığa uyğun olmayan söhbətlər yer alıb.

Sonda onu da qeyd edim ki, bir jurnalistin bir şeyi araşdırmadan bu barədə nəsə yazması düzgün deyil. Hələ də ki, həmin ailə jurnalistin qohumudursa, həmin şəxsin mənlə üz-üzə görüşmək şansı daha çox olardı. Ən azından üzümə baxaraq dediklərimdən sonra mənə desin ki, həqiqətən də dünyanın ən mənfi xarakterli insanını tapmışam və bunu ictimailəşdirim".

Xatırladaq ki, daha öncə jurnalist Aytən İmanova yaxın qohumu İmanov Renat Mahir oğlunun ürək qüsuru ilə doğulduğunu və əməliyyata ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, müalicə olunması üçün 9 min manat vəsaiti həkimin hesabına yatırılsa da, Rəşad Mahmudov əməliyyatı etməkdən imtina edib.

Əməliyyat uğurlu oldu

Milli.Az bildirir ki, 7 aylıq Renatın İstanbuldakı "Istanbul Florence Nightingale Hospital"da əməliyyatının gerçəkləşməsinə "Uşaqlarin Xoşbəxt Gələcəyi" təşkilatının rəhbəri Nərgiz Babayevanın böyük köməyi olub.
N.Babayevanın dediyinə görə, Renatın əməliyyatını anonim qalmasını istəyən şəxs maliyyələşdirib: "Renatın İstanbula aparılması, hospitalda əməliyyat olunması və digər xərclərin hamısını o şəxs ödədi. Əməliyyatın riski böyük idi, çünki Renat 7 ay reanimasiyada qalmışdı. Bir neçə müayinədən sonra həkimlər əməliyyata qərar verdilər. 9 saat davam edən əməliyyat uğurla başa çatdı. Şükür Allaha!"

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xilasedilmiş uşaq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.