Cəmiyyət

İtkinizi axtaracağınız məkan - “Tapıntılar bürosu” REPORTAJ - FOTO

8 Mart 2016 20:55
1 Şərh     Baxış: 12 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əhməd haradadır" filmində maraqlı bir hissə var. İki xanımın çantaları dəyişik düşür. Hər iki xanımın ilk müraciət etdiyi ünvan "Tapıntı bürosu" olur. Çünki hər kəs tapdığı əşyanı hara verəcəyini, eləcə də itkisini harada axtaracağını bilirdi.

Bu əslində yaxşı bir sistemdir. Çünki kiçik və böyüklüyündən asılı olmayaraq, həm maddi, həm mənəvi mənada itki çox ağır şeydir. İtkisi olan insanın gözü hər zaman axtarışda olur. Bu gün də tapdığımız sənədləri, əşyaları təhvil verəcəyimiz və itirdiklərimizi axtaracağımız bir ünvan var. Bu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin tərkibində fəaliyyət göstərən "Tapıntılar və buraxılış bürosu"dur. 2006-cı ildən etibarən fəaliyyət göstərməsinə baxmayaraq, bu büronu tanıyan elə də çox deyil.



Büro 10 ildir fəaliyyət göstərir

Əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olan tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarət olan büroya baş çəkib, reportaj hazırladıq. Elə içəri daxil olanda ilk olaraq, sənəd axtarışı üçün müraciət edən Mahur Bəşirovla söhbət etdik. Müsahibim büro haqqında uzun illərdir məlumatlı olan şəxslərdəndir. Ona görə də hər hansı əşya və ya sənəd itirən zaman buraya müraciət edir, itkisi olanları da buraya istiqamətləndirir: "Artıq illərdir ki, büronun fəaliyyəti haqqında xəbərdaram. Bir neçə il əvvəl sənədim itmişdi, burada tapıldı. İndi də hardasa bir il olar ki, torpaq sənədimi itirmişəm. Sənədin burda olub-olmadığını öyrənmək üçün müraciət etməyə gəlmişəm. Görək burda olacaqmı".

Daha sonra iş başında olan büro əməkdaşları ilə söhbət etdik, təhvil verilən sənəd və əşyalara baxdıq. Büronun əməkdaşı, polis baş serjantı Sakit Hüseynov bizimlə söhbətində bildirdi ki, büroya daxil olan əşya və sənədlərin saxlanılmasına cavabdehlik daşıyırlar. İtirilmiş sənəd və əşya axtarışı barədə daxil olmuş müraciətlərə 10 gün müddətinədək, xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş günü ərzində baxılır və bu haqda onlara büro əməkdaşları tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş arayış verilir. 



Tək Bakı deyil, region əhalisi də itkisini burda axtara bilər

S.Hüseynov deyir ki, tapılmış əşyalar və sənədlər bir ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə, onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir. Ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və s. şəxsi sənədlər də bir ay müddətində saxlanılır. Bu müddətdə sahibi müraciət etmədikdə, ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət kitabçaları, diplomlar və digər sənədlər (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və s.) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də digər müvafiq təşkilatlara göndərilir.

"Eyni zamanda, "ASAN xidmət" mərkəzlərində, ayrı-ayrı dövlət orqanlarında unudulan sənədlər, "Təmiz Şəhər" ASC-də tullantıların içərisindən çıxan sənədlər də buraya gətirilir. Tək Bakı şəhəri deyil, respublikanın ayrı-ayrı bölgələrindən, müvafiq dövlət orqanlarından daxil olan sənəd və əşyalar da büroda rəsmiləşdirilib, uçota alınır. Rayonlardan da axtarış üçün bura müraciət edənlər olur" - S.Hüseynov bildirdi. O dedi ki, ötən il ərzində 55 hərbi bilet, 73 ilkin hərbi qeydiyyat vəsiqəsi, 298 şəxsiyyət vəsiqəsi, 170 doğum haqqında şəhadətnamə, 108 nikah şəhadətnaməsi, 44 məcburi köçkün vəsiqəsi aidiyyatı üzrə orqanlara göndərilib.

İtkisini axtaranlara hər kəs yardım edə bilər

Büronun digər əməkdaşı, polis serjantı Mazan Nuriyev əlavə etdi ki, bütün hallarda vətəndaş itmiş əşyasını, sənədlərini axtarmaq üçün dövlət orqanına müraciət etdikdə, onu birinci "Tapıntılar bürosu"na istiqamətləndirirlər: "Vətəndaşlıq mövqeyi nümayiş etdirib ictimai nəqliyyatda, yollarda və başqa iaşə obyektlərində şəxsi əşyalar, sənədlər, pulqabı tapan vətəndaşlar Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdikdə, həmin əşya, yaxud sənəd tərəfimizdən qeydiyyata götürülür. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədlə birlikdə mühafizə olunan xüsusi saxlanc yerində saxlanılır. Müvafiq araşdırma aparıldıqdan və həmin sənədin lazımlılıq dərəcəsi və onun vəziyyəti öyrənildikdən sonra müvafiq orqanlara göndərilir. Avropa Oyunları ərəfəsində yarışların keçirildiyi məkanlarda vətəndaşlar və qonaqlar tərəfindən unudulan əşyalar aktlaşdırılmış şəkildə bizə təqdim olundu. Həmin əşyanın üzərində ünvan varsa, yaxud tərəfimizdən sahibini araşdırıb müəyyən etmək mümkün olursa, o sənədin, əşyanın sahibinə qaytarılması tərəfimizdən təmin olunur. İnsanların itən əşyalarını və sənədlərini tez bir zamanda tapmaları üçün yardım etmək istəyən hər kəs tapdığını bizim büroya təhvil verə bilər".

Selfi çubuğu, saç feni, telefon qabı, təzyiq ölçən və s.

Bir çoxlarımız tez-tez pul itiririk. Büroya tapdığınız pul vəsaitlərini təqdim edə, eyni zamanda, itirdiyiniz pulu axtarıb tapmaq üçün də müraciət edə bilərsiniz: "Bu yaxınlarda bir vətəndaş pulqabı tapmışdı. İçərisində 80 manat pul və şəxsiyyət vəsiqəsi var idi. Biz araşdırıb həmin şəxsi tapıb, təhvil verdik. Əgər kimsə pul tapıbsa və onu büroya təhvil verirsə, pulun sahibini isə müəyyənləşdirmək mümkün olmursa, bu zaman müəyyən qədər saxlanıldıqdan sonra rəsmiləşdirilərək dövlət büdcəsinə keçirilməsi təmin olunur".

Daha sonra büroya təhvil verilən sənədlər və əşyalar olan qutulardan bir neçəsinə baxdıq. Müxtəlif markalı telefonlardan tutmuş, təzyiqölçən aparata qədər nə desən var idi. Selfi çubuğu, saç feni, telefon qabı və daha nələr... Elə təkcə bir qutunun içərisində müxtəlif markadan olan 10-a yaxın telefon var idi. Öyrəndik ki, son bir ayda 60-a qədər mobil telefon büroya təhvil verilib. Nömrə olanda telefonların sahiblərini araşdırıb qaytarırlar. Nömrə olmayanda da müvafiq qaydada araşdırmalar aparılır. "İphone" telefonlarının sahibini tapmaq isə bir az çətin olur. Belə ki telefon kodda olduğu üçün onu aça bilmirlər.

Büroya ən çox təqdim olunan sənədlər arasında isə nikah şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, diplom, tələbə bileti, attestat, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və s. var idi.


 

Ev heyvanını axtaranların təsvir üsulları

S.Hüseynov deyir ki, gün ərzində 10-15 nəfər itkisini axtaran şəxsdən müraciət daxil olur. Onların arasında ən maraqlısı ev heyvanlarının axtarışı ilə bağlı olur. Belə ki, sahiblərinin heyvanların əlamətlərini təsvir etməsi bəzən təbəssüm doğurur: "Məsələn, bir xanım zəng vurub itən pişiyin əlamətlərini özünəməxsus şəkildə təsvir edir. Rəngi, yerişi və s... Hələ ki ev heyvanı təhvil verən olmayıb. Amma verərlərsə, təbii ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik".

Qeyd edək ki, büro iş günləri saat 10.00-dan 19.00-dək, şənbə günləri isə saat 10.00-dan 18.00-dək fəaliyyət göstərir. Büronun fəaliyyəti haqda məlumatlar və əlaqə telefonları (490 91 19) BŞBPİ-nin rəsmi internet saytında (www.bakupolice.gov.az) yerləşdirilib.

kaspi.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.