Keçid dövrünün özünəməxsus çətinlikləri var. Yeni dövrün sosial-iqtisadi, ictimai münasibətlərinin hüquqi bazasını yaratmaq, insanları psixoloji baxımdan bu dövrün tələblərinə uyğunlaşdırmaq asan olmayan, bəzən ciddi kataklizmlər yaradan prosesdir. Azərbaycanda isə keçid dövrləri təbii, xarakterik çətinliklərindən əlavə, həm də süni formada quraşdırılan problemlərlə müşayiət edilir. 90-cı illərdə - müstəqilliyin ilk illərində "sosializm"dən bazar iqtisadiyyatına keçəndə ictimai formasiyanın dəyişməsi, müstəqil dövlətin atributlarının yaradılması ilə bağlı olan çətinliklər bir yana, ərazi bütövlüyü, qaçqın, məcburi köçkün problemlərini ortaya çıxarmaqla Azərbaycanın yeni dövrə keçidini on qat çətinləşdirdilər.
Bənzər hadisələr günümüz üçün də xarakterikdir. Yüz illər boyunca Azərbaycan əhalisinin gəlir, güzaran, məşğuliyyət mənbəyi olan neft bir ilin içində dəyərsizləşdirilərək strateji məhsuldan "mənasız maddəyə" çevrilib, ölkə əsaslı gəlir mənbəyindən məhrum olub. Paralel olaraq, bütün dünyanı ovcuna alan qlobal maliyyə böhranı dünyanın bir parçası olan Azərbaycana da öz təsirini göstərib. Beləliklə, ölkə üçün yeni situasiya yaranıb.
Yaranmış durum barədə fikir birmənalı deyil. Yaşadığımız həftə içində Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya liderlərinin çıxışlarında bu fikir öz təsdiqini tapdı ki, yaranmış böhran təbii iqtisadi proselərdən daha çox siyasi qərarların nəticəsidir. Ənənəvi güc mərkəzləri yeni alternativlərin formalaşmasının qarşısını almaq, rəqiblərini sıradan çıxarmaq üçün bu oyunu qurublar. Neftin qiymətinin süni şəkildə minimuma endirilməsi, dolların məzənnəsinin qaldırılması ilə beynəlxalq maliyyə-iqtisadi böhranının yaradılması, milli valyutaların risqli duruma salınmasının da yer aldığı "beynəlxalq böhran proqramı"nın mövcudluğu liderlərin dilindən etiraf edildi. Azərbaycan prezidentinin çıxışı isə daha konkret oldu. Davos Forumu çərçivəsində "Yeni enerji tarazlığı" adlı panel müzakirəsinə qatılan prezident "Bugünkü vəziyyəti gördükdən sonra neftin qiyməti daha da aşağı düşsə, bizi təəccübləndirməyəcək" deməklə, bəlanın haradan gəldiyinə açıq işarə etdi. OPEC-in neftin qiymətini artırmaq üçün imkanlara malik olduğunu, amma belə bir qərarı vermək "cəsarətində olmadığını" önə çəkən ölkə rəhbəri beynəlxalq böhranın yaranmasında siyasi gücləri qınamaqla yanaşı, yaranmış problemin aradan qaldırılması üçün potensialın mövcudluğuna da işarə etdi: "Azərbaycan öz iqtisadiyyatını qeyri-neft dövrü üçün 20 il sonraya hazırlayırdı. İndiki vəziyyət bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də vəziyyəti kompensasiya edə bildik. Lakin belə vəziyyət uzun müddət davam etsə, təbii ki, büdcəmiz üçün ciddi təzyiq olacaq".
Beləliklə, prezident detallı hazırlanmış "böhran torunun" ilk fazasından Azərbaycanın çıxmağı bacardığını bəyan etdi. Amma görünür, Azərbaycanın bu böhranı "ucuz adlatmasıyla" barışmaq istəməyənlər var. Azərbaycan təkcə neftin dəyərsizləşdirilməsi, maliyyə-iqtisadi böhranla sınağa çəkilmir, həm də siyasi sabitliyin pozulması, aktiv hərbi durumun formalaşdırılması ilə təhdid edilir. Ölkənin neftsiz dövrə keçidinin, iqtisadiyyatını qeyri-neft sektoru üzərində qurmaqla neft üzərində qurulan oyunlardan yan keçməsinin, bu keçid dövrünü itkisiz ötüşdürməsinin qarşısını almaq üçün çeşidli oyunlar qurulur. Ölkənin maliyyə-iqtisadi problemləri bir kənara qoyaraq, siyasi xaosun aradan qaldırılması yönündə çaba göstərməsi şərti qurulur.
Yaşanan həftə içində siyasi ekspertlər, həm hakimiyyət, həm də müxalif düşərgənin təmsilçiləri ölkədəki son durum - regionlarda təşkil edilən aksiyalar, siyasi sabitliyi pozma üçün atılan addımlar, verilən bəyanatlar, qarşıdurmalar barədə maraqlı açıqlamalar verdilər. Ölkədəki durumdan xarici qüvvələrin öz mənfəəti üçün yararlanmağa çalışdığı barədə iddialar səsləndi. Narahatlıqla vurğulandı ki, Azərbaycanı xarici qüvvələrin boyunduruğuna keçirmək qəsdində olanlar ölkənin iqtisadi böhranla üz-üzə qalmasını fürsət biliblər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Respublika Ağsaqqalar Şurasının yığıncağnda çıxış edərkən açıq tekstlə bildirdi ki, Azərbaycanı müstəqil siyasətindən sapdırmağa cəhd edən qüvvələr maliyyə böhranı fonunda yaranmış vəziyyətdən istifadə etməklə, qeyri-sabitlik yaradırlar: "Nəzarətlərində olan 5-ci kalonun nümayəndələri onların dəyirmanına su tökür, yaranmış vəziyyətdən istifadə edirlər". Bənzər bəyanatla Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev də çıxış etdi. Bəzi rayonlarda keçirilən aksiyaları şərh edən DTX sədri bu aksiyaların maliyyə böhranı ilə bağlı olmadığını bildirdi: "Bu aksiyaların manatın devalvasiyası ilə əlaqəsi yoxdur".
Tezis müxalif düşərgədə də dəstək qazandı. Azad Demokratlar Partiyasının sədri, keçmiş təhlükəsizlik zabiti Sülhəddin Əkbər Azərbaycanda sabitliyin pozulması üçün "Artıq düyməyə basılıb" deməklə ölkəmizə uzanan xarici əllərin aktivləşməsinə işarə etdi.
Uzun fasilədən sonra - yanvarın 24-də bir araya gələn müxalif düşərgə təmsilçiləri Azərbaycanı sevməyən qüvvələrin aktivləşdiyini birlikdə elan etdilər. Düzdür, "Azərbaycanın parçalanma təhlükəsi var" deyə həyəcan təbili çalan müxaliflər düşərgə konyukturasına uyğun olaraq yaranmış durumda xarici güclərlə yanaşı, mövcud hakimiyyəti də günahkar sayırlar. Amma özlərindən asılı olmayaraq ortaq rəyi də etiraf etmiş olurlar: post-neft erasına keçid edən Azərbaycan ciddi sınaqlarla üz-üzədir. Bu sınaqlar keçid dövrünün xarakterindən yaranan təbi baryerlərlə yanaşı, həm də Azərbaycana qərəzli münasibət göstərən xarici güclərin iradəsinə uyğun olaraq qurulmuş plandır.
Müşfiq Ələsgərli
Milli.Az





