Sentyabrın 12-də Bakı-Sumqayıt elektrik qatarları əhalinin istifadəsinə verilib. Artıq bir neçə gündür ki, qatarlar səhər və axşam şəhərlər arasında əhaliyə hələ ki, pulsuz xidmət göstərir. Qiymətlərin bəlli olmaması ucbatından sərnişinlərdən gediş haqqı alınmır.
Bu gün biz də yeni qatarla Sumqayıtdan Bakıya gəldik ki, təəssüratlarımızı oxucularımızla bölüşək. Qatarlar artıq işə düşsə də, nə Bakı, nə də Sumqayıt dəmir yolu vağzalında təmir işləri yekunlaşıb. Sumqayıtın köhnə dəmir yolu stansiyası tamamilə sökülüb, yerində yenisi tikilməkdədir. Bakının dəmir yolu vağzalı isə əsaslı təmir edilir.
Qatarlarla bağlı ilk növbədə qeyd edək ki, Azərbaycanın nəqliyyat sektorunda hələ bu cür rahatlığa malik ictimai nəqliyyat olmamışdı. Vaqonların içindəki rahat oturacaqlar, təmiz və sərin hava sərnişinlərin ürəyincədir. Avtobuslarda səfər edərkən qulağınıza gələn siqnal səsləri, qoxu hisslərinizi və ağ ciyərlərinizi sıradan çıxaran dəm qazı kimi problemləri bu qatarlarda görə bilməzsiniz. Qatarların salonunda da heç bir səs yoxdur. Dəmir yolunun səsi vaqonun içinə o qədər yavaş gəlir ki, sərnişin üçün heç bir narahatlıq yaratmır. Metroda və ya avtobusda sərnişinlər ən yüksək səslə danışmalı olurlarsa, burada pıçıltı da kifayət edir.
Qatarın içində müşahidə kameraları da quraşdırılıb. Bu kameralar vasitəsi ilə vaqonların salonu nəzarət altında saxlanılır. Qatarın içində baş vermiş hər bir hadisə qeydə alınır. Neqativ hadisə baş verərsə, onun araşdırılmasında müşahidə kameraları yardımçı olacaq. Bundan əlavə, quraşdırılan kameralar bəzi vandal sərnişinlərin də qatara ziyan vurmalarına imkan vermir. Həmin şəxslər müşahidə kameralarında izlənilir. Qatara ziyan şəxs cəzalandırılır. Belə hadisələrdən biri elə qatarın ilk işə düşdüyü gün olmuşdu. Sərnişinlərdən biri qəza çıxışı zamanı istifadə edilən çəkicdən istifadə edərək qatarın şüşəsini qırmışdı. Halbuki o çəkic yalnız qəza zamanı qatardan təcili çıxış üçün istifadə edilməli idi. Həmin sərnişin tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Avtobuslardan fərqli olaraq bu qatarlarda basabas kimi problem yoxdur. Dörd vaqondan ibarət bu qatarların sərnişin tutumu 900 nəfərdir. Yəni tələssəniz də, tələsməsəniz də, qatara rahatlıqla minə biləcəksiniz.
Bir sözlə, Sumqayıtdan qatara minən adam əsəb keçirmədən, hər cür stressdən uzaq Bakıya gəlib çata bilər. Halbuki Bakıya avtobusla gəlmək əsəblərin maksimum dərəcədə gərilməsi hesabına başa gəlir.
Qatar Sumqayıt dəmir yolu stansiyasından çıxdıqdan sonra Abşeron yarımadasının qərb hissəsi ilə hərəkət edir. Stansiya Sumqayıt, Güzdək, Xırdalan kimi ərazilərdən keçərək Bakıya daxil olur. Bundan əvvəl qatarların 40 dəqiqəyə Bakıya çatacağı deyilsə də, biz qatarda fərqli sürət müşahidə etdik. Səhər saat 09:30-da Sumqayıtdan yola düşən qatar 10:45-də Bakı sərnişin vağzalına çatdı.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bildirirlər ki, qatarlar üçün hələ ki, dəqiq sürət həddi müəyyənləşdirilməyib. Qatarların hansı sürətlə gedəcəyi barədə qurum rəhbərliyinin müvafiq əmri yaxın günlərdə veriləcək. Sürətin zəif olmasına baxmayaraq, qatarla səfər edən sərnişinlər razılıq edirdilər. Sürətlə bağlı məsələnin yaxın günlərdə düzələcəyinə inanırlar.
Bakı-Sumqayıt qatarlarının Azərbaycanın nəqliyyat sektoruna gətirdiyi digər bir yenilik isə pulsuz Wi-Fi şəbəkəsi ilə bağlıdır. Qatarın sərnişinləri rahatlıqla bu şəbəkəyə qoşula və İnternetdə vaxt keçirə bilirlər. Qatarlarda İnternetin sürəti də təxminən 2 meqabitdir.
Bakı-Sumqayıt qatarının istifadəyə verilməsi ilə Azərbaycanın nəqliyyat sektorunun düzələcəyi barədə ümid işıqları yandırdı. Belə qatarların tək iki şəhər arasında deyil, ölkəmizin bütün şəhərləri və kəndləri arasında işləməsi vacibdir. Elektrik qatarı həm ekoloji cəhətdən təmizdir, həm də iqtisadi cəhətdən qənaətlidir.
Teymur Hacıyev
Milli.Az