Başlıq heç də sizi yanıltmasın! Bəli, Amerikada ödənişsiz və TOEFL-siz təhsil almaq mümkündür. Bundan beş il öncə Amerikaya gələndə mən də burada təhsil almaq arzusundaydım, magistraturanı bitirmək istəyirdim.Təbii ki, ən vacib məsələ təqaüd və TOEFL idi. O vaxt elə bilirdim ki, 100 və ya 120 bal yığmalı, daha sonra isə təqaüd verən universitetlərə müraciət etməliyəm. Bunu hələ mən Bakıda olarkən də deyirdilər. Əslində isə vəziyyət heç də deyildiyi kimi deyil. Amerika universitetlərində təhsil almaq üçün mütləq şəkildə TOEFL imtahanı verməlisən deyə bir şərt yoxdur. Bəli, bu imtahan xarici tələbələrdən tələb olunan bir imtahandır, çünki burada dərslər ingiliscə keçirilir və sizin dil biliyinizi imtahan müəyyən edir. Lakin diqqət etsəniz, görərsiniz ki, bir çox universitetlərin müraciət bölmələrində "TOEFL Waiver" - yəni, "Toeflı ixtisar etmək" adlı bir anket var. Anketi doldurarkən ingilis dilini mükəmməl bildiyiniz üçün imtahana girməyə ehtiyacınız olmadığını yaza bilərsiniz.
Mən Stetson Hüquq Universitetinə müraciət edərkən yuxarıda qeyd etdiyim anketi doldurdum və nəticədə TOEFL sertifikatı təqdim etmə məcburiyyətindən azad oldum. Bununla belə, qeyd etməliyəm ki, "TOEFL Waiver" formunu dolduran şəxslərlə "skype" vasitəsilə müsahibə aparılır və onların ingilis dilini nə dərəcədə bildikləri müəyyənləşdirilir. Məlumat üçün bildirim ki, mən Stetson Universitetinə həmin anketi dolduraraq TOEFL imtahan nəticəsi olmadan müraciət etdim və müsahibədən sonra qəbul haqqında sənəd göndərildi.
Amerikada təhsil almağı düşünən şəxsləri maraqlandıran ikinci məsələ təqaüd problemidir. Hər şeydən öncə qeyd edim ki, bu ölkə universitetlərə qəbul ola bilmək üçün bəlkə də ən asan ölkədir. Belə ki, Amerika hər il minlərlə tələbəyə təqaüd verir. Hətta ilk ildə yarım təqaüdlə qəbul olan tələbələr, sonrakı kurslarda imtahanları yaxşı qiymətlərlə verdikdən sonra tam təqaüd ala bilirlər.
Amerika daha çox kasıb, yetim, müharibədən çıxmış, boşanmış ailələrdə yaşamış, bir sözlə, keçmişində çoxlu faciə və çətinliklər görmüş tələbələrə xüsusi diqqət yetirir. Bununla yanaşı, unutmayın ki, məktəb və universitet illərində üzvü olduğunuz klublar, yazdığınız məqalələr, dərnəklər, iştirak etdiyiniz təlimlər və s. sizin təqaüd alma şanslarınızı artıracaqdır. Magistraturanı Amerikada bitirmiş və hazırda orada işləyən biri kimi sizə bir neçə məsləhət vermək istərdim:
Baş vuracağınız universitetə göndərmək üçün tərcümeyi-hal yazarkən aşağıdakılara diqqət yetirin:
1. Həyatınız, özünüz, ailəniz və gələcək planlarınız haqda yazın (İki səhifə yarımdan çox olmamaq şərtilə). Cümlələri təkrarlamamağa, fikrinizi qısa və aydın cümlələrlə ifadə etməyə səy göstərin.
2. Hər hansı bir etnik qrupa daxilsinizsə və ya hər hansı bir fiziki məhdudiyyətiniz varsa (əlillik və s. kimi) bunu mütləq qeyd edin və yaşadığınız çətinlikləri diqqətə çatdırın. Daha öncə də qeyd etdiyim kimi, Amerika boşanmış ailələrin, uşaq evində böyümüş, kasıb, çətin şəraitdə yaşamış şəxslərə böyük güzəştlər edir.
3. Əgər orta və ya ali məktəb qiymətləriniz yaxşıdırsa, bu sizin işinizi asanlaşdırar. Lakin pis olması heç də şansınızın olmaması mənasına gəlməz. Əgər yaxşı bir səbəb göstərə bilsəniz, sizə güzəşt edilə bilər. Referans məktubu vacib amillərdən biridir. Bunun üçün orta məktəbdə, universitetdə sizi yaxşı tanıyan müəllimlərinizin, direktorunuzun və s. haqqınızda referans verməsi lazımdır. Bu sənəd iki cümlədən ibarət olmamalı, haqqınızda geniş yazılmalı, gələcək planlarınız və s. barədə məlumat verməlidir. Referansı elmi dərəcəsi yüksək olan şəxslərin, məsələn, professorların və s. yazması şansınızı artırır. Bu məktubların sayı üç ədəd olmalıdır.
4. Yaxşı formada yazılmış və gördüyünüz işlər barədə ətraflı məlumat verən CV.
5. TOEFL sertifikatınız yoxdursa, yuxarıda qeyd etdiyim kimi, "TOEFL Waive" anketini doldurun və müsahibə tələb edin. Müsahibə uğurlu olsa, sizi qəbul edəcəklər.
6. Müsahibə zamanı qısa və konkret cavab verin. Məsələn, "Niyə bizim universiteti seçdiniz?" sualına "havası gözəldir" və s. bu kimi verəcəyiniz cavab şansınızı azaldır. Bunun baş verməməsi üçün "Amerikada təhsil almaq şansım çox azdır, universitetlər bahadır və sizin universitetiniz təqaüd verir. Professorlarınızın fəaliyyətini araşdırdım və xoşuma gəldi" tipli cavablar verməyə çalışın. Unutmayın ki, nə qədər tutarlı və aydın cavab versəniz, o qədər yaxşıdır.
Özünüz haqda yazının sonunda təhsilinizi bitirdikdən sonra ölkənizə qayıdıb hansı işləri görəcəyiniz, nə kimi yeniliklər etmək istədiyiniz barədə yazın. Amerika dövləti sonradan geri qayıtmaq istəyən tələbələrə böyük güzəştlər edir. Sizin yaşadığınız həyat nə qədər sıxıntılı və çətinliklərlə doludursa, təqaüd almaq şansınız bir o qədər çoxdur.
Amerika universitetləri sizin üçün böyük pullar ödəyir və onu geri istəmir. Siz onları inandırmalısınız ki, təhsilinizi başa vurduqdan sonra xalqınız və ümumiyyətlə, bütün bəşəriyyət üçün xeyirli işlər görəcəksiniz. Bu inamı isə siz müsahibə zamanı və yazdıqlarınız ilə qazanmağa çalışmalısınız.
Gələn suallara cavab:
Təqaüd necə qazanılır?
Qeyd edim ki, təqaüdü universitet verir və hər bir universitetin fərqli şərtləri ola bilər. Əgər idman, musiqi və s. bu kimi sahələrdə uğurlarınız varsa, onda təqaüd almaq şanslarınız bir daha yüksəlir. Bundan başqa, universitetlərin saytında daha öncə təqaüd almış tələbərin özkeçmişinə baxın və işinizi ona uyğun olaraq planlaşdırın.
Təqaüd almaq şərtləri nələrdir?
Yuxarıda da qeyd etdiyim kimi, dolğun şəkildə yazılmış esse, tərcümeyi-hal vacib şərtdir. Bundan başqa, məktəb və tələbəlik zamanı qazanılmış uğurlar, seminarlar, klublar və s. də sizin şanslarınızı artırır.
Qeyd etdiyim məsələlər magistratura təhsilinə aiddir. Bəzi fakültələr magistratura üçün GRE, GMAT kimi sertifikatlar da tələb edir ki, bunu da həmin universitetlərlə müzakirə etmək lazımdır. Bunun üçün həmin universitetlərin qəbul şərtləri ilə maraqlanmaq və daha sonra addım atmaq lazımdır. İkinci magistr təhsili almaq istəyirsinizsə, sizdən GRE və GMAT tələb olunmaya bilər və bunu da e-mail vasitəsilə aydınlaşdıra bilərsiniz.
Amerikada tamamilə ödənişsiz universitet varmı?
Bəli, var! Harvard və Yel kimi universitetlər kasıb və imkansız ailələrin övladları üçün tamamilə pulsuz təhsil təklif edir. Başqa universitetlər əgər təhsil haqqını ödəyirsə, mütləq gedin, çünki universitetlərin tərkibinə yerləşən kitabxana, zal və s. kimi yerlərdə həftədə iyirmi saat işləmək hüququnuz var.
Son olaraq, çalışın ki, Vaşinqton, Nyu-York və s. kimi mərkəz şəhərlərin universitetlərinə müraciət etməyəsiniz. Çünki bu universitetlərdə rəqabət güclüdür və şansınız daha azdır. Buna görə də ucqarlarda yerləşən universitetlərə istiqamətlənmək daha məsləhətdir.
Gülayat Hacıyeva
Milli.Az