Cəmiyyət

Səməd Vurğun haqqında Ağdaş xatirələri

24 Aprel 2015 18:33
0 Şərh     Baxış: 5 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
XX əsr Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğunu zaman bizdən uzaqlaşdırdıqca şairin poeziyasına olan ümumxalq məhəbbəti və ölməz şairimiz haqqında xatirələr onu daha da yaxınlaşdırır.

Yurdumuzun elə bir güşəsi olmaz ki, XX əsr Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğunun orada ayaq izləri və şirin xatirələri qalmış olmasın. İftixar hissi ilə demək olar ki, səmimi və mehriban şairi ağdaşlılar da çox sevmiş və onun xatirəsini bu gün də ehtiramla yad edirlər. Təsadüfi deyildir ki, dahi şairimiz 1938-ci ildə Ağdaş seçki dairəsindən Azərbaycan Respublikasının Ali Sovetinin deputatı seçilmişdir.

Ağdaşda S. Vurğunun çoxlu dostları və qohumları olub. Onlardan şairin xalası qızı, respublikanın Əməkdar müəllimi Nəzifə Kərimovanı, əmisi oğlu İbrahim Vəkilovu, yaxın dostları Məmmədrəhim Şirinzadəni, Məmmədəli Əliyevi, Hümmət Zahidovu və başqalarını misal göstərmək olar. Təəssüf ki, artıq şairin dostları dünyalarını dəyişiblər.

S. Vurğun poeziyasının pərəstişkarı olduğum üçün şairin Ağdaşda olan qohum və dostlarının bir çoxu ilə görüşüb, şair haqqında onların söylədikləri xatirələri qələmə almaq mənə nəsib olub. Mənə elə gəlir ki, bu xatirələr Səməd Vurğun poeziyasının pərəstişkarları üçün də maraqlı olar.

Şairin Ağdaşda yaşayan xalası qızı, ömrünün 55 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edən Ləki qəsəbə orta məktəbində direktor vəzifəsində işləmiş və respublikanın Əməkdar müəllimi olmuş, Nəzifə Kərimovanın söylədiyi xatirələr maraqlıdır. O danışırdı ki, Səməd Vurğun Qazax tərəflərə gedəndə də, qayıdanda da məni yoxlamamış, bizdə dincini almamış ötməzdi: "Günlərin birində evimizin həyət darvazası açıldı, Səməd öz "Pobeda"sında həyətə girdi. Biz səmimi və mehriban görüşdük. O, həmişə mənə xalaqızı deyə müraciət edərdi. Onlar 3 nəfər idilər. Maşından onun ov tulası da düşdü. Mən qonaqları evə dəvət etdim. Özüm isə həyətdə çay-çörək hazırlamağa başladım. Elə bu vaxt Səmədin ov tulası həyətdən çıxıb getdi. Mən çox pərt oldum. İtin getməsini Səmədə dedim. Səməd mənim həyəcan keçirdiyimi görüb dedi:

- Xalaqızı, mənim itim bəzi adamlardan ağıllıdır, hara getsə qayıdacaqdır.

Doğrudan da, çox keçmədi ki, ov tulası qayıdıb gəldi".

***

Günlərin birində Səməd Vurğun qızı Aybənizlə bizə gəlmişdi. Səmədin "Reks" adlı ov tulası evdə xalçanın üstündə gəzirdi. Mən itin evdə gəzdiyinə adət etmədiyimə görə narahat idim. Səmədin xətrinə dəyməsin deyə səsimi çıxartmırdım.

Aybəniz bunu hiss edib dedi:

Atam "Reks"i məndən çox istəyir.

Səməd dedi :

- Qələt eləmə, ikinizi də çox istəyirəm.

***

Şairin əmisi oğlu İbrahim Vəkilov Səməd Vurğunu xatırlayarkən danışırdı ki, Səməd Vurğun Ağdaşa tez-tez gələr və onunla da görüşməmiş getməzmiş: "Onun hər gəlişi evimizdə sevinc və şadlığa səbəb olurdu. Səməd qapımızdan həyə girəndə hay-küy salar, əl qaldırıb oynaya-oynaya üstümə gələr və deyərdi:

- Ayə İbrahim, nə durmusan, səndə əl qaldır oyna.

Beləliklə, biz oynaya-oynaya bir-birimizə yaxınlaşaraq qucaqlaşıb öpüşərdik. Həmin gün şairi tanıyan dostlar, tanışlar bizim evə yığışar, şairin duzlu, məzəli söhbətinə qulaq asar, təzə şeirlərini dinləyərdilər.

Bir dəfə Səməd məndən xahiş etdi ki, Bakıya gələndə ona yaxşı banlayan xoruz gətirim. Mən şairin xahişini yerinə yetirmək üçün belə bir xoruz götürüb qatarla Bakıya yola düşdüm. Qatarda xoruz o qədər banladı ki, adamlar təngə gələrək mənə müraciətlə dedilər :

- A kişi, bu xoruza bir əlac qılsana.

- Mən də əlacsız qalıb xoruzun pətənəyini yağladım, xoruz banladıqca pətənəyi çölə çıxır xoruzu ağrıdırdı. Beləliklə, xoruzun səsi kəsildi. Səhəri gün mən xoruzu şairə verib qayıtdım. Günlərin bir günü Ağdaşa yolu düşən şair bizə gəlmişdi. Söz xoruzdan düşəndə şair mənə dedi:

- İbrahim, o nə xoruzdu mənə gətirmisən?

Xoruz gələndən bir dəfə də olsun banlamayıb.

Mən yolda baş verən hadisəni olduğu kimi şairə danışdım. Əhvalatı eşidən şair gülməkdən uğunub getdi.

***

Şairin çox yaxın dostlarından biri rayonda Məməkişi dayı adı ilə tanınan Məmmədrahim Şirinzadə idi. O, rayonda çox hörmətli və nüfuzlu şəxslərdən biri idi. Məməkişi söyləyirdi ki, şairlə aralarında çox möhkəm dostluqları olub, Səmədlə zarafat da edərmişlər:

- 1956-cı ildə şair ağır xəstə yatarkən onun yanına getmişdim. Yanına heç kimi buraxmırdılar, lakin mənim Ağdaşdan gəldiyimi eşidən kimi yanına buraxılmağıma razılıq verdi. Şəhərdə mənim neft dükanım vardı, Səməd hər dəfə Ağdaşda olanda mənim dükanıma gələrdi. Biz burada çay içib, söhbət edərdik. Günlərin birində mən dükanı açıq qoyub qonşu həyətə namaz qılmağa keçmişdim. Qayıdarkən gördüm ki, Səməd mənim yerimdə əyləşib, gələnlərə neft verib, yola salır. Xoş-beşdən sonra soruşdum ki, Səməd, neçə adama neft vermisən? Cavab verdi ki, 3 adama neft paylamışam. Dedim ki, bəs pullar hanı? Şair cavab verdi:

- Ayə, nə pullar? Mən Məməkişi deyiləm ki, neft satım, pul qazanım. Mən sənə sağlığında xeyrat paylamışam.

Söz tapa bilməyib güldüm.

Şairin yaxın dostlarından biri də ləkili Məmmədəli kişi idi. O, uzun müddət Kürqırağı kəndlərdə kolxoz sədri işləmişdi. Günlərin birində Məmmədəli kişi atı minib Abad kəndinə tərəf gedirmiş. Görür ki, yolun kənarında bir "Pobeda" maşını palçığa batıb. Maşının yanında duran Səməd Vurğun atlıya müraciətlə maşını palçıqdan çıxarmağa kömək etməsini xahiş edir. Məmmədəli kişi təkəbbürlük edərək, cavab qaytararaq deyir:

- Ədə, zalım oğlu, mən sənə maşın çıxardanam...

Bu vaxt maşının yanında olan adamlardan biri deyir:

- A kişi, heç bilirsən kimlə danışırsan?

Məmmədəli kişi Səməd Vurğunun adını eşidən kimi atdan yerə enib, şairi qucaqlayıb bağrına basır və dönə-dönə üzr istəyir. Dərhal kəndin adamlarını çağırıb, maşını palçıqdan çıxarıb Səmədi evinə qonaq aparır. O vaxtdan da bu iki şəxsin dostluğu başlayır. Bu dostluğun nümunəsi kimi Səməd Vurğunun Məmmədəli kişiyə bağışladığı və ova çıxarkən əyninə geydiyi, üstündə ov qətəri olan meşin cilid hazırda da Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində əziz yadigar əşya kimi saxlanılır.

***

Ağdaşın tanınmış ziyalılarından biri uzun müddət müəllim, "Əmək" qəzetində şöbə müdiri işləmiş, şair-tədqiqatçı, Kükəl kənd sakini Vahid Zamanın (Vahid Fərzəliyev) xatirələri də maraqlıdır:

- 1938-ci ilin iyun ayı idi, uşaq idim, altı yaşım olardı. Səhər yuxudan oyananda kənddə zurna-balaban səsi eşitdim. Nənəm dedi ki, bəs seçki keçirilir, şair Səməd Vurğun kəndimizə qonaq gəlib. Görüş Kükəl kənd məktəbində keçirilirdi. Nənəm mənim əlimdən tutub məktəbə - şairlə görüşə apardı. Səməd Vurğun mənə əl uzadıb başımı sığalladı və dedi:

- "Ayə, komsomol, necəsən? Onun bu nəvazişini ömrüm boyu unutmayacağam. Səməd Qızqayıt adlı bir qızla "Tərəkəmə" havasına oynadı. Məktəb xalça-palazla, gül-çiçəklə bəzədilmişdi. Uşaqdan-böyüyə kimi bütün kənd camaatı burada idi. Hətta qonşu kəndlərdən də çoxlu adam gəlmişdi. Səməd Vurğun burada təzə yazdığı "Şadlıq" şeirini də oxudu...

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.