Belə baxanda kişi hesab etdiklərimizin nakişi çıxmağındansa, gey çıxmağı daha məqsədəuyğundur.
Müsahiblərimin biri gey olduğunu etiraf etmişdi. Hətta demişdi ki, Azərbaycan kişilərinin 99%-i latent geydir. Çünki Ümumdünya Səhiyyə Təşkilatının fikrincə, homoseksuallıq seçim və ya xəstəlik deyil. Ancaq homofobiya (cinsə görə dəyərləndirmə, cinsi ayrı-seçkilik) xəstəlikdir.
Heç kimə sirr deyil ki, qadına istiqamətlənmiş ən böyük təhqir "fahişə" hesab edilirsə, yaşadığımız cəmiyyətdə kişinin təhqir olunması üçün bir "gey" demək kifayət edir. Təbii ki, məişətdə biz "gey" kəlməsini Puşkinin, Yeseninin xoruzu səslədiyi sözlə ifadə edirik. Simvolik olaraq bu ifadəni yazı boyunca "P" hərfi ilə əvəz edəcəyəm.
Doxsanıncı illərin əvvəllərində qəfildən Bakı küçələrinə başqa planetlərdən homoseksuallar gəldilər. Onlar, təbii ki, bir günün içində doğulub böyüməmişdilər. Bakı küçələrindəki "P"lar Sovet dövrünün dölləri, müstəqillik dövrünün isə yetim balaları idi. Doxsanıncı illərdə onlar çoxalmağa, iki minlərdə isə şişməyə başladılar. "P"lar əvvəllər üfunət saçan yarımtikililərdə məskunlaşır, Bakının ən təhlükəli küçələrində müştəri gözləyirdilər. Bu küçələr isə adətən, tarixən şəhərin vurub-yıxan dağlı cayıllarının yaşadığı həndəvərlərə təsadüf edirdi. İki mininci illərin əvvəllərində "P"lar Bakıda intibah dövrünə keçid aldılar. Artıq "P" deyəndə ağla müştəri üstündə qancıq savaşına çıxmış transseksuallar deyil, JEEP-lər, villalar, pullar, restoranlar gəlirdi. Homoseksualların yüksək rifahı, maddi imkanları kişilərin çoxunun yuxusunu ərşə çəkməyə başladı. "Haqq yol"a gələnlər şişə bildikcə şişdilər. Televiziyalar, gündəm onların xeyrinə işlədi. Bir zamanlar haqqında qorxa-qorxa danışdığımız "nurçu" adlanan dini kəsimin yaxşı həyatla ətrafına adam yığmaq metodu ilə "g(k)eyləşdirmə" başladı.
Əgər səmanın altında bir parça şüşə olsaydı, üzərinə qonub aşağı baxmaq istərdinizmi? Baxsaydınız, nə görərdiniz? Heç olubmu özünüzə sual edəsiniz: bu qədər "P" və dindar qəfil haradan peyda oldu? Homoseksuallıq seçim deyilsə, bu, həqiqətən də fizioloji prosesdirsə, niyə ətrafda bircə nəfər də olsun, maddi imkansızlıq çəkən "gey" yoxdur? Və ya bu qədər "P" kimlərə xidmət edir ki, pula pul demirlər? Belə çıxır ki, bizdə başını aşağı salıb homoseksuallığını edən yox, seks xidməti göstərib pul qazanan "P"lar var. Yox, kiminsə cibini və yaxud da bədən üzvlərini güdmək, siyahılaşdırmaq fikrim yoxdur. Sadəcə əminəm ki, artıq valideynlər qızlarından çox, oğlanlarının gələcəyi üçün qorxurlar. Özündəndeyən hüquq müdafiəçiləri belə, "övladınız homoseksual olsaydı, nə edərdiniz?" sualı qarşısında acizdirlər. Əgər tolerantlıq göstərəcəyini deyirsə, saxtakardır.
Əvvəllər maddi imkansızlıq çəkən kişilər "kaş ki, qız doğulaydım" deyirdilərsə, yavaş-yavaş cümləni sağa-sola çəkməyə başlayırlar. Ac özünü qılınca verər, lazım gəlsə, Tbilisi prospektinə də. "P"ların rəngli həyatlarına baxıb "Mən niyə "gey" deyiləm axı?" sualını verən kişini görmək, üstünə qaynar su tökülüb yandırılan qadın görməkdən daha dəhşətlidir. Ölkədə qadın yox, kişi faciəsi var. Onsuz da bütün qadın faciələrinin altından kişi yazıqlığı boylanır.
Bir şəhərin qadını gülmürsə, demək ki, orada kişi yoxdur. Qadınların gözündə kədərdən, vahimədən başqa heç nə oxunmur.
Çiyni salxaq, saçları vaxtsız ağarmış, üzü qapqara kişilər... Bu simaları əvvəllər zavodların buraxdığı zəhərli qazların təsirindən ancaq Sumqayıtda görmək mümkün idi.
Hazırda Bakıda homoseksuallar üçün hər cür şərait var. Gey-klublar, barlar, hətta geylər üçün xüsusi gözəllik salonları. Pullu dayıların gey fahişələrinə aylıq xərclədikləri pullarla iki ailə yaşaya bilər. Ailə başcıları var ki, hər gecə körpəsi onu əliboş görməsin deyə evə uşaqlar yuxuya gedəndən sonra gəlirlər.
Beynəlxalq təşkilatların "orientasiya xəritəsi" adlı broşur materialı var. Materialda homoseksualların işarə edildiyi rəqəmlər mavi və çəhrayı, heteroseksuallar (yalnız qarşı cinsə meylli olanlar) qara rəngdə qeyd edilirlər. Kişiliyin üstündən qara xətt çəkilir.
Üzünüz qara olsun.
Günay Arda
Milli.Az