Cəmiyyət

"Qazandığım uğurlara görə anama borcluyam" - FOTO

21 Oktyabr 2014 17:21
0 Şərh     Baxış: 2 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

99 yaşlı Sosialist Əməyi Qəhrəmanı, akademik İsmayıl İbrahimovun həyat yolu

Aldığı mükafatları, adları, fəxri fərmanları, orden və medalları saymaqla bitən deyil. Təkcə 40-a yaxın orden və medalı var. "I dərəcəli Vətən Müharibəsi Ordeni", "Qafqazın müdafiəsinə görə" medala layiq görülmüş texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 20 il Azərbaycan Dövlət Neft Akademiyasının rektoru olmuş və ən nəhayət Sosialist Əməyi Qəhrəmanı 99 yaşlı İsmayıl İbrahimov. 99 yaşı olmasına baxmayaraq, Azərbaycanın ilk informatika alimi çox rahatlıqla bizimlə maraqlı söhbət etdi, həyat yolunu bölüşdü.

"Anam ağladı ki, oğlum fəhlə olmamalıdır"

1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Ailədə 8 uşaq olsalar da, sağ qalan birinci və sonuncu uşaq olub. Qalan 6 uşaq 1 yaşına çatmamış rəhmətə gediblər. Sonbeşik İsmayıl dünyaya gələrkən atası Məkkəyə gedən dostuna çoxlu qızıl pul verib tapşırıb ki, sonbeşiyinin salamat qalması üçün orada ehsan paylasın. Həm də dostundan xahiş edir ki, İsmayıl üçün Məkkədən Quran alsın. Maraqlıdır ki, İsmayıl İbrahimov həmin Quranı hələ də üstündə gəzdirir. Qara parçaya bükülmüş bu Quranın onu həmişə, müharibədə də qoruduğunu deyir. Beləliklə, evin ilki və sonbeşiyi sağ qalır. Amma İsmayıl 2 yaşındaykən atasını itirir. Onu və qardaşını 9 yaşında ailə quran və heç bir təhsili olmayan anası saxlayır: "Atam sağkən anama paltartikən maşın almışdı. Anam dərziliklə bizi böyütdü. Böyük qardaşım Məmmədbağır tibb sahəsində elmlər doktoru, professor oldu. Qardaşım instituta daxil olarkən Bakıya gəldiyindən anam və mən də oraya getdik. 4-cü sinifdən Bakıdakı 160 saylı məktəbdə təhsilimi davam etdirdim. Amma 2 il sonra qardaşım oxuya-oxuya ailəni saxlaya bilməyəcəyini görüb anama deyib ki, İsmayıl da işləyib evə pul gətirsin. Anam da ağladı ki, "mənim oğlum fəhlə olmamalıdır". Bundan sonra qardaşımla qərara gəlirlər ki, mən N.Nərimanov adına texnikumda təhsilimi davam etdirim, təqaüd alaraq özümü dolandırım. Texnikumun direktoru mənim yetim olduğumu biləndə məni laborant kimi işə götürdü ki, maaş da alım. Hələ üstəlik, texnikumun yeməkxanasına tapşırdı ki, mənə hər gün pulsuz yemək versinlər".

Laborantlıqdan rektorluğa

Texnikumu bitirdikdən sonra 5 nəfəri - 3 yəhudi, 1 erməni və İsmayılı oxumaq üçün M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyasına - L.M.) açılan yeni ixtisas - nəzarət ölçü cihazları - üzrə təhsil almağa göndərdilər. Burada da yataqxanada qalıb təqaüdlə dolanır. institutu bitirdikdən sonra Böyük Vətən müharibəsi başlayır. Müharibə illərində o, tağım komandiri vəzifəsindən əlahiddə hissə - rabitə batalyonunun komandiri vəzifəsinədək yüksəlir. Müharibə qurtardıqdan bir il sonra ordudan tərxis olur. Moskvada işləyən qardaşı onu yanına çağırıb oradakı zavodda işləməyi təklif edir. Gənc İsmayıl isə Bakıya dönmək istədiyini deyir. Beləliklə, 1946-cı ildə Azərbaycan Sənaye İnstitutuna qayıdır. Müəllimlərindən biri onu rektorun yanına aparıb nəzarət-ölçü cihazları üzrə yeganə azərbaycanlı mütəxəssis olduğunu və laborant kimi işə götürülməsini xahiş edir. Ancaq söhbətə qarışan kafedra müdiri İsmayılın iş təcrübəsinin olmadığını deyir, məsləhət görür ki, Krasnavodskda amerikanların tikdiyi neft emalı zavodunda bir il çalışsın, sonra institutda işə başlasın. Bir il iş təcrübəsi qazanandan sonra o, təhsil aldığı institutun nəzarət-ölçü cihazları kafedrasında baş laborant vəzifəsinə təyin olunur. Sonra yavaş-yavaş vəzifəsi böyüyərək rektorluğa qədər yol keçir. Eyni zamand institutda partiya katibinin müavini, katib olur. 10 il institutda rektor vəzifəsini icra edir.

Heydər Əliyev dedi ki...

Heydər Əliyev hakimiyyətə gələndən sonra isə 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilir. Eyni vaxtda institutda müəllim kimi çalışır: "65 yaşımda Heydər Əliyevin yanına getdim ki, vəzifəmdən azad olacağam, amma müəllim kimi işimi davam etdirmək istəyirəm. H.Əliyev dedi ki, "sən məsul işdə işləməlisən". Beləliklə, növbəti 10 ili də institutda rektor kimi çalışdım. 70 yaşımda mənə institut rektoru kimi Sosialist Əməyi Qəhrəmanı adı verildi".
Yaşa görə rektorluqda uzaqlaşdıqda isə Kibernetika, eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları İnstitutundan iş təklifi alır. Hazırda Kibernetika İnstitutunda tam, Rabitə və İnformasiya İnstitutunda isə yarımştat baş elmi işçi kimi çalışır. Bundan başqa, 1988-ci ildən Sovet Uşaq Fondunun Azərbaycan şöbəsinin sədri, müstəqillik qazanandan indiyə kimi isə Respublika Uşaq Fonduna rəhbərlik edir.

99 yaşda sağlam qalmasının səbəbi

Hər gün işə gedib gəlmədiyini deyən İ.İsmayılov Uşaq Fondunun iclaslarını evdə keçirdiyini, institutdakı işiylə bağlı göstərişlərini, məsləhətlərini isə telefonla verdiyini deyir. Özünü sağlam və gümrah hiss edir. Yalnız yaşlanması ilə əlaqədar gözü zəif görür, qulaqları zəif eşidir, bir az da ayaqları taqətdən düşüb. Amma hansısa xəstəlikdən şikayətçi deyil. Deyir ki, sağlamlığına görə ilk növbədə həyat yoldaşı 89 yaşlı Məryəm xanıma minnətdardır: "Məryəm xanım da indiki Neft Akademiyasını bitirib. Övladlarımızı çox gözəl tərbiyə edib. Heç vaxt ailəmizdə mübahisə olmayıb. Sağlamlığımın digər səbəbi isə hər il xaricdə sanatoriyalarda dincəlməyimizdir".

"Nəvəm Anqolada prezident olan tələbəmin müşaviridir"

Övladları, nəvələri barədə də ağızdolusu danışan müsahibimiz oğlanlarının ikisinin elmlər doktoru, qızının isə elmlər namizədi olduğunu deyir: "Akif riyaziyyat üzrə professordur, Amerikada çalışır, Aydın isə dünya iqtisadiyyatı üzrə müdafiə edib və Türkiyədə işləyir. Qızım isə Tibb Universitetində dosentdir. Beş nəvəm, beş nəticəm var. Aralarında Amerika, Almaniya, Türkiyə, Moskvada və Bakıda təhsil alanlar var".

İ.İbrahimovun nəvələrindən biri isə Anqola prezidentinin dəvətilə sözügedən ölkədə çalışır: "Anqolanın prezidenti Joze Eduardo dos Santos vaxtilə rektor olduğum Neft Akademiyasında təhsil alıb. Bir neçə il əvvəl məni ölkələrinə qonaq çağırdı. Neft Akademiyasında sonuncu kursda təhsil alan nəvəmlə birgə getdik. Mənə dedi ki, nəvəm institutu bitirəndə onu Anqolaya işləməyə göndərim. Mən də göndərdim. Hazırda Prezident Aparatında müşavir kimi çalışır".

Oğlanlarının xaricdə yaşamasına baxmayaraq, daim valideynlərinə diqqət ayırdıqlarını deyən həmsöhbətimiz onlardan razılığını bildirdi: "Uşaqlarım məzuniyyətləri olan kimi bütün vaxtlarını ata-anası ilə keçirmək üçün Bakıya gəlirlər. Mənə onların maddi köməyi lazım deyil. Həm hökumət, həm prezident təqaüdü alıram. Sosialist Əməyi Qəhrəmanı kimi hökumət mənə ayda min manat təqaüd verir, bundan başqa, işlədiyim institutlardan maaş alıram. Maddi baxımdan ailəmi təmin edirəm. Mənə diqqət lazımdır, bunu da övladlarımdan görürəm.".

"Sağlamlığına, təhsilinə və dostlarına diqqət elə"

İ.İbrahimov Amerikaya təhsil almaq üçün yola saldığı nəvəsinin timsalında bütün gənclərimizə məsləhətlərini də verdi: "Nəvəmi Amerikaya yola salanda dedim ki, sənə bir neçə tövsiyəm var. Birincisi, qidalanmağına və sağlamlığına diqqət elə. Çünki hər şey sağlamlıqdan başlayır. İkincisi, təhsilinə fikir ver. Çünki inkişaf təhsildən başlayır. Üçüncüsü, təsadüfi adamlarla yoldaşlıq etmə, dost seçəndə ehtiyatlı ol. Çünki sənin həyatında dostluq etdiyin insanlardan çox şey asılıdır. Mən bu tövsiyyələri bütün gənclərimizə məsləhət görürəm. Bir də harda oxusalar, işləsələr də Azərbaycanı unutmasınlar".

"Anama borcluyam"


Həmsöhbətimiz həyatda, karyera yolunda qazandığı uğurlarına görə anasına borclu olduğunu deyir: "Mən anamın hesabına bu həyatı bu cür yaşamışam. 2 yaşımdan anam məni dərziliklə böyüdüb, oxudub. Düzdür, dövlət pulsuz yataqxana, təqaüd, vəzifə verib. Amma təmiz anam olmasaydı, bu günə kimi qazandıqlarımın heç biri olmazdı. Mən də öz növbəmdə Böyük Vətən Müharibəsi dövründə hər ay zabit kimi aldığım maaşı anama göndərmişəm, Bakıya qayıdanda da onu yanımda saxlamışam. Bu günə çatmağımda məndən 10 yaş böyük , Qazaxıstanda yaxşı vəzifələrdə çalışan, amma hazırda haqqın dərgahına qovuşan qardaşımın da rolu olub".

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.