Cəmiyyət

Danışmaq gümüşdür, o da hər zaman yox...

20 Avqust 2014 15:04
0 Şərh     Baxış: 1 386
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çox danışan insanlarda yaranan xəstəliklər və onunla mübarizə

"İnsan özünü sübut üçün çox danışır"

Əhatəmizdə belə adamlar çoxdur. Danışdıqca danışırlar. Məşhur məsəldə deyildiyi kimi, 5 qəpik verib danışdırırsansa, 10 qəpiyə susmurlar... Bir az kobud səslənsə də, əslində belədir. Bunun adına xəstəlik də demək olar, özünü ifadə problemi də. Bütün hallarda insan bu davranışı ilə ətrafındakılarda ikrah doğurur. Ətrafı ilə yanaşı, çox danışmağı öz sağlamlığına da müxtəlif zərbələr vurur.

Biz jurnalistlərin bəxti də bu sarıdan gətirməyib. Peşəsi insanları danışdırmaq olan bizlər də danışmaq xəstəliyinə tutulan müsahiblərin əlinə düşürük çox vaxt. Onlar danışdıqca danışmaq, biz isə suallarımıza tez cavab alaraq danışığı yekunlaşdırmaq arzusunda olduğumuz üçün ünsiyyət çox vaxt arzuedilməz olur.

Yaxşı, bəs bu xəstəliyin mənbəyi və səbəbləri nələrdir? Çox danışan insanlarda hansı xəstəliklər özünü göstərir?

Qadınlar gün ərzində 700 min sözdən istifadə edirlər

Çox danışmaq ağlın azlığına, yalan danışmaq iradənin süstlüyünə, səsin yorğunluğu isə gücün zəifliyinə dəlalət edir... Bu, məşhur kəlamlardan biridir. Bu günə qədər aparılan araşdırmalara inansaq, əslində qadınlar kişilərdən çox danışırlar. Bu, təbiətin qanunudur. Belə ki, bir qadın gün ərzində çox rahatlıqla 700 min söz və 300 səs tonundan istifadə edir. Bununla yanaşı, danışan zaman bədən dilindən də istifadə edirlər. Əl-qol hərəkətləri daxil hər bir qadın gün ərzində 21 min ünsiyyət vasitəsindən istifadə edir. Elm adamlarına görə, qadınlarda beynin sol tərəfi müxtəlif dərəcələrdə və müddətlərdə danışmaq üçün siqnal ötürür.

Qadınların beyinlərinin sol - ön tərəfində müəyyən bir bölgə var ki, bunun sayəsində danışma funskiyası həyata keçirilir. Sağ tərəfdə də danışma funksiyasını yerinə yetirən mərkəz var. Bu iki tərəfin funksiyası ilə qadınlar daha çox danışır. Beyinlərinin yaradılma formasına görə qadınlar danışarkən başqa işləri də rahatlıqla həyata keçirə bilirlər. Buna görə də qadınlar hər yerdə danışmağı sevirlər. Beyinlərinin hər iki tərəfində danışma funksiyası olduğu üçün qadınlar xarici dili daha tez mənimsəyirlər.

Araşdırmalara görə, qadınlar kişilərdən 3 dəfə daha çox danışırlar.

Çox danışanlarda boyun yırtığı, yaddaş pozuntusu

Dediyimiz kimi, bunun fəsadları da var. Müəyyən edilib ki, uzun müddət telefonla danışmaq boyun yırtığı və beyində xərçəng yaranmasına səbəb olur. Bütün günü baş ağrılarından şikayətlənən insanların başının ağrımasının da səbəblərindən biri uzun müddət telefonla danışmaqdır.

Telefon dalğaları boyun yırtığına səbəb olub, beyin hüceyrələrinə mənfi təsir göstərərək, xərçəngin yaranmasına səbəb olur. Bununla belə, telefon ən çox bel nahiyəsində daşındığı üçün dalğalar beldə də yırtığın yaranmasına yol açır.

6 dəqiqədən çox telefonla danışdıqda, qulaq ətrafında istilik artır, bu da insanda baş ağrısı, yuxusuzluq, yaddaş pozuntusu, hüceyrələrdə pozuntulara gətirib çıxarır.

Bununla yanaşı, mobil telefonla gündə 30 dəqiqədən artıq danışmaq beyin xərçəngi riskini bir neçə dəfə artırır. Araşdırmada 13 ölkədən 30 yaşdan yuxarı olan 5 mindən artıq insan iştirak edib. Mütəxəssislər mobil telefonu qulaqcıqla istifadə etməyi məsləhət görürlər. Çünki təcrübə çərçivəsində telefondan gündə 30 dəqiqədən az və qulaqcıqla istifadə zamanı xərçəngə yoluxma halı qeydə alınmayıb.

Alimlər xüsusilə 30 yaşdan aşağı olan insanlar arasında cib telefonundan istifadənin kütləvi hal aldığını bildirirlər. "Ağır istifadəçilər" adlandırılan bu qrup gündə 30 dəqiqədən çox telefondan istifadə edir. Təcrübə aparılan qrupa aid olan insanlar isə ayda iki saatdan artıq telefona vaxt sərf etmirlər.

Türkiyənin ağız, diş və çənə cərrahı Cem Üngör isə bildirib ki, xüsusən qadınlarda özünü göstərən çənə oynağı xəstəliyinin baş qaldırması onların çox danışmaları və keçirdikləri streslə bağlıdır. Çənə xəstəlikləri modern cəmiyyətlərdə özünü çox göstərir.

Artıq gənclər bir-birini dinləmirlər...

Miçiqan Universiteti tələbələr arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Məlum olub ki, müasir tələbələr 10 il əvvəlkilərlə müqayisədə 40 faiz daha az ünsiyyətə meyllidirlər. Daha dəqiq desək, onlar qarşılarındakı insana daha az qulaq asıb, daha çox danışırlar. Bu mövzu ilə bağlı kitab yazan Darlene Mininni adlı müəllif yaranmış bu vəziyyəti belə izah edr: "Əgər bir insan daim danışır, digəri isə sadəcə onu dinləyirsə, bu, heç də sağlam ünsiyyət sayılmır. Dinləyən tərəf əvvəl-axır partlamağa hazır vəziyyətə gələcək. Təbii ki, bəzən sizin üçün çox vacib olan bir xəbəri nəfəsinizi dərmədən dostlarınızla paylaşdığınız anlar ola bilər. Bu, normaldır. Amma dediyimiz hal adət halını alırsa, o zaman ciddi problemdən danışmaq olar".

Çox danışan insan öz ətrafını danışığı ilə nəzarət altına almaq istəyir. O, danışmadığı vaxt nəzarətin, idarənin əlindən alındığını düşünür və özünü təhlükə altında, qorumasız hiss edir. Əslində bu, bir özünə güvən problemidir. Bəziləri də çox danışaraq özlərini sübut etməyə çalışır.

Dünyanın ən çox danışanı... Amerikadadır...

Dünyanın ən sürətlə danışan qadını Amerikada yaşayır. Nyu-York ştatında yaşayan 54 yaşlı Fran Kapo uşaq yaşından etibarən sürətlə danışır. O, 1986-cı ildə radioların birinə işə qəbul olunub. Qadın sürətlə danışıq bacarığından bəhrələnərək ən tanınmış DJ-lərdən birinə çevrilib. Fran Kapo deyir ki, uşaqlıqdan bu bacarığı ilə hər kəsi heyrətləndirirmiş. Qadın bu bacarığı sayəsində adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb. Qeyd edək ki, Fran Kapo bir dəqiqəyə 585 kəlmə deyə bilir.

Çox danışanlarla faydalı mübarizə üsulları

Amma çox danışan insanlarla mübarizənin də yolları var. Məsələn, hesab edək ki, dostunuz dayanmadan danışr və sizin darıxdığınızın fərqində də deyil. O zaman bunu ifadə etməyin vaxtı çatıb. Birincisi, başınızı başqa tərəfə çevirin. Böyük ehtimalla dostunuz sizdən bunun səbəbini soruşacaq. Siz də fikrinizin başqa yerdə olduğunu deyərək istədiyiniz mövzuya girin: "Mənim də sənə danışacaqlarım var. Sənə danışmaq üçün çox gözləyə bilməyəcəm. Dünən bir iş görüşünə getdim və məni dinləməyini istəyirəm. Çünki sənin fikirlərin mənim üçün çox vacibdir". Psixoloqlar hesab edirlər ki, bu cür girişdən sonra hətta ən danışqan adam belə sözünü kəsib sizi dinləməyə məcbur olacaq.

Bundan başqa, çox danışan insanlara yaxın ətrafı bunun qüsur, hətta xəstəlik həddinə çatan bir qüsur olduğunu bildirməlidir. Əks halda, çox danışan insan bunu normal hal kimi qəbul edib, mühazirələrinin faydalı olması fikrinə düşəcək.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.