Bir neçə gündür ki, Azərbaycanda çimərlik mövsümü rəsmən açıq elan edilib. Buna rəğmən, Xəzər sahilindəki açıq çimərliklərdə, ayrı-ayrı istirahət mərkəzlərində əvvəlki illərdəki kimi canlanma müşahidə olunmur. Əsas səbəb son günlər havaların qeyri-sabit keçməsidir. Xüsusilə Nabranda yerləşən istirahət mərkəzləri günlərdir öz qapılarını müştərilərin üzünə bağlayıb. Beləliklə, yolumuz Nabranadır...Nabranı seçənlər bu reportajda qiymətlər və yeniliklərlə tanış ola bilərlər...
Bakıdan təxminən 230 kilometr uzaqlıqda yerləşən bu istirahət zonası bir çox üstünlükləri ilə başqalarından fərqlənir. Hələ sovet dövründə burada Həmkarlar İttifaqları nəzdində olan istirahət bazaları vətəndaşların istifadəsinə verilib. Onlar bu gün də fəaliyyət göstərir.
Rayon ərazisində düz sahilədək bitən sıx meşəlik sahələrdə 8 çay, 3 süni göl, şirin su ehtiyatları, o cümlədən termal və mineral bulaqlar var. Çoxsaylı mineral bulaqların içərisində ən məşhuru fəvvarə vuran İstisudur. İstirahət mərkəzlərinə gedən yolda açıq xalq çimərliklərinə baxırıq. Sahildə tək-tük adama rast gəlirik. Onlar da mal-qaranı dəniz qırağına aparan çobanlardır. Bələdçimiz sahil boyunca rast gəldiyimiz inəkləri göstərib deyir ki, buralar hər zaman "qonaqlı-qaralı" olur.
Eyni zamanda xalq çimərlikləri kimi ayrılmış yerlərdə zibillik və antisanitariya nəzərimizdən qaçmır. Çimərliklərdən birində çalışan Aqil Mahmudov adlı Xaçmaz sakini deyir ki, mövsüm açılandan İcra Hakimiyyətinə və bələdiyyəyə aid zibildaşıyan maşınları görməyiblər: "Əslində öyrəşdiyimiz mənzərədir. Məqsədləri istirahət mərkəzləri, xalq çimərliklərinə bizim kimi nəzarət edənlərdən pul qopartmaqdır. Bizim onların gündəlik zibilin daşınması üçün istədikləri pulu verməyə imkanımız yoxdur. Çünki bura xalq çimərliyidir. Giriş pulsuzdur. Zibilə görə hər gələndən 1-2 manat pul da ala bilmərik. Elə ona görə də, məcburən öz obyektimizin yan-yörəsinin təmizləməklə kifayətlənirik".
X X X
Nabrandakı məşhur istirahət mərkəzlərindən bir neçəsinə baş çəkib mövsüm hazırlıqları və qiymətlərlə maraqlandıq. İlk baş çəkdiyimiz məkan məşhur "Atlant" ailəvi istirahət və əyləncə mərkəzi oldu. Havaların qeyri-sabit keçməsi burada da müştəri qıtlığına səbəb olub. Bunu deməyə istirahət mərkəzindəki kottec və oteldə otaqların boş olması əsas verir. "Resepşin"dən bildirdilər ki, bu ildən fərqli olaraq ötən il otaqlar may ayından tutulubmuş: "Qiymətləri bir qədər də endirdik. Hətta ailəvi istirahət üçün bizim məkanı seçənlərə xüsusi endirimimiz var. Buna baxmayaraq müştəri azdır. Bəziləri deyir ki, bu, havaların sərin keçməsi ilə bağlıdır".
"Atlant"da sutkalıq tariflər və göstərilən xidmətlərin qiyməti belədir: 1 iyundan 1 iyuladək 40 AZN və 30 növ əyləncə, iyulun 1-dən 1 sentyabradək 45 AZN və 45 növ əyləncə, sentyabrın 1-dən sonrakı müddət üçün isə 35 AZN təşkil edir. İsveç masasında səhər yeməyi 4, nahar 8, şam yeməyi isə 7 man təşkil edir. 1 nəfərin istirahət qiyməti 45 AZN-ə, həftənin şənbə və bazar günləri isə 50 AZN-ə başa gəlir. Qiymətə otaq, 3 dəfə yemək, 50 növ əyləncə daxildir.
"Atlant"a gəlib qiymətlərdən narazı qalıb geri qayıdan Bakı sakini Əli Hacıyev bildirdi ki, burada bir günün xərci ilə Bodrumda 3 gün 3 gecə istirahət etmək olar: "Bura gələndə mənə dedilər ki, 1 gün üçün 50 AZN ödəyəcəksiniz. Lakin sonradan gördüm ki, əslində mənə göstərilməli olan xidmətlər bu qiymətə daxil deyil. Nə başınızı ağrıdım, hesabladım və gördüm ki, bir gün burda qalsam, azı 80-100 manatım gedəcək".
X X X
"Malibu"da olarkən öyrəndik ki, ötən il bu istirahət mərkəzində aparılan yoxlamalar və aşkarlanan ciddi qanun pozuntuları rəhbərliyin dəyişilməsi ilə nəticələnib. Hazırda "Malibu"ya Cihan Ateşgöz adlı Türkiyə vətəndaşı rəhbərlik edir.
İstirahət mərkəzindən bildirdilər ki, "Malibu" təzəliklə təmir olunub: "Yeniliklərimiz çoxdur. Onlardan biri də Bodrumda, Antalyada olduğu kimi, oteldə olan qonağın oteldən çıxmayaraq dənizdən, hovuzdan istifadə edə bilməsidir. Artıq bizim mərkəz də müştərilərə Azərbaycan və Avropa mətbəxinə aid təamları "İsveç stolu" tərzində təqdim edir. Düşünürük ki, bundan sonra müştərilərimizi daha yaxşı yola salacağıq. Əvvəllər nahar vaxtı istirahət mərkəzində 200 nəfərin hər birinə cəld və yüksək səviyyədə xidmət göstərmək çətin olurdu. Ofisiantların sayını ikiqata çıxartsaq da, problem dəyişmədi. Elə ona görə qərara aldıq ki, menyumuz "İsveç stolu" tərzində müştərilərimizə təqdim olunsun".
Burada istilik sistemi, daimi isti və soyuq su, peyk televiziyası, soyuducu olan 2 nəfərlik 1 otaqlı nömrələrin qiyməti 40 manatdan başlayır. İdman kompleksində futbol, basketbol, voleybol meydançaları, sauna, 3 hovuz var.
X X X
Nabrandan ayrılıb Bakıya qayıdarkən öyrəndik ki, bəzi məmurlar özləri üçün dənizkənarında villa tikdirir. Yerli sakinlərin sözlərinə görə, adi "JEK" müdirinin belə, burda 250-300 min manatlıq villası var. Sakinlər onların dənizi hasarlayaraq özəlləşdirmələrindən şikayətləndilər. Aqil adlı Xaçmaz sakini bildirdi ki, xalq çimərliklərini alan məmurlar ərazini öz mülklərinə çeviriblər: "İmkanları olsa, yolu kəsib deyərlər ki, başqa yerdən keçin. Ötən gün bu yolda çimərlik mallarını satan mağazaları polis gücünə bağlatdırdılar. İstəmirlər öz villalarının yaxınlığında hansısa bir obyekt olsun".
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.




