Cəmiyyət

Güc də Onundur, hikmət də...

1 May 2014 23:53
20 Şərh     Baxış: 3 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Haqqı üçün savaşa qalxan məğlub olmaz, ölsə də qalibdir. Qələbə ölməkdə, ya öldürməkdə deyil, haqlı, ya haqsız olmaqdadır. Haqlı olmaq - qalib olmaqdır.

Haqsız olan hər kəsi öldürüb, meydanda tək qalsa da məğlubdur.

***

Allah-Təalanın bir adı da Nurdur, hər şey Onun Nurunda görünür. Gözünə pərdə enmiş bir kor nemətin, gücün gerçək mənbəyini görə bilmədikcə haqdan uzaqlaşır, Haqdan uzaqlaşdıqca da özü öz gözündə böyüyür, özü öz gözündə böyüdükcə də Allahın sərhədlərini "tapdalamağa" başlayır, səlahiyyətlərini "mənimsəyir."

Kafir dediyin inkar edən deməkdir, Allahı, Onun Kitablarını, Peyğəmbərlərini, Haqqı inkar edən...

Kafirin küfrü artdıqca fitnələri də onunla birlikdə yüksəlir.

Nə qədər ki, sözü keçir; nə qədər ki, iradəsindən, ağlından, mənliyindən imtina etmişlər qarşısında boyun əyirlər; nə qədər ki, sonsuz Səbir Sahibi ona verdiyi ömür möhlətini uzadır; nə qədər ki, ölümün hənirtisini üz-gözündə hiss eləmir, Haqqa da, Haqq dostlarına da düşmən kəsilir, Nəmrud olub İbrahimi (ə.s.) oda atdırır, firon olub Musanın (ə.s.) qanına susayır, Əbu Cəhl olub Məhəmmədin (s.ə.s.) qətlinə fərman çıxarır...

***

İki nəfər savaşır, biri səlahiyyət sahibidir, əmrində ordular var, o biri tək-tənhadır, amma Haqqa söykəndiyini söyləyir. Uğrunda ölüm-qalım savaşına girdiyin amal sənin dəyərindir. Hər kəs öz amalı üçün savaşır.

Məqam kimin üçün səlahiyyətdir, kimin üçün vəbaldır, məsuliyyətdir.

Adam var, bir addım yuxarı qalxan kimi aşağıdakıları ayaqları altına alıb tapdalayır, adam da var, yuxarı qalxdıqca çiyninə qoyulan yükün məsuliyyəti altında əzilir, bərəkət yüklü ağac kimi səcdəyə əyilir.

Vicdanlı adam özünü əmri altında olan hər kəsə qarşı məsul görür, vicdansız əmri altında olanları az qala şəxsi əmlakı hesab edir. Və beləcə, əvvəlcə, narazılıq, ardınca da savaş başlayır.

Hərə də bir yerə söykənir, kimi vəzifəsindən güc alır, kimi Allahdan.

***

İnsanın haqlı və ya haqsız olduğu qanunlarla təsbit olunur.

Qanunların təməlində isə din faktoru aparıcı rol oynayır. Bəşər tarixində müsbət rol oynamış bütün dövlətlərin qanun kitabının mərkəzində Allahın əmrləri durur.

Allahın əmrləri güclünün maraqlarını təmin etmək üçün deyil, yer üzündə əmniyyət, aşayişi hakim qılmaq üçündür. Ədalət - Allahın bəndələrinə əmridir, gücdür, ədaləti olmayan zalımdır.

Zalım-Allahın düşmənidir. Allahın düşməni, bu dünyaya sultan da ola bilər, amma kim olur-olsun, sonu məğlubiyyətdir, kədərdir, peşmançılıqdır, sonsuz bir iztirabdır.

***

Nəmrud Həzrəti İbrahimi (ə.s.) oda atdırmışdı. Bir quş dimdiyində su daşıyıb odun üstünə atırdı. Güldülər, "Sənin dimdiyin nədir ki, gətirdiyin su da od söndürə?" Quşun cavabı çox ibrətli oldu: "Mən də bilirəm ki, gətirdiyim su bu odu söndürən deyil, amma heç olmasa, bu hərəkətimlə öz sıramı, öz mövqeyimi göstərmiş oluram. Hər kəs görsün ki, mən kimin tərəfindəyəm".

Hamımız iradə sahibi olsaq da, baş verən hadisələrə müdaxilə məsələsində çoxumuz o quş qədər cəsarətli, ədalətli deyilik. Bəli, haqlının tərəfində olmaq və bu mövqeyi çəkinmədən hər kəsə nümayiş etdirə bilmək insanlıq borcudur.

***

Kim nə eləyirsə, özünə eləyir, ədalət də bir gün öz sahibinə dönür, zülm də.

Həqiqi ağıl insana Allah-Təalanın rizasını, rəğbətini qazandıran ağıldır.

Allahın rizasını qazandırmayan, şeytandan uzaqlaşdırmayan, cəhənnəmdən qurtarmayan ağıl, ağıl deyil, fəlakətdir.

Allah sevdiyi qullarını dəstəkləyər, Ondan üz çevirmişləri isə mərhəmətindən məhrum edər.

İnsan üçün Allahın mərhəmətindən məhrum olmaq ən böyük fəlakətdir, ən ağır dərddir.

Allah səndən mərhəmətini kəssə, dünya səni sevsə, nəyə yayar ki? Ya Allah səni sevsə, dünya düşmənin olsun, umurunda belə olmaz.

Bəşər tarixində cahilliyi, azğınlığı, Allah dostlarına düşmənliyi ilə ad çıxarmış o qədər zavallı fironlar, padşahlar, sultanlar var ki...

İnsan üçün azğınlığın son həddi özünü allah elan etməkdir, bəşər bunun da şahidi olub.

Bu cür azğınlar Allah dostlarına zülm ediblər. Amma Qurani-Kərimdə bildirildiyi kimi, onların bir hiylələri varsa, Allahın da onlara qarşı bir planı var.

Tarix ibrət səhnələri ilə zəngindir.

Özünü allah, peyğəmbər elan etmiş zalımları Allah rəzil, rüsvay edib, ələ salıb, elə bir hala gətirib ki, vicdanı olan hər kəs o aqibətdən özünə nəticə çıxara bilir.

***

Həzrəti-Məhəmmədin (s.ə.s.) bu dünyaya təşrifi ərəfəsində baş vermiş Fil hadisəsi haqda Quranda ətarflı bilgi var. Yəmən tərəflərdən Əbrəhə adlı birisi Kəbəni dağıtmaq niyyətinə düşür. Məqsədi də budur ki, bu Allah evi yer üzündən silinəndən sonra insanlar onun ölkəsindəki məbədə ziyarətə gələr, o da çoxlu sərvət qazanar. Böyük bir qoşunla Kəbə üzərinə yürüşə çıxır, amma Allah-Təalanın göndərdiyi quşlar o qoşunu darmadağın edir, Əbrəhə də ölür. Əbrəhənin qoşunundan iki əsgər kor olur və qalanları ömürlərini Kəbənin qapısında dilənməklə keçirirlər.

***

Həzrəti İbrahim büt dünyasına üsyan edib insanları bir olan Allaha iman etməyə çağırırdı. Nəmrud da özünü allah elan eləmişdi. Həzrəti İbrahimi oda atdıran Nəmrudu Allah-Təala bir topal ağcaqanadla məğlub etdi. Ağcaqanad onun burnundan girib beyninə yetişdi və Nəmrud başını daşlara vura-vura gəbərib getdi.

İstehzaya baxın: özünü Allah elan etmiş zavallı bir padşah, sultan, hökmdar və topal ağcaqanad.

***

Firon yeni doğulmuş uşaqları öldürdürdü. Bilirdi ki, onlardan birinin əli ilə həlak olacaq. Hamilə gəlinlər bilmirdilər ki, doğduqları uşağa sevinsinlər, ya yas tutsunlar. Çünki fironun adamları qapıda güdürdülər. Çağa səsi eşidən kimi içəri cumub yenicə doğulmuş bəbəni anasının əlindən alır və öldürürdülər. Analar dərd doğurdular, göz yaşı doğurdular, sinələrinə dağ doğurdular... Azğınlığın son həddinə gəlmiş, özünü allah elan etmiş firon qarşısında baş əyməyən hər kəsi ortasından ikiyə böldürürdü.

Musa da həmin günlərdə doğuldu. Əslində öldürülən körpələr ona görə öldürülürdü. Anası onu bir sandığa qoyub Nilin dalğaları arasına buraxdı. O axın Musanı fironun sarayına qədər apardı. Məsum körpələrin qətlinə fərman vermiş zavallı firon öz qatilini tanımır və onun şəxsində öz əcəlini sarayda bəsləyib böyüdür.

Nə qədər də miskin, zavallı bir mənzərə: axtardığın öz yanında, sənin sarayında naz-nemət içində böyüyür, amma sən onun yerinə başqalarının yenicə doğulmuş məsum balalarını qətl edirsən.

Allah-Təala bir zalımı ələ salanda onun qatilini onun özünə yükləyir, belində daşıtdırır.

***

Rəsulullah (s.ə.s.) yaxın dostu Həzrəti Əbubəkrlə birlikdə Məkkədən çıxıb Mədinəyə hicrət edəcəkdi, amma onu izləyən Məkkə müşriklərindən qurtarmaq üçün Mədinə səmtinə deyil, əks istiqamətə yol aldılar. Gəlib Sevr mağarasında daldalandılar. O dövrdə ərəblər arasında ən geniş yayılmış peşələrdən biri də ləpirçilik idi. Bu işin professionalları dəvənin qığını iyləyib onun haradan gəlib haraya getdiyini, cinsini, dişidirsə, hamilə olub-olmadığını müəyyən edə bilirdilər. Bu məsələdə o qədər inkişaf etmişdilər ki, söylədiklərində yanılmırdılar. Havanı iyləyə-iyləyə, izləri yoxlaya-yoxlaya gəlib Sevr mağarasının ağzına çatdılar. İzçi yanılmamışdı. Kafirlər öz düşmənlərini əliyalın halda sığındıqları mağaranın ağzında yaxalamışdılar. Mağaranın içindəkilərlə onları öldürməyə gələnlər arasına Allah-Təala keçilməz bir sədd çəkdi. Müşriklər baxdılar, mağaranın ağzındakı hörümçək torunu gördülər və dedilər ki, əgər Məhəmməd (s.ə.s.) bura girsəydi, bu tor dağılmış olmalı idi. Amma haradan ağıllarına gələydi ki, bu tor Allah-Təalanın əmri ilə bir az əvvəl hörümçək tərəfindən tamamlanıb. Kilometrlərlə yolu addım-addım gələn kafirləri Allah-Təala bir hörümçək toru ilə aldadıb geri göndərdi. Bu istehzanı ancaq sonsuz İdrak Sahibi düşünə bilər.

***

Allah-Təala bəndələrinə Ona səcdə etməyi əmr edər, etməyəni başqalarının qarşısında sürüm-sürüm süründürər...

Allah-Təala bəndələrinə oruc tutmağı əmr edər, tutmayanı aclığa məhkum edər...

Allah-Təala bəndələrinə zəkat verməyi əmr edər, verməyəni qapı- qapı dolandırar, əl-əl diləndirər...

***

Nəmrud da, firon da, Əbu Cəhl də çoxdan gəbərib getdilər. Amma nəmrudlar, fironlar, əbucəhllər bu gün də bu yer üzündən əskik deyillər. Şair demişkən, torpağı nə qədər ələsən də hər sümbülün yanında bir alaq bitəcək. Nəmrudlar, fironlar gələcək, gedəcəklər, amma hər zaman da qarşılarına bir Haqq dostu çıxıb, onlarla savaşacaq.

Qalib olmaq hər zaman güclü olmaqla olmur, öldürməklə olmur, bəzən də ölməklə olur.

Qalib olmaq haqlı olmaqla olur, ölsən də, öldürsən də.

***

Əslinə qalanda hər şey açıq, çox bəsitdir.

Mütləq qalib olan ancaq Allahdır. Sən, mən, o sadəcə özümüzə şahid olmaq üçün gəlib keçirik bu imtahan dünyasından.

Kimimiz Nəmrudun yandırdığı tonqala çöp daşıyır, kimimiz su.

Dünya durduqca dünyanın hər yerində nəmrudlar da olacaq, ibrahimlər də.

Biz də onlara baxıb qərarımızı verəcəyik, ya çöp gətirməyə gedəcəyik, ya su gətirməyə.

Sonra da özümüzə şahid olacağıq. O çöp, ya o su şahid kimi üzümüzə duracaq.

Hər şey bu qədər açıq, bu qədər bəsitdir. Vəssalam.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.