Cəmiyyət

Dost dost tən gərək, tən olmasa...

30 Aprel 2014 18:36
0 Şərh     Baxış: 22 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əsl dostluq hər adama qismət olmur

İnsanlar uşaqlıqdan dostluq münasibətlərinə ehtiyac duyurlar. Əsl dost dostunu çətinlikdə qoymur, bəzi hallarda onu ailə üzvlərindən daha yaxşı tanıyır və başa düşür. Dostlar başqalarına deyə bilmədiklərini bir-biri ilə bölüşür, ehtiyac olduqda mənəvi və maddi dəstək göstərirlər. Eləcə də, dostu olan insan özünü yalnız hiss etmir, ona inanır, etibar edir.

Bəzən biz tanışlarımızı da dost adlandırırıq. Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, dostluq münasibətlərində yaxınlığın bir neçə dərəcəsi var. Dost nadir hallarda görüşdüyümüz və ya tez-tez gördüyümüz insan da ola bilər. Elə dost var ki, onunla biz sevdiyimiz işi, oxuduğumuz kitabları, baxdığımız filmləri, xəbərləri və s. müzakirə edə bilərik. Elə də adamlar var ki, onunla sirrimizi bölüşürük. "Dostluq münasibətləri müxtəlif olur və göstərdiyimiz səmimiyyətə görə fərlənir. Yaxın dostlar, uşaqlıq dostları, köhnə dost, rəfiqələr və ya sadəcə tanışlar ola bilər".

L.Əhmədova bildirib ki, adətən ailəli və ya çox işgüzar adamların dostluq münasibətləri bir qədər soyuq olur. Onları tanış adlandırmaq olar: "Onlar vaxtlarının çox hissəsini ailəsinə və ya işinə sərf edir, dostlarına o qədər də çox vaxt ayırmır və az diqqətli olurlar. Tanış dost qədər yaxın deyil, bu cür münasibətlərdə inam və etibar hissi az olur. Tanışları dost da adlandırmaq olar. Amma bu əsil dostluq münasibəti deyil. Onlarla boş vaxtını yaxşı keçirmək, istirahətə getmək, əylənmək, kinoya baxmaq, işləri müzakirə etmək və s. olar. Onlarla təklikdə və ya bir neçə adamla birgə dostluq etmək olar. Bu cür dostluq münasibətləri çox tez inkişaf edir. Tanışları həyata baxış tərzlərindəki oxşarlıq, ümumi maraqlar bir-birinə bağlayır. Tanışlardan çox da çətin olmayan problemlərdə və işlərdə kömək gözləmək, onlarla şənlənmək, ad günü, toy və s. mərasimlərə dəvət etmək olar. Amma bu cür münasibətlər uzun sürmür. Belə ki, maraqlar, insanların həyat tərzi dəyişəndə münasibətlər başqa formaya keçir. Ya yeni tanışlarla vaxt keçirdikləri üçün köhnə dostluq münasibətləri iflasa uğrayır, ya da hansısa problemlər üzündən həmin tanışlarla görüşlər azalmağa başlayır. Tədricən tanışlar bir-birini unudurlar. Ola bilsin ki, onlar arasında daha soyuq münasibətlər uzun müddət davam etsin".

Psixoloq qeyd edib ki, əgər həmin tanışlarla iş yerində tanış olmusunuzsa, iş yerini dəyişdikdə onları daha az gördüyünüz üçün dostluq münasibəti itir. Eləcə də tanışların bir-birindən sirr saxlaması, intriqalar, paxıllıq və s. anlaşılmazlıqlar münasibətin sona çatmasına səbəb olur.

Güclü dostluq münasibətləri isə başqa cür olur. Müsahibimiz bildirib ki, yaxın dostlar bir-biri ilə səmimi olur, bir-birinə etibar edirlər: "Əsl dostluq münasibətləri insanın mənəvi ehtiyaclarını ödəyir. Dostlar bir-birinə istənilən çətinlikdə dəstək olurlar. Əsl dost dostunun həyatında xüsusi olmağa çalışmır. O, dostunun ailəsinin, başqa yaxınlarının olduğunu anlayır və onun sevgisini bölməyə hazır olur".

Onun sözlərinə görə, yaxın dostlar arasında da münasibətlərin səmimilik dərəcəsi fərqlənir. Onların arasında eləsi olur ki, ona hər şey deyə bilirik. Eləsi də olur ki, onunla sadəcə həyatımızın ən xoş və ya ağrılı anlarını bölüşürük. Yaxın dostlardan ən çətin anlarda belə kömək, səmimiyyət, xeyirxahlıq, maddi və mənəvi dəstək gözləyə bilərik.

Dostluq münasibətləri güclü olduqda belə, dostlar ayırla bilərlər. Bəzi hallarda dostun biri o birinə nisbətən daha çox qayğı göstərməyə, daha çox diqqət yetirməyə, kömək etməyə, dostuna vaxt ayırmağa başlayır. Qarşılığın olmaması da münasibətin sona yetməsinə gətirib çıxarır. Zaman keçdikcə dünya baxışlarındakı fərqlərin yaranması, hər biri üçün dəyərlərin dəyişməsi, qısqanclığın və ya rəqabət hissinin baş qaldırması da dostluğun bitməsinə səbəb olur. Dostlardan birinin xəyanəti, sirrin üstün açılması da bu münasibətlərə son qoya bilər. Bəzi hallarda isə dostlar məcbur olduqları üçün bir-birindən ayrılırlar. Ailə qurduqdan sonra həyat yoldaşının dost-tanışlarla əlaqə saxlamağa qadağa qoyması dostların ayrılmasına səbəb olur.

Həmsöhbətimizin sözlərinə görə, hər bir münasibətdə olduğu kimi, dostluq münasibətində də aradakı səmimiyyəti, sevgini, mehribanlığı qorumaq lazımdır: "Əsl dostluq hər adama qismət olmur. Dostlar bir-birinin yanında özlərini maskalanmış aparmırlar. Əslində necədilərsə, bütün mənfi xüsusiyyətləri ilə dostlarının yanında səmimi olurlar. Dostlar bir-birinə laqeyd qalmır. Dostun dərdi insanın öz dərdinə çevrilir".

Elə də adamlar var ki, onlar özlərini yaxın dost kimi göstərsələr də, əslində çox laqeyd olurlar. Onlar dostluğa qarşılıqlı cavab vermirlər. Eqoist və dəyişkən xasiyyətə malik olan belə adamlar dostlarını çətin vəziyyətdə tərk edirlər. Onlar dostu problemləri barədə danışarkən, utanmadan öz problemlərindən danışmağa başlayırlar. Bu cür dostluq münasibəti şəsxin yalançı dost olduğunu anlayandan sonra bitir.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.