Cəmiyyət

Nazir Qarabağ qaziləri ilə görüşüb - FOTO

31 Yanvar 2014 17:49
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yanvarın 31-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Vətən Əlilləri" İctimai Birliyinin sədri Firudin Məmmədovu, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədovu və birliyin üzvləri Rey Kərimoğlunu, Rizvan Vəliyevi və Yaşar Həziyevi qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, S. Müslümov son vaxtlar dövlət başçısının tapşırığı əsasında əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatının daha da gücləndirilməsi istiqamətində görülən işlər barədə danışıb.

Nazir tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsi, bu xidmətlərdən istifadədə nöqsan və çatışmazlıqların aradan qaldırılması və şəffaflığın təmin olunması istiqamətində işlərin aparıldığını deyib.

E. Əsədov görüş iştirakçıları adından Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb. S. Müslümov nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Görüş iştirakçıları bu təbəqədən olan insanların həyatda rastlaşdıqları problemlərin həllinin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid olmadığını bildirərək, həmin problemlərin kompleks şəkildə həlli ilə məşğul olmaq üçün nazirliyin yanında ayrı-ayrı dövlət qurumlarının təmsil olunduğu komissiyanın yaradılması təklifini irəli sürüblər. Təklif müsbət dəyərləndirilib və reallaşdırılması üçün müvafiq addımların atılacağı bildirilib.

Görüş iştirakçıları qaldırılan məsələlərin həllinə diqqət və qayğı ilə yanaşılmasından razılıqlarını ifadə ediblər. Qeyd edək ki, bu görüş son üç ayda nazir Səlim Müslümovun ictimai birliklərlə keçirdiyi 8-ci görüşdür.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.