Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib. Bu normalar hündürlüyü 75 metrə qədər, 75 metrdən 200 metrə qədər və 200 metrdən çox olan binalar üçün nəzərdə tutulub.
Milli.Az xəbər verir ki, hazırda Bakıda istifadə müddəti bitmiş 11 minə yaxın yaşayış binası və 1500-yə qədər qəzalı bina var. 2040-cı ilə qədər köhnə binaların sökülməsi nəzərdə tutulur.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, yeni tikilən binalarda əsas olaraq təbii fəlakətlərə qarşı dayanıqlı olması hesablanıb:
"Yeni qaydalara əsasən, tikiləcək binalar onun yerləşdiyi torpaq sahəsinə uyğun olaraq bünövrələrin qazılması və binalar arasında məsafənin qorunması nəzərdə tutulur. Normativlərə əməl olunduqda isə binalar 7-8 ballıq zəlzələlərə belə qarşı dayanaqlı olacaqlar. Bu, tikinti şirkətləri üçün çox xərc tələb etsə də, binada yaşayanlar üçün komfortlu addım hesab edilir".
Bəs bu addım evlərin qiymətinə necə təsir edəcək?
Ekspert qeyd edib ki, evlərin qiyməti mərtəbələrinə və görünüşünə görə dəyişə bilər:
"Bir çox insanlar daha hündür mərtəbəli binalara üstünlük versələr də, digər insanlar isə aşağı mərtəbələrdə yaşamağa üstünlük verirlər. Xarici təcrübədə də bu belədir. İnsanlar hündür binaları seçmək səbəbi ekoloji baxımdan daha təmiz, komfortlu hesab edilir".
Aysel Əkbər
Milli.Az





