Yanvar ayının 22-dən Ağdaşda pensiyaların verilməsinə başlanmışdır. Biz də yanvarın 25-də təqaüdümüzü almaq üçün Beynəlxalq Bankın rayon şöbəsində quraşdırılmış bankomata üz tutduq. İnsanlar kor-peşman geri qayıdırdılar. Səbəb də bu idi ki, bankomatda pul yox idi. Bəziləri isə "bəlkə işlədi" fikri ilə gözləməyə üstünlük verirdi. Biz isə tənbəllik etməyib Beynəlxalq Bankın şəhər poçtamtındakı bankomatına da üz tutduq. Burada da pul yox idi. İstədik bazarın qarşısındakı bankomata gedək, dedilər "oradan gəlirik, zəhmət çəkməyin". Yanvarın 26-da Beynəlxalq Bankın bankomatlarına bir də baş çəkdik və əvvəlki vəziyyətin şahidi oluq. Boynubükük insanlar gözləyir, bankomatlar isə "susurdu".
Bazar ertəsi bankın rayon şöbəsinə zəng vurub, mövcud vəziyyəti mühasib Məzahir Manafovun nəzərinə çatdırdıq. Məzahir Manafov bizimlə razılaşdı: "Ola bilər. Biz iki gün hamılıqla test imtahanında olmuşuq". Qəribə məntiqdir. Bizə elə gəlir ki, bank işçiləri "əhaliyə həssaslıqla yanaşmaq, öz işlərini məsuliyyətlə yerinə yetirmək" testindən də keçirilsəydilər, yaxşı olardı. Yeri gəlmişkən, hazırda Ağdaşda 10-a yaxın bank filialı fəaliyyət göstərir. İşçilərinin səmərəli fəaliyyəti üçün əla şəraiti olan banklarda əməkhaqqı da kifayət qədər yüksəkdir. Hətta bankda çalışan xadimənin aldığı əməkhaqqını müəllimlərimiz, həkimlərimiz yalnız arzulaya bilərlər. Buna rəğmən, bank işçilərinin öz vəzifələrinə laqeyd münasibətinə nə ad vermək olar? Bir vacib məsələni də əlavə edək ki, əhalinin bankomatlardan öz maaşlarını, təqaüdlərini istədikləri vaxtda ala bilməmələri onların dolanışığını çətinləşdirməklə, əsəbi şərait yaratmaqla yanaşı, kommunal və digər xərclərin ödənilməsində də ləngimələrə səbəb olur. Digər tərəfdən, hər kəs pulunu son manatınadək almaq istəyir, çünki insanlar bankomatlara hər vaxt etibar etmirlər. 1 manatlıq əskinaza isə bankomatlarda nadir hallarda təsadüf etmək olar. Sonda bildirək ki, 100 min nəfərdən çox əhalisi olan Ağdaşda bankomatların sayı xeyli azdır.
"Zaman Azərbaycan"





