Cəmiyyət

Magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb

31 Yanvar 2014 14:46
0 Şərh     Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kanal S-ə istinadən bildirir ki, respublika ərazisində dünən axşam saatlarından başlayan güclü qar hələ də davam etməkdədir. İntensiv yağan qar bir sıra respublika əhəmiyyətli yollarda gediş-gəlişdə çətinliklər yaradıb. Güclü qar yağması səbəbindən dünən axşam saatlarından Bakı-Şamaxı-Yevlax yolu bağlanıb.

Yolun 34, 38, 40, 46, 63 və 86 km-liyində buz və qar örtüyü həddən çox olduğundan, bu istiqamətdə nəqliyyatın hərəkəti mümkünsuz olub. Dünən axşamdan bu saatlara qədər 50-dən artıq nəqliyyat vasitəsi geri qaytarılıb.

Ağsu, Şamaxı və Qobustan Yol İstismar İdarələrinin texnika və canlı qüvvəsi əraziyə cəlb olunub və yolların qar və buzdan təmizlənməsi işləri aparılır. Görülən işlər nəticəsində bu istiqamətdə hərəkət qismən də olsa bərpa edilib. Hazırda bəzi avtomobillərin, əsasən də, qış rejiminə hazır vəziyyətə gətirilmiş nəqliyyat vasitələrinin bu yoldan istifadəsinə icazə verilir. Ağsu dolaylarında isə vəziyyət hələ də acınacaqlı olaraq qalır. Bu istiqamətində hərəkət edən bir neçə avtomobil yolda qalıb.

Şamaxı-Muğanlı-İsmayıllı yolunun müəyyən istiqamətlərində də nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Hazırda İsmayıllı-Muğanlı istiqamətində yolun qar və buzdan təmizlənməsi istiqamətində işlər görülür. İsmayıllı Rayon 10 saylı Yol İstismar İdarəsinin mühəndisi Nəriman Səfərovun "Kanal S"ə verdiyi məlumata görə, gecə saatlarından idarənin bir neçə texnika və 45 canlı qüvvəsi əraziyə cəlb olunub və hazırda yolun qar və buzdan təmizlənməsi işləri davam etdirilir. Sərt yoxuş və döngələrə 40 tona yaxın texniki duz və qum səpilib. Hazırda demək olar ki, bu istiqamətdə yol tam işlək vəziyyətdədir. Qəbələdə də indiki saatlara qədər qarın yağmağı davam edir. Gecə saatlarından etibarən yolların qardan təmizlənməsinə start verilib.

Rayon Kamunal Xidmət İdarəsi və 11 saylı Yol İstismar İdarəsinin əməkdaşları yollara duz və qum səpib. İdarənin rəisi Əli İsmayılovun "Kanal S"ə verdiyi açıqlamaya görə, yetərincə duz və qum ehtiyatı var və yolların buz bağlamasının qarşısı alınacaq. Hətta, rayonun ucqar dağ kəndlərinə gedən yollar da qar və buzdan təmizlənib, yollara duz səpilib. Qəbələdə şəhərdaxili yollar və rayon ərazisindən keçən magistral yollarda hazırda hec bir problem yaşanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.