Cəmiyyət

MədəNiyyətli bəşəriyyət ətdən niyə imtina etmir? - ARAŞDIRMA

25 Oktyabr 2010 11:42
Baxış: 4 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Vegetarianlıq nə deməkdir və ya ət insan qidasıdırmı?

Xəstəlik cinayətdir, biz bu cinayətdə iştirak etməməliyik!- Pol Breqq

Məlum olduğu kimi, insanın sağlam yaşaması və xəstəliklərə qarşı immunitet sisteminin güclü olmasında əsas rol oynayan amillərdən biri də qidalanmadır. Bu gün artıq faktdır ki, insanların çox az hissəsi düzgün qidalanır. Bunda uzun illər aparılmış səhv təbliğatın da rolu böyükdür. Qidalanma özlüyündə ayrıca bir elm sahəsi olmaqla psixoloji və fiziki inkişafın əsasını təşkil edir. Milli.Az xəbər portalı bu dəfə insanın nə ilə və necə qidalanmasını, bunu faydalı və ziyanlı tərəflərini, düzgün qidalanma yollarını, vegeterianlığın özəlliklərini araşdırıb.

Qida psixologiyası və ya "gizli aclıq"sindromu

Son illər aparılan elmi tədqiqatlar insan ömrunun getdikcə qısalmasını və orqanizmə tələb olunan zəruri maddələr çatışmazlığı nəticəsində yaranan müxtəlif xəstəliklərin kəskin artmasını təsdiq edir. Təəccüblüdür ki, getdikcə insanların istənilən qida maddələrini dadmağına daha genis imkan yaransa da, əlahəzrət saglamlıq hətta bu sansdan bolluca istifadə etmək iqtidarında olanlar ücün də get-gedə əlcatmaz olmağa başlayır.
Belə ki, orqanizm kifayət qədər qida ilə təmin edilməsinə baxmayaraq, gizli aclıq, yəni bədənə lazım olan üzvi maddələr, vitaminlər, minerallar və karbohidratların olmaması problemi ilə qarsılasır. Yəni, mədə doysa da, orqanizm doymur. Çünki bədəndəki həzm sistemi və ağıllı mərkəzlər qəbul edilən qidanın həcminə heç bir əhəmiyyət verməyərək özünə lazım olan elementləri axtarır və onlardan istifadə edir. Qalan qida qalığı isə heç nəyə yaramayan lüzumsuz yükə- şlaklara dönür. Araşdırmalar göstərir ki, müalicəsi mümkün olmayan əksər xəstəliklərin mənbəyi məhz elə bu faktorla bağlıdır.
Azərbaycan kulinariyasının əsasən ət, un və şəkər üzərində qurulması gizli aclıgın yaranmasında mühüm rol oynayır. Son elmi araşdırmalar sübut edir ki, məhz bu qidalar daha çox zərərlidir. Yəni, dietoloqların fikrincə, orqanizmə zülal və artıq kalori yox, daha çox vitaminlər, minerallar və karbohidratlar lazımdır.

Sağlamlıq və qidalanma üzrə nüfuzlu mütəxəssislər bu qənaətdədir ki, sağlam qidalanmanın əsas şərti ilk növbədə ət və ət məhsullarından imtina etmək, yalnız bitki mənşəli təbii qidalardan istifadə etməkdir. Buna natural qidalanma deyilir və orqanizmə lazım olan faydalı elementlərin ilk mənbədən alınmasını nəzərdə tutur.
Ümumiyyətlə, insanın mədə-bağırsaq sistemi- mədə şirəsinin tərkibi, bağırsağın uzunluğu, həmçinin dişlərin quruluşu və s. orqanları ətlə qidalanma üçün nəzərdə tutulmayıb. Bir sözlə, insan öz orqanizminin fizioloji və təbii tələblərini nəzərə almağa məcburdur. Natural qidalanma, yəni qeyd olunan maddələrinin birbaşa ilk mənbədən- təbiətdən alınma prosesi sağlam həyat tərzinin əsas şərtidir.

Vegetarianlıq - fiziki və mənəvi sağlamlıq deməkdir?

"Vegetarian" sözünün mənası latıncadan tərcümədə "sağlam, gümrah, möhkəm" deməkdir. Bu anlamda vegetarian olmaq ruhi və fiziki cəhətdən inkişaf etmək deməkdir. Maraqlıdır ki, son illər inkişaf etmiş ölkələrdə milyonlarla insanın vegetarian qidalanmaya- yəni, bitki mənşəli kulinariyaya üstünlük verməsi müşahidə olunur. Qeyri-rəsmi məlumatlara görə, dünyada vegetarian qidalanmaya keçənlərin sayı 1 milyarddan çoxdur.
Azərbaycanda analoji statistika aparılmayıb, amma müşahidələrə əsaslanıb bu göstəricinin 1000-nin altında olduğunu söyləmək olar. Bu şərti minliyə daxil olan Elnur Bayramov deyir ki, vegetarianlıq sadəcə pəhriz demək deyil, bu, həm fəlsəfi, həm də mənəvi cəhətdən harmonik həyat tərzidir.

"Vegetarianlar "öncə öz qəlbindəki zorakılıq meylindən azad olmalı, daha sonra sülhsevər cəmiyyət barədə düşünməli" həqiqətini anlamış insanlardır. Təsadüfi deyil ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, əsasən də ziyalılar öz həqiqət axtarışlarının sonunda vegetarian olublar.
Qədim zamanlardan indiyədək vegetarian olmuş müdriklər ordusundan bəzilərinin adlarını xatırlasaq, fikrimizi daha aydın ifadə etmiş olarıq. Pifaqor, Sokrat, Platon, Kliment Aleksandrivski, Plutarx, Şah Aşoka, Leanardo Da Vinçi, Monten, Əkbər (Anvar), Con Milton, İsaak Nyuton, Emmanuel Svedanborq, Volter, Bencamin Franklin, Jan Jak Russo, Lamartin, Persı Bişi Şelli, Henri Devid Toro, Lev Tolstoy, Bernard Şou, Rabindranat Taqor, Albert Şveyster, Mahatma Qandi, Albert Eynşteyn, Ayətullah Xamneyi... Siyahını kifayət qədər uzatmaq olar. Qədim mənbələrdə peyğəmbərlərin də ət yeməsi haqda məlumata rast gəlinmir".

Azərbaycanlı vegetarian, qidalanmada formalaşmış səhv düşüncə tərzinin dəyiməsinə ehtiyac olduğunu deyir: "İnsan oğlunun nəfsi başına bəla olduğundan elə zənn edir ki, bu dünyada canlı və ya cansız "dişə dəyəsi" nə varsa onunçün qida yaranıb. Baxmayaraq ki, müqəddəs kitablarda bunun belə olmadığı təsbit edilib- "sizə başınızın üstündəkiləri və ayağınızın altındakıları ruzi göndərdik" (Bibliya), "ət yemək və şərab içmək ən böyük günahlardandır" (İncil), "böyük günahkarlar insanlara ət yeməyi öyrətdi" (Avesta), "günahsız heyvanları qətlə yetirmək və ya onların cəsədini yemək ən böyük günahlardandır" (Baqavad-Qita), Sizə leşi, qanı, Allaha qurban kəsilməyən heyvanın əti haram buyurulub (Quran), "öldürmə!" (Tövrat)".
E.Bayramov bu məsələ ilə bağlı böyük müdriklərin məsləhətlərinin də nədənsə qulaqardına vurulduğunu deyir:  "Sizə bir neçəsini xatırladım- "mədənizi heyvanların qəbiristanlığına döndərməyin!" (Tolstoy), "insanın qıdası yalnız bitkilərdir" (Sokrat), "heyvanlara etdiyiniz zülm bağışlansaydı, hamınız bağışlanardınız" (Məhəmməd peyğəmbər)- amma bu sözləri vecinə alan kimdi, "daşdan yumşaq" nə varsa ötürürük qarnımıza".

Sağlam qidalanma xəstəliklərin düşmənidir

Maraqlıdır, vegetarian olmaqla möhkəm sağlamlığa nail olmaq, xəstəliklərin qarşısını almaq olarmı? Elm son zamanlaradək bu suallara qeyri-müəyyən cavab verirdi, amma vegetarianlığın tərəfdarları uzun illərdir ki, bunu əyani surətdə sübut ediblər.
Son zamanlar həkimlər də etiraf edirlər ki, ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin törəməsi əsasən ətlə qidalanmanın nəticəsidir. Hazırda sübut olunub ki, vegetarian qidalanmaya keçəndən sonra ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin 97%-nin qarşısı alınır. Bunları xarici ölkələrdəki həkimlər öz pasiyenlətinə çatdırır, bizdə isə əksər həkimlər bunda maraqlı deyil, yəqin bəziləri düşünürlər ki, insanlar sağlam olsalar, onların bazarı bağlanar.
Qidalanma məsələləri üzrə ekspert, Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyarın sözlərinə görə, son illərdə aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra, ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. "Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insula gətirib çıxarır.
Araşdırmalara görə, ət məhsulları ilə daha çox qıdalanan 25 ölkənin 20-da xərçənglə xəstələnmə faizi çox yüksəkdir. Eyni zamanda, ətlə az qidalanan və ya ümumiyyətlə ət yeməyən 35 ölkənin əhalisində xərçənglə xəstələnmə faizi çox aşağıdır".
Mütəxəssis deyir ki, elm qidanın psixologiyaya ciddi təsirini çoxdan sübut edib. "Adi müşahidələr göstərir ki, vegetarianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhpərvər və şən olurlar. Güclü intellektə, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər.
Çünki, orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair maddələr bitki mənşəli qidalarda daha zəngin tərkibdə olduğundan vegetarianların immunitet sistemi çox güclü olur. Bu gün dünyada idmançıların da bir hissəsi vegetarianlığa üstünlük verirlər".

Sağlamlığın sirri - natural qidalanma

Gerçəkdən də, qida məhsullarının kimyəvi tərkibi ilə insan orqanizminə tələb olunan maddələrin syahısını tutuşduranda ortaya maraqlı mənzərə çıxır. Bəs hansı qidaların tərkibində daha çox xeyirli maddələr var? Gəlin bu cədvələ nəzər salaq:

Zülal hər 100 qram

•    ətdə 20
•    soyada 43
•    qaymaqda 3
•    lobya, mərci, noxudda 25
•    digər paxlalılarda 24
•    yerfındığında 26
•    qarpız tumunda 34
•    pendirdə 24
•    badamda 21 qram təşkil edir.

Karbohidrat hər 100 qram

•    ətdə 0
•    şəkərdə 99
•    balda 80
•    üzüm kişmişində 75
•    qarğıdalı, buğdada 70
•    arpa, qarabaşaqda 60
•    noxud, lobyada 60
•    mərcidə 55
•    qaymaqda 50
•    düyüdə 48
•    bananda 27
•    kartofda 22 qram təşkil edir.

Yağlar hər 100 qram

•    ətdə 2-5
•    kərə yağında 100
•    bitki yağında 100
•    qoz və fındıqda 65
•    pendirdə 25
•    qatıqda 20
•    düyüdə 16 qram təşkil edir.

Minerallar hər 100 qram

•    ətdə 1
•    xamada 7
•    düyüdə 7
•    soyada 5
•    pendirdə 4
•    paxlalılarda 4
•    badamda 3
•    püstədə 3
•    yerkökü yarpağında 3
•    buğdada 3
•    qatıqda 3
•    kərə yağında 3
•    kişmişdə 2
•    qarğıdalıda 1,5 qram təşkil edir.

Ətdə vitaminlər və sellüloz yoxdur, amma bitkilərdə var.

Hər 100 qramda enerji (kilokalori ilə)

•    ətdə 100-200
•    bitki yağında 910
•    kərə yağında 900
•    qozda 667
•    kakos qozunda 662
•    badamda 655
•    püstədə 626
•    yerfındığında 570
•    soyada 432
•    şəkərdə 400
•    düyüdə 393
•    balda 320
•    taxıl bitk-də 300
•    paxlalı bitk-də 360
•    süd məhs-da 265 kkal. enerji var.

Bu cədvəldən insanın nə ilə qidalanmalı olduğu aydın görünür. Vitaminlərə gəldikdə isə A, B, C, K, E vitaminlərini yalnız bitkilərdən və yağlardan ala bilərsiniz. D vitamini həm ətdə, həm də bitkilərdə var. Amma D vitamini almaq üçün də ət yeməyə ehtiyac yoxdur, bədənə düşən bir neçə dəqiqəlik günəş şüası tam kifayət edər.
Belə bir yanlış təsəvvür formalaşıb ki, bitkilərlə qidalanmaqla böyük gücə malik olmaq mümkün deyil. Faunaya nəzər salsaq görərik ki, ən güclü, ən dözümlü, ən çox işləyən canlılar, məsələn, fil, dəvə, öküz, at və s. tamamilə vegetariandırlar.

Ət haqda əfsanə

Azərbaycanda demək olar ki, hər kəs yemək deyəndə ət xörəyini nəzərdə tutur, qalan bütün ərzaqlar onun yanında çərəz sayılır. "Bir gün ət yeməyəndə özümü ac hiss edirəm"-deyənləri yəqin ki hamımız tanıyırıq. Ətrafımızda belələri həddən çoxdur. Çoxlarına elə gəlir ki, ət ona güc verir, orqanizmini mohkəmləndirir. Əslində isə, bu güclənmə araq içən adamın "guclənməsinə" bənzəyir. Bu gün belə bir yanlış düşüncə formalaşıb ki, ət yemədən güc toplamaq, iş qabiliyyətini saxlamaq, hətta yaşamaq belə mümkün deyil. Lakin elm əksini deyir. Buna şübhə edənlər üçün ət yeyilməsi prosesini nəzərdən keçirməyə ehtiyac var.

Ətin insan orqanizminə hansı zərərləri var?

Öncəliklə, əti qaynatmadan yemək çox təhlükəlidir. Hazırki dövrdə əksər heyvanların ətində çox sayda təhlükəli mikrob və bakteriyalar olur ki, bunlar da kabab, dönər, kolbasa, qızartma kimi yeməklərlə orqanizmə keçir. Bunlardan 4-ü hətta qaynadıqda belə ölmür.
Gələk ətin çeynənməsi məsələsinə. Bu proses dişlərə çox böyük zərbə vurur. Dişlər həddən artıq yüklənir ki, bu da onların tez sıradan çıxmasına səbəb olur. Ət özü ilə birlikdə yeyilən digər qidaların da yaxşı çeynənməsinə mane olur ki, bu da mədəyə əlavə problem yaradır.
Ət insan mədəsində çox gec həzm olunur. Əgər meyvə-tərəvəz yarım saata, düyü 1 saata, yumurta və vələmir yarması 1 saat 20 dəqiqəyə, təzə süd 2 saata həzm olursa, ət 5-6 saata həzm olur. Məhz bu hal, yəni ətin mədədə həzmə getmədən çox qalması halı insanda yalançı "toxluq" ovqatı yaradır. Amma qan damarlarımız məhz belə vaxtlar korluq çəkir, xeyli vaxt lazımdır ki, mədəyə düşmüş yağlı ət həzm olunsun, yoğun bağırsağa tökülsün və qana sorulsun.
Yoğun bağırsağa düşmüş ətin böyük hissəsi qana sorula bilmir və nəticədə uzun müddət orada qalaraq çürüyür. Bu isə bakteriyalar üçün zəngin ziyafət süfrəsidir. Bir çox təhlükəli xəstəliklər məhz bu prosesdən sonra qan vasitəsilə bütün bədənə yayılır.
Əksər körpələr məhz "dadlı" və "qüvvəli" ət xörəklərinin böyük "xidmətləri" sayəsində tez-tez xəstələnirlər. Odur ki, bu sahədə nüfuzlu alimlər 7-8 yasa catana qədər onlara ət, ət suyu, yumurta verməyi məsləhət görmürlər. Yeri gəlmişkən, ətlə birlikdə bişirilən qidalara ətin tərkibindəki bütün zərərli maddələr keçir. O üzdən də hətta, yeməyin ətini yeməyib, məsələn kartofu, suyu, göyərtini yemək belə həmin maddələrin orqanizmə zərər verməsinə səbəb olur.
Ətin tərkibində kulli miqdarda muxtəlif ekstraktiv, toksinlər, xolesterin və s. zərərli maddələr mövcuddur və onlar əsəb sisteminə cox pis təsir göstərir. Heç təsadüfi deyil ki, ət yeyən insanlar arasında nevrasteniya, cinsi pozğunluq, ürək, mədə və digər orqanların xəstəlikləri daha çox olur. Kababı sevənlər bilməlidirlər ki, ətin tərkibindəki parazit-yumurtalar insan orqanizmində qarşısı alınmaz fəsadlar əmələ gətirir.
Dünya Səhiyyə Təşkilatı ətin xərçəng, şəkər və digər xəstəliklərin əsas yaradıcılarından biri olduğunu élan edib. Ümumiyyətlə, xəstəyə ət, şirniyyat, ağ çörək, turşu və duzlu şeylər yedirtmək, spirtli içkilər içirtmək ona ən böyük zərər vermək deməkdir. Bu "qidalar" nəinki xəstəyə, heç sağlam adama da məsləhət deyil.

Çörək bol olarsa ... basılmaz xəstəlik!

Bu gün yemək süfrələrini çoxları çörəksiz  təsəvvür  etmir. Hər bir xörək növü ilə çörəyi bir yerdə görmək adət halını alıb. Amma bu, yalnız bəzi ölkələrdə belədir. Bəşəriyyət yavaş-yavaş çorəyə "əlvida" deyir.
Məşhur rus alimi A.P.Çuprin yazır ki, elmin hələ mövcud olmadığı dövrdə insanın bütün qidalar arasında çörəyə üstünlük verməsi  bəşəriyyəti çox mürəkkəb, çıxılmaz durumda qoyub. Nə qədər torpaq əkilir, çörək istehsalına nə qədər vəsait, nə qədər əmək sərf olunur! İnsan isə bundan sağlamlığı üçün xeyir yox, zərər əldə edir.
O zaman ortaya belə bir sual çıxır- bu qədər zəhmət çəkib, vaxt sərf edib, öz orqanizminə zərər vurmağa dəyərmi? Dünya şöhrətli alimlər və artıq milyonlarla insan bu suala "Yox!" cavabı verirlər. Heç olmasa bircə dəfə də xarici ölkədə olanlar təsdiq edər ki, yüksək sivilizasiyalı ölkələrdə çörəyi geridə qalmış ölkələrə nisbətən 10 qat az yeyirlər.
Taxıl məhsulunun ən böyük qüsuru odur ki, onun tərkibindəki amin turşularının tarazlığı  qeyri-mütənasibdir. Dənli bitkilərdən hazırlanmış qida, zülal tarazlığını pozduğundan orqanizm daha çox zülal tələb edir. Onu həzm etmək və qana sormaq ücün isə, çoxlu vitamin tələb olunur. Həzmetmə orqanları xəstə olanlar öz menyusundan buğdanı və arpanı çıxartmalıdır. Mütəxəssislər məsləhət görür ki, çörəkdən əl çəkə bilməyənlər heç olmasa kobud üyüdülmüş undan hazırlanmış çörək yeməlidirlər. Ən yaxşısı çovdar çörəyidir.
Mədə-bağırsağın düşməni olan ağ çörəkdən isə tamamilə uzaqlaşmaq lazımdır. Təsadüfi deyil ki, ürək problemlemləri, şəkərli diabet və bir sıra başqa xəstəliklər zamanı həkimlər qara çörək yeməyi məsləhət görürlər. Dənli bitkilərdən olan düyünü və qarğıdalını, o cümlədən kartofu, soyanı tərəvəz salatları və şirələri ilə bir yerdə qəbul etmək lazımdır. Kartofu heç vaxt çörəklə bir yerdə yemək olmaz. Çörəyi öz rasionundan çıxaran adam yalnız bir şey itirə bilər - xəstəlik!

Lakin, taxıl birkilərini tamamilə inkar etmək ədalətsizlik olardı, istifadə etmək olar, amma çiy şəkildə. Məsələn, buğdanı cücərdib hər səhər acqarına bir qaşıq qəbul  etsəniz orqanizmdə cavanlaşma prosesi  gedər, gumrahlaşarsınız.    
Uzun illərin tədqiqatı sübut edib ki, buğda cücərtisi mualicəvi təsirə malik olan universal dərmandır. Cünki tərəvəz və meyvələrə nisbətən buğda dəninin cücərtisində digər vitaminlərlə yanaşı E vitamini daha coxdur. 100 qr. buğda dəni cücərtisində 25 milliqram E vitamini vardır. E vitamini tərəvəzlərdə 1,5-2 milliqram, paxlalılar fəsiləsiidən olan bitkilərin dənində isə 5 milliqramdır. Muəyyən edilib ki, yaşlı adamın E vitamininə 1 sutkalıq tələbatı 20-30 milliqramdır. Xalq təbabəti ilə məşğul olan həkimlərin bir coxu buğda dəni cücərtisində bədənin möhkəmləndirilməsi ücün istifadə edirlər. Buğda dəni cucərtisi ilə müntəzəm olaraq qidalandıqda orqanizm cavanlaşır, əsaslı sürətdə yaxşılaşır.
Xroniki xarakterik vərəm, bronx qovşaqları xəstəlikləri, ekzema, mədə xorası, daş yaranması və s. digər dava-dərmanın köməyi olmadan buğda dəni cücərtisi ilə mualicə olunur. İsveçrəli həkim K.Şmidt uzun illərin tədqiqatından sonra belə nəticəyə gəlib ki, buğda dəni cücərtiləri ilə qidalanma orqanizmin butun növundən olan hüceyrələrinin müntəzəm olaraq bərpasına, həmcinin əsəb sistemi huceyrələrinin möhkəmlənməsinə olduqca müsbət tə'sir göstərir.

Təbiətdən ən sadə və ən effektli sağlamlıq resepti

Buğda dəni cucərtilərinin alınması, ondan sıyıq və kisel hazırlanması və qəbulu qaydası; bir adam üçün 50-100 qr. buğda götürülür, alaq otlarından, dikər zir-zibillərdək təmizlənir. Tiftikli dəsmal suda isladılır, buğda onun arasına səpilir. Dəsmalın o biri üzü ilə dənin üstü örtülür. bir qabın içində isti, qaranlıq yerə qoyulur. Ustunə bolluca su çilənir. Bir sutkadan sonra buğdada cücərtilər əmələ gəlir. Cücərti bir millimetr olanda buğda götürülür. 2-3 dəfə yuyulur ki, tər-təmiz olsun. Sonra onu yaxşı çeynəyə-çeynəyə yemək olar.
Belə yemək çətin olsa, buğda dənlərini saxsı və yaxud emallı qabda döyüb dar su ilə və ya südlə (1:1) qarışdırmaq lazımdır. Bu qayda ilə hazırlanan sıyığa, yaxud kiselə istəyə görə kərə yağı, duz, şəkər və yaxud bir çay qaşığı bal qatır və qarışdırırlar. Bişirmək olmaz, sıyıq və ya kisel hazır olan kimi yeyilməlidir. Kisel və ya sıyıq hazırlanarkən və yeyilərkən şuşə, çini, paslanmayan qablardan istifadə edilməlidir.
Dəmir və aliminium qablar qəti olaraq məsləhət görülmür. Sıyıq və kisel hər səhər yeyilməlidir. Onun yüksək kalorili olmasını nəzərə alaraq gündəlik yemək balansından ağ çörəyi, un məhsullarından bişirilən xörəkləri azaltmaq lazımdır.
Yekun olaraq bu sahə ilə 20 ildən artıq məşğul olan İsvecrə həkimi K.Şmidtin öz üzərində apardığı təcrübədən bir parça: "Mənim 54 yaşım olanda səhər yeməyində buğda dəni yeməyə başladım. Bir neçə aydan sonra özümü əvvəllərdə olduğundan daha yaxşı hiss etməyə başladım. Çal və seyrək saçlarım sıxlaşdı, elastikləşdi, görmə qabiliyyətim yaxşılaşdı. İndi 75 yaşında mən özümü əla hiss edərək, heç də gənclik illərindəkindən az məhsuldarlıqla çalışmıram".

Yağın insan orqanizminə "töhfəsi"

Heç kəsə sirr deyil ki, milli xöpəklərinin bişirilməsində əsasən kərə yağından  istifadə edilir. Amma çoxlarına da məlumdur ki, bitki yağları heyvan yağlarından üstündür. Heyvan yağlarından yalnız kərə yağı (duz vurmadan) az miqdarda istifadə etmək olar- gün ərzində bir çay qaşığı.
Ümumiyyətlə, emal olunmuş yağlardan ən xeyirlisi zeytun yağıdır. Zeytun yağının tərkibi minerallar və vitaminlərlə zəngindir. Bu yağ acqarına 1-2 çay qaşığı qəbul edildikdə bir çox xəstəlikləri müalicə edir.
Orqanizm təbii yağları sevir. Təbii yağlar qoz-fındığın, tumların tərkibində kifayət qədərdir. Bunlarda zülal, yağ, karbohidrat, vitaminlər, mikroelementlər və günəş enerjisi cəmləşib. Lakin yağla zəngin olan bu qidaları həddən çox qəbul etmək pis nəticələr verə bilər. Qoz-fındığı, badam-püstəni  maşından keçirməyin və ya şirniyyatların tərkibində bişirməyin. Bir sözlə, yağlar orqanizm üçün o qədər də xeyirli qida sayılmır.
Yemək mədəniyyətinə əməl etməyə çalışan hər bir kəs bilməlidir ki, vitaminlər və karbohidratlar (meyvə-tərəvəz)  insan orqanizmi ücün nə qədər vacib və səmərəlidirsə, zülallar (ət, yumurta, konservlər, mürəbbələr) bir o qədər səmərəsiz və lüzumsuzdur.
Kökəlmə orqanizmdə şlakların (qida tullantıları) yığılıb qalmasının  nəticəsidir və tədricən bu şlaklar orqanizm ücün zəhərli maddələrə  çevrilir. Fiziki və mənəvi sağlamlıq ilk növbədə düzgün qidalanmadan başlayır. Çox təəssüf ki, insanların böyük əksəriyyətinin hazırki menyusunu "düzgün" adlandırmaq mümkün deyil. Ona görə də, hazırda insan orqanizmi "aclıq" keçirir və bu hal tibbi terminalogiyada "gizli aclıq" adlanır.


Sağlam qidalanmağın 20 şərti
!


Sağlam qidalanmağın ən ümdə tələbi siqareti və spirtli ickilərdən imtinadır.
Yalnız bundan sonra digər qaydalar haqqında danışmağa dəyər. Gigər mühüm qaydalar asağıdakılardır:

1. Hər gun 2-3 litr ciy su içməyə vərdiş edin. Səhər yuxudan duran kimi və hər saatdan bir 100 qram çiy su icin.
2. Heç vaxt canınız ağrıyarkən, zehni və fiziki halsızlıq səraitində, yorğun halda və qızdırma içində olanda qida qəbul etməyin. Bundansa, qidadan imtina etmək faydalıdır. Şüursuz saydığımız heyvanlar belə xəstələndikdə qida qəbul etmirlər.
3. Yalnız aclıq hiss edəndə yeyin. Yeməyə 10-15 dəqiqə qalmış 200 qram çiy su için. Buna vərdiş edin.
4. Yemək vaxtı su içməyin. Çünki, su 10 dəqiqədən sonra mədəni tərk edir və özü ilə bərabər mədə şirəsini də yuyub aparır və bu da qidanın həzm olunmasına çətinlik törədir.
5. Soyuq ickiləri içmək və soyuq xörəkləri yemək mədədə həzmedici şirələrin fəaliyyətini dondurur. Dondurma yemək mədəyə və dişlərə böyük zərər vurur.
6. Çox isti çay içmək və çox isti xörək yemək olmaz, mədə zədələnir. Dişləriniz də bundan ziyan çəkir.
7. Kofe, çay, şokalad, kakao, hisə verilmiş ətlər qəbul etməyin, onlar bədəndə yüksək dərəcədə sidik turşusu yaradırlar. Bala, qurudulmuş və ya təzə meyvələrə üstünlük verin.
8. Əsasən çiy və təbii qidaları (tərəvəz, meyvə, qatıq, şülul, tumlar, qoz, fındıq, pustə, badam) yeyin.
9. Xörəkləri qarışdırmayın. Bir neçə növ xörəyin eyni vaxtda qəbul edilməsi həzmolmanı çətinləşdirir.
10. Səhər yeməyini şirəli meyvələrdən başlayın. 2-3 qoz da əlavə etmək yaxşı olar. Qışda quru meyvələrdən istifadə edə bilərsiniz.
11. Gün ərzində azı bir qab tərəvəz salatı yemək lazımdır. Gündə 3 dəfə qida qəbul edirsinizsə, 2 dəfə salat yeyin.
12. Təbii zülalların və mineral maddələrin etibarlı daşıyıcısı olan qoz-fındıq ailəsinə üstünlük verin. Ədviyyatlardan qaydasında istifadə edin.
13. Yağlardan mümkün qədər az istifadə edin. Yadda saxlayın, yağlar həzmolmanı yubadır, mədə-bağırsaqda cürümə törədir.
14. Bişmiş xörəkdən imtina edə bilmirsinizsə, xörəklə bərabər meyvə şirələri, təzə salatlar, xurma və ya itburnu dəmləməsi için.
15. Bütün yeməkləri ümumiyyətlə çox çeynəmək lazımdır. Unutmayın- mədənin dişləri yoxdur!
16. Orqanizmə vaxtaşırı istirahət verin, buna sanitar saatı deyilir. Yaxşı olar ki, həftədə və ya iki həftədə bir gün tamamilə ac qalasınız.
17. Əgər əti, yumurtanı, göbələkləri, pendiri, dənləri, paxlalı bitkiləri öz rasionunuzdan tam çıxara bilmirsinizsə, onda onları tərəvəzə əlavə kimi qəbul edin.
18. Çox yeməyə can atmayın, çox yemək orqanizm üçün lüzumsuz, səmərəsiz, əlavə bir yükdür.
19. Qidada xörək duzunun miqdarını azaldın. Ürək-damar xəstəliyi zamanı ondan tam imtina edin.
20. Həzmolma yalnız qida "çələngi" düzgün tərtib edildikdə yaxşı gedir.

Ümumiyyətlə, mütəxəssislərin firkincə, sağlamlıq üçün nə qədər yemək yox, nə yemək əsasdır. Yəni, çox yeməyin xeyri yoxdur, insana az miqdarda adi qidalar kifayət edir. Özü də ən xeyirli qidalar bazarda hər zaman ən ucuz qiymətə satılır. Nəticə olaraq deyək ki, sağlam yaşamaq üçün riayət olunmalı bir neçə əsas şərt var ki, biri də düzgün qidalanmadır. Digərləri isə, təbiətlə yaxın təmas, hərəkət, normal yuxu rejimidir.

Sonda...

Göründüyü kimi, təbiətdə ən adi bir məhsulun belə böyük qüdrəti var. Sadəcə biz bunlardan necə yararlanmağı düzgün öyrənməliyik. O zaman dünyanı cənginə almaqda olan ağır fiziki və psixi xəstəliklərdən, epidemiyalardan uzaq ola bilərik.
Ümumiyyətlə, düzgün qidalanma, doğru həyat tərzi istər dövlət, istər ictimai təşkilatlar, istər də mütəxəssislər tərəfindən güclü təbliğ edilməli, insanlarımız bu sahədə maarifləndirilməlidir. Bununla milli genefondumuzu təhlükələrdən qoruya və sağlam cəmiyyət yarada bilərik.

P.S. Yazıda dünya şöhrətli alimlər - Katsuzdo Nişi, Pol Breq, Herbert Şelton və digərlərinin elmi tədqiqatlarından, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarından istifadə olunub.

Lalə Mehralı
Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.