Dünya

Hindistanda DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI - 310-dan çox insan həlak oldu - YENİLƏNİB - VİDEO - FOTOlar

12 İyun 2025 21:49
Baxış: 10 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21:49

Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.

Milli.Az xəbər verir ki, qəzaya uğrayan təyyarənin göyərtəsində olan sərnişinlərdən 240-dan çoxunun həlak olduğu artıq təsdiqlənib.

75 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.

--------
15:55

Hindistanda qəzaya uğrayan "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Bu barədə "Ntws 18" telekanalı məlumat yayıb.

15:11

Hindistanın qərbində qəzaya uğrayan təyyarə həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb.

Trend xəbər verir ki, yerli polis zabiti bu barədə jurnalistlər üçü təşkil olunan brifinqdə deyib.

"İlkin məlumata görə, Londona uçan "Air India" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayaraq həkimlərin qaldığı yataqxanaya çırpılıb. Təcili xidmət orqanlarının əməkdaşları 2-3 dəqiqə ərzində hadisə yerinə gəlib. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış xilasetmə əməliyyatı davam edir", - deyə o bildirib.

"News18" telekanalının məlumatına görə, qəza zamanı ölənlərin sayı 133 nəfərə çatıb.

Qeyd edək ki, "Boeing 787 Dreamliner" təyyarəsi Hindistanın qərbindəki Əhmədabad hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən iki pilot və 10 bələdçi olub. NDTV telekanalı qəzadan sağ çıxanların olduğu barədə məlumat yayıb. Həlak olanlar və yaralananlar barədə hələ ki rəsmi məlumat verilmir.

15:03

Hindistanda qəzaya uğrayan "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsində olan şəxslərin siyahısı internetdə yayımlanıb.

Milli.Az xəbər verir ki, ilkin siyahıya əsasən, təyyarənin göyərtəsində olanların əksəriyyəti Hindistan və Böyük Britaniya vətəndaşları olub. Həmçinin Portuqaliya və Kanada vətəndaşlarının da sərnişinlər arasında olduğu bildirilir.

Qəza iyunun 12-də Meqaninaqar yaşayış massivində baş verib. "Air India" aviaşirkətinə məxsus təyyarə Əhmədabad-London reysi üzrə uçuş həyata keçirirdi. Məlumata görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra hündür ağaca çırpılaraq qəzaya uğrayıb.

Hadisədən bir neçə dəqiqə əvvəl kapitan tərəfindən qəza siqnalı verilsə də, təyyarəni xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, onlarla sərnişin həyatını itirib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

14:38

Təyyarədə ümumilikdə 242 nəfər olub. Onlardan 11-i uşaq idi.

-------

13:58

Hindistanda təyyarə qəzası nəticəsində 40 nəfər həlak olub.

Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya xidmətinin rəhbəri ilə hadisənin təfərrüatlarını müzakirə edib.

-------

13:41

Hindistanda baş vermiş təyyarə qəzası nəticəsində 30 nəfərin həlak olduğu bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "News18" telekanalı yayıb.

Məlumata görə, ölkənin Baş naziri Narendra Modi, hadisənin təfərrüatları ilə tanış olmaq məqsədilə mülki aviasiya xidmətinin rəhbəri ilə xüsusi görüş keçirib.

Qəzanın səbəbləri və digər detallarla bağlı araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən əlavə məlumatın verilməsi gözlənilir.

****

Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 200-dən çox sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, qəzanın anbaan görüntüləri paylaşılıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Əhmədabaddan Londona uçan "Air India" hava yollarına məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Meghani Nagar adlı ərazidə yerə çırpılıb.

Hazırda ölən və ya sağ qalanların sayı ilə bağlı rəsmi məlumat verilməyib.

13:30

Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.

AZƏRTAC Hindistan mətbuatına istinadla xəbər verir ki, qəzaya uğrayan geniş gövdəli "Boeing 787 Dreamliner" təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.

Xilasetmə işlərini həyata keçirmək üçün qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

13:10

Hindistanın Qucarat ştatında, Əhmədabad Hava Limanı yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğradığı bildirilir.

Milli.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qəza "Air India" aviaşirkətinə məxsus, Londona istiqamətlənən reys zamanı baş verib. Təyyarənin göyərtəsində 242 nəfər olub.

İlkin məlumatlara əsasən, hadisə təyyarənin havaya qalxmasından bir neçə dəqiqə sonra qeydə alınıb.

Hazırda qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır.

12:52

Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 100-dən çox sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.

Hadisə iyunun 12-də səhər saatlarında baş verib. Əhmədabaddan Londona uçan "Air India" hava yollarına məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Meghani Nagar adlı ərazidə yerə çırpılıb.

Yerli KİV-lər və şahidlər hadisə yerindən qalxan sıx qara tüstü barədə məlumat veriblər.

Təyyarədə təxminən 130-133 nəfərin olduğu bildirilir. Xilasedicilər, yanğınsöndürənlər və polis dərhal hadisə yerinə cəlb olunub. Ərazi təhlükəsizlik səbəbilə mühasirəyə alınıb. Hazırda ölən və ya sağ qalanların sayı ilə bağlı rəsmi məlumat verilməyib.

İstintaq davam edir və qəzanın səbəbləri araşdırılır.

İslam
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.