Cəmiyyət

Paytaxtda qarlı hava ilə əlaqədar təhlükəli yolların SİYAHISI - YENİLƏNİB

31 Yanvar 2014 12:50
0 Şərh     Baxış: 4 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
12:50

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə daxil olan məlumata görə, sürüşmə nəticəsində 3 piyada yıxılaraq xəsarət alıb. Ona görə də, İdarə piyadalara da yollarda hərəkət edərkən diqqətli və ehtiyatlı olmağı tövsiyə edir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Bundan əlavə, bu gün səhər saatlarından etibarən paytaxtda daha 4 yol-nəqliyyat hadisəsi baş verib: "Hadisələr maddi zərərlə nəticələnib, xəsarət alan olmayıb. Bütün hallarda sürücülər nəqliyyat vasitələrini hadisə yerində qoyaraq uzaqlaşıblar. Hazırda müşahidə kameraları vasitəsi ilə hadisənin baş vermə səbəbləri və sürücülərin kimliyinin müəyyən edilməsi istiqamətində işlər gedir".

Xatırladaq ki, bu gün səhər saatlarınadək paytaxtda maddi zərərin dəyməsi ilə nəticələnən 24 yol-nəqliyyat hadisəsi baş vermişdi.

V. Əsədov qeyd edib ki, hava şəraitindən asılı olmayaraq, qəza törətmiş sürücülər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Bununla yanaşı, bölmə rəisi sürücülərə və avtomobil sahiblərinə müraciət edərək bildirib ki, havanın necə keçməsindən asılı olmayaraq, onlar nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının aydın görünməsini təmin etməlidirlər. Əks halda qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

--------
12:30

Bakı-Sumqayıt yolunun Xocahəsən qəsəbəsi yaxınlığından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində problemlər var. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, hərəkət edə bilmədiyindən hazırda həmin yolda çoxlu sayda yük maşını dayanıb: "Həmin istiqamətdə sürüşmə artıb. Təmizləmə işlərinin aparılmasına baxmayaraq, hərəkət edə bilmədiyindən yolda çoxlu sayda yük maşınları dayanıb. Hazırda yolun boşaldılması və həmin nəqliyyat vasitələrinin oradan çıxarılması istiqamətində zəruri tədbirlər görülür. Bunu nəzərə alaraq, göstərilən istiqamətdə sürücülərə alternativ yollarda istifadə edilməsi tövsiyə olunur".

Bölmə rəisi hazırda sürüşmə ehtimalı olan digər yolların adlarını açıqlayıb: "Bakı Kənar dairəvi yolunun, Nobel prospektinin eniş və yoxuş hissələri, Tbilisi prospektində Nəqliyyat Nazirliyinin yanından başlayaraq Biləcəri qəsəbəsinin enişinədək olan yol avtomobillərin daha çox sürüşmə ehtimalı olan yerlər hesab olunur. Digər yollarda vəziyyət normal hesab edilə bilər".

Onun sözlərinə görə, paytaxtın Yasamal və Günəşli hissələrinin yüksək ərazilərində duman və qar müşahidə olunsa da, hərəkətin intensivliyi normaldır. Hazırda Bakının əsas mərkəzi küçələri, enişli-yoxuşlu yolları, sərt döngələr, yol birləşmələri tam nəzarətə götürülüb. Hərəkət intensivliyi normaldır.

V.Əsədov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti qış qarajının və Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-yə məxsus texnikaların köməyi ilə yolların təmizlənməsi, yollara qum səpilməsi işləri davam etdirilir:

"Lakin havaların sərt keçməsi ilə əlaqədar şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsinə dair çağırışımıza baxmayaraq, paytaxtda hərəkətdə olan fərdi avtomobillərin sayı həddindən artıq çoxdur. Proqnozlaşdırılan şaxtalı hava ilə əlaqədar bildiririk ki, yolların buz bağlaması və sürüşmə ehtimalı artacaq ki, bu da nəqliyyat vasitələrinin hərəkətində təhlükə yaradacaq. Ona görə də bir daha sürücülərə və avtomobil sahiblərinə müraciət edərək, fərdi avtomobillərinin istismarından imtina etməyə, əsasən ictimai nəqliyyat vasitələrindən istifadə etməyə çağırırıq".

---------
12:18

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bəzi yolların buz bağlaması ilə əlaqədar aşağıda qeyd olunan istiqamətlərdə hərəkət edən sürücülərə daha ehtiyatlı olmalarını tövsiyə edir.

Mərkəzdən Milli.Az-a daxil olan məlumatda yolların siyahısı belədir: Bakı-Sumqayıt şossesi - Dairəvi yol, Abdulvahab Salamzadə küçəsi (yol ötürücüsünün üstü) Abbas Mirzə Şərifzadə küçəsi ("İnşaatçılar" m/st. istiqamətində), Talıblı küçəsi. (Yeni Yasamal), Badamdar şosesi, Qələbə dairəsi, Təbriz küçəsi (tunel), Alfred Nobel prospekti,  Gəncə pr., Qara Qarayev pr., Heydər Əliyev pr. (Bağırov körpüsü - tunel).

---------
11:10

Paytaxt ərazisində qarlı hava ilə əlaqədar olaraq təhlükəli yolların siyahısı açıqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, hazırda paytaxtın Babək, Tbilisi, Neftçilər prospektində yollarda buzlaşma müşahidə edilir. Heydər Əliyev prospektinin sağ hərəkət hissəsində yol qəzası baş verdiyi üçün hərəkətdə müəyyən sıxlıqlar yaranıb.
 
V.Əsədov həmçinin bildirib ki, hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görür.
 
Şöbə rəisi yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb.

X X X

Səriştəsiz sürücülər yollarda problem yaradır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bəzi səriştəsiz sürücülər qarlı hava şəraitində nəqliyyat vasitələrini lazımi səviyyədə idarə edə bilmədiyindən həm digər avtomobillərə, həm də yollarda aparılan işlərə mane olurlar.

Bu isə yollarda tıxacların yaranmasına, bəzi hallarda isə ciddi problemlərə gətirib çıxarır: "Səriştəsiz sürücülərə xəbərdarlıq edirik ki, onlar qar və çovğunun müşahidə olunduğu bu günlərdə avtomobillə yola çıxmasınlar. Çünki onlar həm yolu bağlayır, həm yollarda təmizləmə işləri aparan texnikanın fəaliyyətinə problem yaradırlar".

Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.