Cəmiyyət

Qar bakılıları yolda qoydu - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

31 Yanvar 2014 10:29
3 Şərh     Baxış: 2 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
10:29

Sumqayıt-Novxanı yolunda hava şəraiti ilə əlaqədar minik avtomobilində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobilin qapılarını açaraq zərərçəkmişlərin xilas olunmasını təmin edərək, aidiyyəti üzrə təhvil veriblər.

X X  X

Yanvarın 30-da axşam saat 22:00-dan gecə saat 3:00-dək Bakı-Şamaxı yolunun 25-ci km-dən 55-ci km-ə qədər çovğun olması ilə əlaqədar Bakıya sərnişin daşıyan və digər şəxsi nəqliyyat vasitələrində 100-dən çox insan qalıb. Bu barədə Trend-ə eksklüziv olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, bu müddət ərzində həmin sərnişinlər Yol Patrul Xidməti avtomobillərinin köməyi ilə təxliyə olunaraq Bakı şəhərinə çatdırılıblar:

"Hazırda ərazi üzrə yol istismar idarələrinin iştirakı ilə yollarda xidmət aparılır və bütün ərazilərdə yolun qardan təmizlənməsi prosesi davam edir. Amma qarın güclü yağması səbəbindən qreyderlər yolların təmizlənməsini vaxtında çatdıra bilmirlər. Qreyderlər 50-60 km məsafədə keçəndən 15 dəqiqə sonra qar yerə oturur, avtomobillər keçən kimi bərkiyir və buzlaşma gedir".

K.Əliyev respublika ərazisində qar yağması ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı ərazilərin adlarını da açıqlayıb: "Hazırda Bakı-Şamaxı yolunda qar yağır, yolun səthi buzdur. Yolun 15-ci km-dən 45-ci km-ə qədər çovğundur, nəqliyyat vasitələrinin hərəkəti məhduddur.

Bakı-Quba yolunda 83-cü km-ə qədər yol açıqdır, qar yağır. Amma 83-cü km-dən sonra yolun mərkəzi hissəsi buz bağlayıb. Bakı-Qazax yolunda qar yağır, hərəkət çətindir. Yolun 14-cü km-dən 24-cü km-ə qədər çovğundur. Ağsu-İsmayıllı ərazisində hərəkət məhduddur, qar yağır.

Oğuz-Qəbələ ərazisində hərəkət məhduddur, qar yağır. Yevlax-Zaqatala yolunda hərəkət var, lakin qar yağır. Ələt-Astara yolunda qar yağsa da, hərəkət var. Sabirabad-İmişli ərazisində də qar yağır, amma hərəkət var".

Bununla əlaqədar K.Əliyev Baş Dövlət Yol Polisi İdarəsi adından bir daha sürücülərə müraciət edərək onlara yollarda ehtiyatlı olmağı tövsiyə edib: "Sürücülərə və avtomobil sahiblərinə qeyd olunan istiqamətlərdə mümkün qədər fərdi nəqliyyat vasitələrindən az istifadə olunması və qeyd edilən ərazilərdə yalnız hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Çünki bəzi ərazilərdə hərəkət məhduddur, hətta covğuna görə hər iki oxu aparıcı olan avtomobillərin də hərəkəti çox çətindir".

---------
10:14

Bakıya yağan güclü qar həmişəki kimi böyük fəsadlar yaradıb. Anspress-in nməlumatına görə, gecədən başlayaraq yol qəzalarının sayı durmadan artır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından anspress-ə verilən məlumata görə, çağırışların 50 faizdən çoxu yol qəzaları ilə bağlıdır.

Bu saatlara qədər yolda qalan sürücülər mənzilə çatmaq üçün çalışırlar. Kimi avtomobilini itələyir, kimi isə maşını yavaşca idarə edərək, qəzadan qorunmağa çalışır. Bəzi sürücülər isə, avtomobili bir kənarda saxlayaraq, maşında gecələməyi daha üstün tutublar.

Qeyd edək ki, Bakının Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarında yolların buz bağlaması eniş və yoxuşlarda avtomobillərin hərəkətini mümkünsüz edib. Paytaxt yollarında, eləcə də körpü və tunellərdə uzun tıxaclar meydana gəlib. Yolların buz bağlaması qəzaların sayını da artırıb.

Buzlanma səbəbindən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Yolda qalan sürücülər geriyə - şəhərə doğru qayıtmağa məcbur olublar.

----------
09:06

Bu axşamdan etibarən Bakıya yağan güclü qarın ilk fəsadları hiss olunmağa başlayıb. Milli.Az xəbər verir ki, paytaxtın Yeni Yasamal bölgəsində bu fəsadlar daha çox hiss olunub. Şəhərin ən hündür bölgəsində yaşayan sakinlər ağır iş günündən sonra evlərinə qayıtmağa çətinlik çəkiblər.

Oxuculardan birinin verdiyi məlumata görə, Yeni Yasamala gedən marşrut avtobusları "Bizim Market" adlı ticarət mərkəzindən yuxarı doğru gedə bilməyiblər. Ərazi eniş-yoxuş olduğuna görə, qarla örtülmüş yolda nəqliyyatın hərəkəti mümkünsüzdür. Bu səbəbdən də sakinlər soyuq havada piyada getmək məcburiyyətində qalıblar.

İnsanlar əllərində bel qarı təmizləyirlər.

Teymur Hacıyev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

-----------
10:14





----------
09:06



Foto müəllifindir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.