Səs-küy, gurultu hər bir insana təsir edən problemdir. Ən çox da yeni tikilən binalarda səs-küy əlindən oturmaq mümkün olmur. Qonşu evlərin sahibləri səhər-axşam bilmədən evlərini təmir etdirir, gurultu, təmir alətlərinin səsi bütün binaya yayılır. Bina sakinləri çox zaman şikayətlərini bildirsə də, nə yazıq ki, bu şikayətlərə məhəl qoyan da olmur.Davamlı səs-küy insan sağlamlığına böyük zərər vurur
Mütəxəssislərin fikrincə, davamlı səs-küy insan sağlamlığına böyük zərər vurur. Belə ki, yüksək səs-küylü mühitdə uzun müddət olan adamlarda qalıcı eşitmə problemləri ortaya çıxa bilər. Daha aşağı səviyyədə olan səs-küy, gurultu və qısa davamlı təsirlənmələrdə eşitmə duyğusunda nəzərə çarpan dəyişiklik hiss edilməsə də, səs-küy insan sağlamlığı, davranış forması və xoşbəxtliyinə mənfi təsir göstərir. BMT- nin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının gurultu və səs-küyün insan üzərində təsirləri barədə apardığı araşdırma nəticəsində məlum olub ki, 55-60 (leq) səs-küy narahat edir, 60-65 (leq) narahatlığı artırır, 65 leqdən yuxarı səs-küy isə davranış formasında problemlər yaratmaqla yanaşı, zərərli simptomlar meydana gətirir.
Səs-küy eşitmə duyğusuna iki formada təsir edə bilir. Lor həkimi Turac Bayramovun sözlərinə görə, səs-küy insanlarda qalıcı və keçici olaraq iki cür eşitmə problemi yarada bilər. "Keçici təsirlərin ən çox rast gəlinəni keçici eşitmə eşiyi sürüşməsi və eşitmə yorulması oaraq bilinən eşitmə hissinin keçici olaraq azalmasıdır. Səs-küy, gurultudan təsirlənmə çox olan zaman eşitmə itkisi qalıcı ola bilər".
Həkim bildirir ki, səs-küyün insana fizioloji təsirləri də var. Belə ki, güclü səsküy zamanı əzələ gərilmələri, qan dövranının dəyişməsi, stress, qan təzyiqinin artması, ürək atışlarının sürətlənməsi, göz bəbəklərinin böyüməsi, tənəffüs sürətlənməsi əmələ gəlir.
Həmsöhbətimizin dediyinə görə, səs-küyün, gurultunun insana psixoloji təsirləri də böyükdür. Səs-küy insanda sinir pozğunluğu, qorxu, narahatlıq, narahatlıq, yorğunluq və zehni təsirlər də əmələ gətirir. Ani olaraq yüksələn səs-küy səviyyəsi insanlarda qorxu meydana gətirir: "Səs-küy, gurultu insanın əmək fəaliyyətinə də təsir edir. Güclü səs-küy hissiyyatı öldürür. Belə ki, güclü səs-küy təsirində olan insan danışmanı qəbul edə bilmir, səsi eşidir, amma başa düşmür. 30-65 leq səs-küy təsirində olan insanlarda narahatlıq, hirs, hirslilik, yuxu nizamsızlığı və konsentrasiya pozğunluğu, 65-90 leq səs-küy də olan insanlarda qan təzyiqi artımı, ürək atışlarında və tənəffüsdə sürətlənmə, beyin mayesindəki təzyiqin azalması, ani reflekslər, 90-120 leq səs-küy altında olan insanlarda fizioloji reaksiyalarla yanaşı, kəskin baş ağrısı, 120-140 leq səs-küyə məruz qalan insanlarda daxili qulaqda davamlı zərər, tarazlığın pozulması, 140 leqdən yuxarı gurultu və səs-küy zamanı isə ciddi beyin problemi, qulaq pərdəsinin partlaması meydana gəlir".
Səs-küyün insanlara fiziki təsirlərindən danışan həkim bildirir ki, insanların fiziki və ruhi sağlamlığı üçün yuxunun pozulmaması çox əhəmiyyətlidir. Xroniki yuxu narahatlıqları müxtəlif xəstəliklərin qaynağı ola bilər.
Yuxu əsnasında səs-küydən ani oyanmalar ortaya çıxa bilər ki, bu da insan orqanizmi üçün çox zərərlidir. Yüksək qan təzyiqi, sürətli ürək atışı, xolesterol artımı, adrenalin yüksəlməsi, tənəffüsün sürətlənməsi, əzələ gərilməsi, diksinmələr yüksək səs küydən əmələ gəlir. Bu əlamətlər yuxu əsnasında daha diqqətə çarpandır.
Psixoloq Nigar Məmmədovanın fikrincə, Bakı səs-küy şəhəridir. Avtomobillərin səsi, binalardan, inşaat meydançalarından gələn səs-küy insanlara çox böyük təsir edir. Bu səbəbdən də şəhərlərdə yaşayan insanlar daha əsəbi və narahat olurlar: "Gurultulu şəhərlərdə yaşayan insanlarda ən çox "annoyans" adlı narahatlıq müşahidə edilir. Narahatlıq, həddindən artıq reaksiyalara və davranışlara çevrilə bilər. Bu zaman ani partlamalar, hirsə hakim ola bilməmə və özünü itirmə kimi hallar baş verir. Səs-küyün çox olduğu yerlərdə yaşayan insanlarda özünü günahlandırma və həddindən artıq səssizlik və qapalılıq, mübahisə və pessimizm, yuxu həblərinin artması, başa düşə bilmə qabiliyyətinin azalması, kömək etmək hissinin azalması, hirslənmə, sıxılma və s. özünü daha çox büruzə verir".
Ekspress.az