Cəmiyyət

Sadə gəlinliklər dəbə minir

7 Avqust 2013 17:36
1 Şərh     Baxış: 4 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəlinlərin bəzədilməsində də daha çox sadəliyə üstünlük verilir

Ramazan ayının bitməsinə iki gün qalır. Orucluq ayında toy-şənlik olmadığı üçün bir çoxları bu ayın çıxmasını səbirsizliklə gözləyir. Toyunu Ramazandan sonraya saxlamış nişanlı cütlüklər artıq indidən gəlinlik seçməyə başlayıblar.

Bu günə qızlar oğlanlardan daha çox hazırlaşır desək, yalan olmaz. Toy ərəfəsində qızların gəlinlik, saç-baş və bu kimi hazırlıqları özü ayrıca bir mərasimdir. Gəlinlik isə demək olar ki, toyun ən önəmli atributudur. Nə qədər müasirləşmə getsə də sırf bu sahədə ildən-ilə model baxımından geriləmə müşahidə olunur. Əslində bu da səbəbsiz deyil. Dəb təkrarlanır və gənclər daha çox əvvəlki illərin dəbinə geri dönməyə başlayır.

İlk gəlinliyin nə zaman ortaya çıxması bəlli deyil, amma hazırda demək olar ki, bütün ölkələrdə gəlinlik rəngi ağ olaraq seçilir. Zamanla ağın müxtəlif tonlarına müraciət edilsə də ağ dəyişilməz olaraq qalır. XVI-XVII əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. "Adi" qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə istifadə olunmurdu. Həmçinin müxtəlif ölkələrdə fərqli rəngli gəlinliklər mövcud olub. Fransada belə bir inanc formalaşmışdı ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinərsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyadakı qızlar isə istisnasız olaraq yaşıl gəlinlik geyinərmişlər. Çünki bu rəngin xöşbəxtlik gətirəcəyinə inam böyük olub. Azərbaycanda isə gəlinlik deyiləndə ağla ilk olaraq ağ rəng gəlir.

Digər ölkələrlə, xüsusən qardaş Türkiyə ilə müqayisədə Azərbaycanda gəlinliklər olduqca bahadır. "Neftçilər" metrostansiyasının yaxınlığında yerləşən gəlinlik dükanının satıcısı Sveta Kulikovnanın bildirdiyinə görə, gəlinliklərin belə baha olması onların xaricdən gətirilməsi ilə bağlıdır. Belə gəlinliklər baha qiymətə alınıb, tikildiyindən baha satılır: "Bizdə iki cür gəlinliklər var. Bunlardan birincisi geyinilməmiş gəlinliklərdir ki, bunların qiymətinin yüksək olması təbiidir. İkinci tip gəlinliklər isə geyinilmiş gəlinliklərdir. Bunların qiyməti isə nisbətən ucuz olur. Bəzən xanım gəlib deyir ki, mən geyinilməmiş gəlinlik istəyirəm, lakin icarəyə götürəcəm. Bu o deməkdir ki, gəlinlik icarədən sonra geyinilmiş gəlinliklər sırasında asılacaq. Normalda icarə gəlinlik 600-700 olursa, 3000 manatlıq gəlinliyi 700 manata verə bilmirik, axı. Təbii ki, belə gəlinliyin qiyməti qalxmalıdır".

Metronun "Gənclik" stansiyasının yaxınlığındakı gəlinlik salonunda isə durğunluq var. Satıcı Aytənin sözlərinə görə, indiki durğunluq Ramazan bayramına görədir. Adi günlərdə burda xanımlar çox olur: "Ramazan boyu sifarişlər almışıq. 9 icarəlik gəlinlik kirayələnib, 1-i isə satılıb. Beh qoyublar, gəlib götürəcəklər. Ən çox çirkli ağ rəngində olan gəlinliklər maraqdadır. Dəniz qızı formasında olan gəlinliklərə də maraq çoxdur. Buna səbəb qızların kilolu olmasıdır. Dəniz qızı formasında olan gəlinliklər iribədənli qızları nisbətən arıq göstərir deyə onu daha çox maraq var".

Müxtəlif gəlinlik salonlarında gəlinliklərin forma və qiymətləri müxtəlifdir. Dəbə uyğunlaşmaq istəyən xanımlar əksər hallarda modelyerin köməyindən istifadə edirlər. Modelyer Günel Babayevanın sözlərinə görə, artıq şişmiş gəlinlik modelleri yavaş-yavaş sıradan çıxır, bunun yerinə isə xarici filmlərdən qaynaqlanan düz gəlinliklər dəbə minir. "Belə gəlinliklər insanı demək olar ki, 2 ölçü arıq göstərir deyə xanımların favorit gəlinliyi balıq model gəlinliklərdir. Bundan əlavə, gəlinliklərdə nostalji elementlər geri qayıdır. Bir müddət dekolte gəlinliklər dəbdə oldusa artıq bunun yerinə qolları və sinəsi bağlı olan gəlinliklər geri qayıdır. Rəngə qaldıqda isə şəffaf bəyaz gəlinliklər dəbdə deyil. Bozumtul, çirkli bəyazlar, sarımtıl bəyazlar daha çox diqqət mərkəzindədir", - deyən həmsöhbətimiz hesab edir ki, ən gözəl dəb elə xanıma yaraşan gəlinlikdir.

Gəlinləri tamamlayan isə təbii ki, onların saç və gəlin makiyajlarıdır. Əslində gəlin saçı və makiyajını istənilən salonda, özü də münasib qiymətə etdirmək mümkündür. Lakin xüsusən gəlin makiyajı və saçı xidmətini təşkil edən salonlar da var. Stilist-vizajit Samir Qurbanın sözlərinə görə, Ramazan bayramından sonra salona gəlin axını başlayır. İstəklər, kaprizlər, ağlamaqlar, bəyənib-bəyənməməklər isə saysız olur: "Ən əhəmiyyətlisi hər halda gəlinlik, saç və makiyajdır qadınlar üçün. Gəlini gəlin edən ən əhəmiyyətli məqam son toxunuşlar, makiyaj və vizajdır. Gəlin namizədlərinin farfor görünüşlü bir makiyaj seçim edirlər. Onlar toylarında seçilmək istəyini bəzən ifrat makiyajda görürlər. Bəzən isə sadəlik o qədər çox olur ki, sanki gəlin üzünü yuyub toya gəlib. Gəlinləri makiyajda rəngdən qorxur. Ancaq biz bu il rənglərlə işləyirik. Ramazan bayramından əvvəlki gəlinləri olduca al-əlvan bəzəmişik. Bayramdan sonrakı gəlinlərdə isə tonları azaltmağı düşünürük ki, gəlinlər oyuncaq kukla kimi görünməsin".

Stilist deyir ki, gəlin makiyajında ən əhəmiyyətli ünsürlərdən biri də dayanıqlı olmasıdır. Ağlayan, tərləyən zaman makiyajın silinməməsi vacibdir. Bunu da makiyajda istifadə edilən vəsaitlərin keyfiyyəti təyin edir: "Keyfiyyətli vəsaitlərlə edilən makiyajda axma və ya yayılma halları olmur. Bundan başqa, sabitləşdirici spreylər də makiyajın qalıcı olması üçün vacibdir. Gəlin makiyajında toyun ediləcəyi məkanın açıq və ya bağlı olmasından, gəlinliyin model və rənginə qədər bir çox faktor göz qarşısında tutulur".

Manikür ustası Zemfira da indiki gəlinlərin sadəliyindən razıdır. Dediyinə görə, 4-5 il əvvəl dəb halını alan qoyma süni dırnaqlar bu gün demək olar yoxdur: "Gəlin manikürü əvvəlki illərlə müqayisədə çox sadələşib. Əvvəl qoyma dırnaqlardan istifadə olunurdu. Gəlinə əlavə kley də verirdik ki, birdən toyda dırnaq qopsa yapışdırsın. Bundan başqa, dırnaqdakı müxtəlif bəzəklər gəlin dırnaqlarını qorxulu göstərirdi. İndi qısa dırnaqlı fransız manikürü, yaxud tünd qırmızı dırnaq boyasından istifadə edirik. Nə gəlinlər dırnağın qopması təhlükəsi ilə üzləşir, nə də dırnaq çox vulqar və çirkin görünür".

... Əsas olan xoşbəxtlikdir ki, bunu heç bir pula almaq mümkün deyil. Hər kəsə xoşbəxtlik diləyi ilə

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.