Cəmiyyət

İmtahan qabağı həyəcanı necə götürməli?

11 İyul 2013 17:24
3 Şərh     Baxış: 16 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İyulun 14-də 2013-2014-cü tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə ilk qəbul imthanı başlayacaq. Üç gündən sonra III ixtisas qrupunu seçənlər biliklərini sınayacaqlar. Və təbii ki, artıq abituriyentlərdə imtahan qabağı həyəcan başlayıb.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, imtahan qabağı həyəcan imtahanın nəticələrinin yaxşı olmasını gözləyən adamlarda daha çox olur. Bir qayda olaraq elmə fikir verməyən, təhsili aşağı səviyyədə olan adamlar imtahana görə o qədər də həyəcan keçirmirlər. Onlar imtahana çox çalışmadıqları üçün nəticə onları qorxutmur. Onları ən aşağı qiymət də qane edir: "Dərsləri üçün çox əziyyət çəkən, günlərlə əlindən kitab düşməyən adamlar isə imtahanın nəticəsini səbirsizliklə gözləyir və daha yaxşı nəticə əldə etmək üçün həyəcan keçirirlər. Xüsusilə də buraxılış və qəbul imtahanlarını verənlər daha çox narahat olurlar. Belə ki, bu imtahanlar yalnız biliyi qiymətləndirmir, eləcə də onların gələcək həyatını müəyyənləşdirir".

Bir çox şagirdlərin fikrinə görə, imtahanın nəticəsi ona sərf olunan zəhmətdən asılıdır. İmtahan heç də adi qaydada biliklərin yoxlanılması deyil. İmtahan nəticələri bilinməyən, stress faktoru altında biliklərin yoxlanılmasıdır. İmtahan insanı stress vəziyyətinə salır və gərgin edir. Həddindən artıq gərgin işləmək isə sağlamlığın ağırlaşmasına və əsəb sisteminin pozulmasına səbəb ola bilər.

Əksər valideynlər uşaqlarını stresdən qorumaq üçün onların imtahan həyəcanını yaşamamasını istəyirlər. Lakin stressə düşən uşağı həyəcandan qorumaq, məsuliyyəti onun üzərindən götürmək, onun əvəzinə qərar vermək, uşağı çətinlikdən keçmək kimi təcrübədən məhrum etmək onu gələcəkdə baş verə biləcək istənilən hadisənin qarşısında aciz qoymaq deməkdir. Belə ki, həyəcan prosesində əmələ gələn mənfi emosiyalar zamanı bir çox insanlar daha aktiv fəaliyyət göstərirlər. Situasiyanın dəyişikliyinə və ona qarşı münasibətin dəyişilməsinə yönələn aktiv axtarış əsas komponentlərdən biridir.

Həmsöhbətimizə görə, valideynlər imtahan qabağı uşaqlarına dəstək ola bilərlər. Ən əsası uşaq və ya gənc heç nəyə baxmayaraq valideyni tərəfindən sevildiyini bilməlidir. Dediyinə görə, imtahandan neçə bal toplamasından asılı olmayaraq uşağı qınamaq və tənbeh etmək olmaz. "İmtahandan zəif nəticə alarsa belə, bu amilin əsas olmadığını ona bildirmək lazımdır. İmtahandan öncə valideynlər uşaqları sakitləşdirməli, uşaqda imtahan öncəsi həyəcanı artırmamalıdır. Bu, imtahan nəticəsinə təsir edə bilər", - deyən Həmidli bildirir ki, valideynlərin həyəcanı həmişə uşaqlara keçir. Ona görə valideynlər özləri də sakitləşməlidirlər: "İlk növbədə özünüz inanın ki, hər şey yaxşı olacaq. Bu, uşaqlar üçün bir sınaqdır".

İmtahan nəticəsindən asılı olmayaraq bizə çox şey öyrədir. Bura çətin situasiyalarda təslim olmamaq və uğursuzluqla qarşılaşdıqda belə yalnız irəli getmək arzusunu da daxil eləmək olar.

Psixoloq bildirib ki, imtahana bir müddət qalmış valideyn övladı ilə bu sınağı necə verəcəyi və buna necə hazırlaşacağını müzakirə etməlidir: "Bu iformasiyalar hazırlığın planını qurmaqda kömək edə bilər. Nəzərə alın ki, öncə çətin mözuları, daha sonra isə tanış mövzuları öyrənmək lazımdır. Əvvəlcə imtahanın suallarını oxuyun. Övladınıza bu mövzuları unutduğunuzu və ya çox da yaxşı bilmədiyinizi etiraf etməkdən utanmayın. İmkan verin ki, övladınız mövzuları sizə izah etsin və siz də sual verin. O, nə qədər çox izah etsə bir o qədər yaxşıdır. Sonuncu gün onun imtahan hazırlığına yox, orqanizminin imtahana hazırlığına sərf olunmalıdır".

Nəzarət edin ki, hazırlıq vaxtı uşaq müntəzəm olaraq qısa fasilələr etsin. Tam yorulmadan istirahət etmək yüklənmənin qarşısını alan ən yaxşı vasitədir. İmtahan öncəsi, onsuz da, gərgin olan əsəbləri kofe ve tünd çay içməklə daha da gərgin etmək olmaz: "İmtahanda övladınız gözlədiyindən daha aşağı qiymət aldıqda və ya tamamilə kəsildikdə isə bu uğursuzluğu düzəltməyə kömək edin. Onu tənqid edib danlamaq əvəzinə uğursuzluğun səbəbini araşdırın və bunu müzakirə edin".

Müsahibimizin sözlərinə görə, imtahanın uğurlu olması üçün imtahana hazırlığın düzgün aparılması çox vacibdir. Valideynlər və ya imtahana hazırlaşanın özü dərslərə, imtahana hazırlıq rejiminə nəzarət etməlidir. Uşağın çox yüklənməsinə yol vermək olmaz və ona istirahət hüququ vermək lazımdır. Uşaq dərslərini daha yaxşı hazırlasın deyə evdə onun üçün rahat şərait yaradılmalıdır. Dərslərin hazırlanması üçün nəzərdə tutulan otaq təmiz olmalı, havası dəyişilməli, yazı stolu, kitab, dəftər və qələmləri səliqəli vəziyyətdə olmalıdır. Fikrini cəmləsin deyə sakitliyə riayət olunmalıdır. Bu səbəbdən də televizor, radio, video və s. kimi texniki avadanlıqlar otağa qoyulmamalıdır. İstər-istəməz bunlar uşağın fikrini yayındıra bilər: "Eləcə də uşaq dərs oxuyarkən ona kiminsə mane olmasına yol verməyin. Dərs oxuyan uşaq düzgün həyat rejimi ilə yaşamalıdır. O, sağlam qida ilə qidalanmalı, zərərli və kimyəvi maddələrlə zəngin olan qida məhsullarından uzaq durmalı. Yadda saxlayın ki, imtahana hazırlaşan adam üçün düzgün yuxu rejimi də əvəzolunmazdır".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.