Cəmiyyət

Filmlərdən sitatlar həm danışır, həm də danışdırır...

23 May 2013 03:00
0 Şərh     Baxış: 67 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məqalənin qələmə alınmasında məqsəd müxtəlif dövrlərin kino istehsalı və yaradıcılığı xüsusiyyətlərini qarşı-qarşıya qoymaq yox, konkret olaraq müasir kinomuzun (ümumiyyətlə, isə bütövlükdə çağdaş dünya kinematoqrafiyasının) özəlliklərini araşdırmaq cəhdi və deməli, təəssübünü çəkməkdi. "Köhnə filmlərə illərlə baxırıq, bezmirik, amma yeni çəkilmiş filmlərə ikinci dəfə baxmaq üçün səbəb tapmaq olmur". Belə qənaətləri azmı eşidirik və ya söyləyirik? Bu məqamda bir tendensiyanın varlığı özünü göstərir - serial əsrinin böyük kinoya təsiri. Başqa sözlə, adıçəkilən telejanrın əksər nümunələrinin ikinci dəfə seyredilmə ehtimalının, demək olar ki, olmaması. Sanki bu xüsusiyyət böyük kinonun da bir sıra nümunələrinə keçib. Əlbəttə, bu subyektiv fikirdi. Amma istənilən halda danılmaz faktdır ki, son illərin kino tarixinin əsas təəssüratını kino yaradıcılığının onurğa sütunu olan ssenarinin qeyri-peşəkar səviyyəsi təşkil edir. Daha da konkret danışsaq, son dövrdə istehsal edilmiş bir sıra filmlərimizin səssiz kino ənənəsində çəkilməməsi təəssüf hissi doğurur. Səbəb isə dialoqların, replikaların məzmun tutumundan məhrumluğudu. Axı "deyilən söz yadigardı." Bəli, kino vizual sənət növüdü, hərəkətli fotoqrafiyadı. Məhz elə buna görə də bu sənəti təqdim edənlər nitqlərinin yadigar qalmaq yükünü daha böyük məsuliyyətlə çəkməlidirlər. Amma bu, ayrı mövzudu və yaxın zamanda biz buna da münasibətimizi bildirəcəyik. Bu dəfə isə retro səyahətə çıxıb Azərbaycan kino incilərindən seçdiyimiz sitatların bir qismini diqqətinizə təqdim edirik:

"BƏXTİYAR"
"İşimiz əngəldir. Başa düşürsüz ki, işimiz əngəldir?"
" Xala, əgər sən bir də mənim sözümü kəsib intizamı pozsan, sənə töhmət elan edərəm".
"Sən bu sözləri Gülzar xalana da demisən".
"Klubda xala çoxdur. Bacıoğlu isə bir dənədir".
"...İşlərimizə baxacaqlar."
"İşləri, gücləri qurtarıb. Niyə baxacaqlar?"
"Niyə baxacaqlar yox, nəyə baxacaqlar. Bəli. Yaman yerdə axşamladıq".
"Bu gün axşam?"
"Bu gün yox, a kişi. Sabah ey, sabah".
"Vallah, heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!"
"Heç utanırsınız? Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işə götürdüm".
"Kimi işdən götürürlər?"
"Səni"
"Məni? Bəs səni?"
"Fikirləşin, hamınız fikirləşin" 
"Yusif partladı"

"ŞƏRİKLİ ÇÖRƏK"
"Qoqol-moqol xoşlayırsan, amma qayda-qanunu yox?"
"Gələrsiz kontora danışarıq"

"YEDDİ OĞUL İSTƏRƏM"
"Çal, aşıq, çal, komsomolun canı it canı imiş"
"Hirslənmə, bəy, doğru söz acı olar"

"BƏYİN OĞURLANMASI"
"Görəsən, monqol turistləri monqol dublyonkalarını buradan niyə alırlar?"
"Bu kino ki var, çox qəliz məsələdi, həm qəlizdi, həm də ki vacib"
"Sənə əjdaha lazımdı?"
"Əşşi, nə tafootu var bunun səs hardan gəlir, burdan eşit, burdan da oyna da"
"Səkkiz min pul alıblar, oynamaqlarına bax"
"Ay yoldaş, bir az sakit olar?"
"Olar, niyə olmur ki?"
"Pis oynamırlar, bir az emosiya azdı"
"Nananay nay nay nananay nay - evdə uşaqlar da deyir ki, atamız işə gedib"
 "Ay kişi, istəmirsən səni, ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər, tanısınlar?
Yox.
Düz deyirsən, səni elə görməsələr yaxşıdır" 
"Nə var e, Ələsgər, Ələsgər..."
"Sən söhbətini elə"

"BİZİM CƏBİŞ MÜƏLLİM"
"Pulun var sizün?"
"Yeyin, mənim şappana balalarım" 
"Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdular, onda bəlkə səndən adam olacaq"
"Acından belə eləyirlər e..."
"Nədi, adım xoşuna gəlmir?"
"Xoşun gəlir ondan, gözləri yaşıldı, ay-hay, deyirlər, urusetdəkilərin hamısının gözləri yaşıldı"

"QAYNANA"
"O quş deyil, xalis bayquşqu"
"Bye-bye atondu, anondu!"

"UŞAQLIĞIN SON GECƏSİ"
"Məsələ sosiskada deyil e, adam gərək "vnimatelnı" olsun"
"Sovet sənayesi nə istehsal edirsə, onu içirəm"
"Balamçün alma saxlamışam"

"O OLMASIN, BU OLSUN"
"Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən."
"Heç hənanın yeridi?"

"AXIRINCI AŞIRIM"
"Hələ səbr elə görək, bu kolxoz-molxoz oyununun axırı nə olur..."
"Biz kolxoz olmaq istəmirik, kişi kimi yaşamışıq, kişi kimi də öləcəyik"
"Hökumət adamı görəndə əlim gicişir, Kərbəlayi"
"Topumuz, topxanamız olmasa da, namusumuz, qeyrətimiz var, bəy, dözərik"

"BABƏK"
 "Bir gün azad yaşamaq qırx il boyunduruq altında yaşamaqdan daha üstündü"

"ARXADAN VURULAN ZƏRBƏ"
"...Bura səninçün Bakının Torqovı küçəsi deyil ki, mənim bacımı biabır edəsən"
"Məsəl var, naçalnik, deyərlər, adamın adı çıxınca canı çıxsa yaxşıdı - oğru İmaşa iş verən kimdi, onunla işləmək istəyən kimdi? İçim özümü yandırır, çölüm özgəsini"
"Məni qorxutma, mən səninçün uşaq-zad deyiləm"
"Uşaqsan, böyüksən, özün bilərsən"

"ALMA ALMAYA BƏNZƏR"
"İstəyirsən texnikuma girim səninçün, istəyirsən bazarı bağlatdırım səninçün"

"ƏHMƏD HARADADIR?"
"Zülümov dedi, qurtardı"
"Xeyr, qurtarmadı, sən hələ Nərgiz xalanı yaxşı tanımırsan?"
"Pah atonnan, kolxozçu da deputat kimi danışır" 
"Əhmədin anası ölməyib hələ"
"Oğlumu axtarırdım, dostumu tapdım"
"Bağışlayın, sizin Əlibababa adında əriniz olub?"
"Aparatda Zülümovdur"
"Bura bax, bura bax, mənimlə söz güləşdirmə, yoldaş Mərdanzadənin əmridir!
"Odu ey taksi, min get..."

"YOL ƏHVALATI"
"Başa düşmək üçün adamda baş lazımdı!"
"Yalansa, fransuzski ilan sənin dilindən vursun"
"Toyuqsan get gir hininə də!"
"Sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb, olmayacaq da"

"TÜTƏK SƏSİ"
"Sən gecələr yat, ay Qurban"

"FRANSIZ"
"Dədə Qorqudu görmüsən bəyəm?"

"LİFTÇİ QIZ"
"Mən cüllüt deyiləm, mən Laləyəm"

"BƏXT ÜZÜYÜ"
"Biz şərab içirik, sən xalq qanını..."
"Neylədin, alə, arağın tapılmayan vaxtı..."
"Qələm demə, denən çörək ağacımız itmişdi"
"Eh, belə gözəl dünyanı dəlixanya döndərən qadınlardı dana, qadınlar"
"Ayə, bu gün elə hamı məni öpür, əcəl-zadmı girləyir"
"Ayə, eqologiya deyilən budu? Maykeyi ağ salırsan, qara çıxer"
"Bizim redaksiyada araq iyi ən təbii iydi"
"Fatma cijindən sitat gətirmə, düşmür mənə"

"EVLƏNMƏK İSTƏYİRƏM"
"Denən sən öl, Həsən ağanın qohumuyam"
"Sən öl, Həsən ağanın qohumuyam"
"Onda gəl min mənim boynuma. Neynim Həsən ağanın qohumusan..."

Ağlımız kəsəndən bəri bu və digər ifadələr leksikonumuza daxil olub. Bir neçə nəslə mənsub insanların müxtəlif situasiyalarda fikrini, emosiyasını ifadə etmək vasitəsindən əlavə həm də bədii zövqünün formalaşmasında rol oynayan film qəhrəmanlarının replikaları, dialoqları, monoloq fraqmentləri eyni zamanda iki xidmət göstərirlər - həmin ekran əsərlərinin yaşarılığını təmin edirlər və insanlarda sərrast düşüncə ilə sərrast nitq arasındakı səddi asanlıqla keçmək vərdişi tərbiyə edirlər. Hətta ötəri nəzərlə də bu xidmətlərin çəkisinin ağırlığını sezmək mümkündü. Yaddaşımıza həkk olunan sitatların əksəriyyəti filmlərin ümumi qayəsi, məzmunu ilə vəhdət təşkil etməsəydi, bu dərəcədə dayanıqlı ola bilməzdi. Başqa sözlə, filmin qəhrəmanlarının hər hansı situasiyada işlətdikləri ifadələr ayrılıqda uğurlu tapıntı yox, uğurlu işin tərkib hissəsi olduqları üçün dəyərləri daha yüksəkdir. Əksər hallarda bu sitatlar məxsus olduqları filmlərlə kontekstdə daha anlamlı olub tamamlanmış mənzərə yaradırlar. Amma, sözsüz, elə sitatlar da var ki, müstəqil yaşamaq iqtidarındadırlar. Yəni onların məxsus olduqları filmləri görməyən insanlar belə, o sitatları eşidərsə, ifadənin məqamını tuta bilərlər. Məsələn, "heç hənanın yeridi?" və ya "məsələ sosiskada deyil, adam gərək "vnimatelni" olsun" və s.

İstənilən halda filmlərdən olan sitatlar nitqimizi zənginləşdirir. Kinoqəhrəmanların bəlağətli söz və ifadələri dost-tanış arasındakı söhbətə əlavə, yeni çalar qata bildiyi kimi hansısa qələm sahibinin bədii dəyər kəsb edən mətnini də gözəlləşdirə bilər. Kinopersonajların sərrast, lakonik, ya da dərin düşüncədən doğan ifadələri həm danışıq, həm də publisistik mətnin ruhuna uyğunlaşa bilir. Çoxobrazlı leksika film sitatlarına xas cəhətdi. Əksər hallarda film qəhrəmanlarının ifadələri dialektlər, yerli ləhcələr ya da müəllif neologizmləri ilə zəngin olur. Bu cür leksik müxtəliflik həmin sitatların daha da parlaq və bayağılıqdan uzaq olmasını təmin edir. Bundan savayı ekran əsərlərində əsl incilərə də rast gəlmək mümkündü - yaddaşlara həkk olunmuş, klassikaya çevrilmiş və onillər boyunca dillərdən düşməyən ifadələr məhz inci epitetinə layiqdir. Bu sitatlar komediya, intellektual kino və melodram kimi bütün janrları əhatə edir. İncəsənət növlərindən məhz kinonun ən kütləvi sahə olması qənaəti bu yerdə daha qabarıq məna qazanır. Kinofilmlərin seyri əksər hallarda və demək olar ki, bir qayda olaraq ən azı iki nəfər tamaşaçının iştirakı deməkdi. Üstəgəl kino lentlərinin nəinki əbədi ömürlə, həm də istənilən vaxt istənilən auditoriyanın fərqli baxış bucaqları ilə təmin olunmaq zəmanəti var. Bu isə film qəhrəmanlarının dilindən qopan emosional çalara malik replikaların tez bir zamanda aforizmə çevrilməsini sürətləndirir. Belə ki, onlardan istifadə etməklə biz nəinki ifadənin konkret mənasını, həm də onları müşayiət edən situasiyanı, hissləri də çatdırırıq.

Bu və ya digər kino lentinin əksər meyarlara cavab verən film, ya da ən arzuolunan halda ekran əsəri pilləsinə qalxmasını şərtləndirən amillərdən biri çəkiliş meydançasına çıxarılan dramaturji materialın və ya ssenarinin ustalıqla qələmə alınmasıdı. Bu aksiomadır ki, yaxşı film, ilk növbədə, yaxşı ssenari deməkdir. Buna görə bu məqaləni müəyyən mənada peşəkar ssenari müəlliflərinin əməyinə minnətdarlıq töhfəsi hesab etmək olar.

Samirə Behbudqızı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.