Cəmiyyət

Kiçik problemlər böyük işlərin üzərinə kölgə salır

20 Aprel 2013 22:14
0 Şərh     Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yol bağlı idi, digər nəqliyyat vasitələrinin sürücüləri kimi biz də geri qayıtmaq məcburiyyətində qaldıq. Amma onsuz da qarmaqarışıq vəziyyətdə olan Talıblı küçəsindən yolumuzu davam etdirmək üçün bizə lazım olan istiqamətə necə çıxacağımızı bilmədiyimizə görə bir xeyli əziyyət çəkdik. Dar olan küçədə avtomobillərin pərən-pərən düşməsi hərəkəti daha da məhdudlaşdırırdı. Çox oyan-bu yana gedib geri döndükdən sonra məcbur qalıb lap əvvəlki yerə - qazıntı aparılan əraziyə qayıtdıq. Düşündük ki, yəqin qaz xətti çəkilir və yollar da buna görə qazılıb, amma işçilərlə söhbət zamanı məlum oldu ki, qaz yox, su xətti çəkirlər...

 "Müvəqqəti narahatlığa görə üzr istəyirik"

İş görülən yerin hər iki tərəfində nisbətən qıraqda üzərinə "müvəqqəti narahatlığa görə üzr istəyirik" sözləri yazılmış lövhələr qoyulmuşdu. Əslində, bu, iş görənlərin vətəndaşlara hörmətinin əlaməti idi, əgər əvvəllər belə lövhələrə çox nadir hallarda rast gəlinərdisə, indi, demək olar ki, əksər yerlərdə qoyulur. Əvvəllər bu lövhələrin yoxluğu səbəbindən baş verən qəzalar da az deyildi. Dəfələrlə yolda təmir getdiyini bildirən xəbərdarlıq nişanının qoyulmaması səbəbindən avtomobillər böyük çalalara, quyulara düşərək aşıb.

Yeri gəlmişkən, "Yeni Ulduz-2" musiqi yarışmasının qalibi, gənc müğənni Rəcəb Musayevin həlak olduğu yol qəzasının da məhz bu səbəbdən baş verdiyi bildirilirdi. Xatırladaq ki, Rəcəb Musayev 2011-ci ildə, yanvarın 8-də axşam saatlarında Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobili aşırması nəticəsində vəfat etmişdi. Belə ki, yolda təmir aparılsa da, bu barədə xəbərdarlıq nişanı qoyulmadığından gənc müğənni sürəti azaltmamış və nəticədə, avtomobil yola tökülmüş çınqıl topasına dəyərək aşmışdı...

 "Növbəti 5 ildə Bakı indikindən də qat-qat gözəl olacaq"

Bakı əvvəlki Bakı deyil, hər gün görənlər üçün bir qədər adiləşsə də, uzun müddət ayrı qalanlar indi paytaxtımızı görəndə təəccüblənirlər. Bu yaxınlarda Novosibirsk şəhərindən Bakıya gələn tanışım da bunu deyirdi. O, 5 il öncə gördüyü Bakı ilə indiki Bakı arasında müsbət mənada, çox ciddi fərqlərin olduğunu söyləyirdi. Növbəti 5 ildə Bakı yəqin ki, indikindən də qat-qat gözəl və müasir olacaq. Hazırda Bakının elə bir rayonu yoxdur ki, orada abadlıq-quruculuq işləri görülməsin, yeni-yeni binalar inşa olunmasın və s. Bundan başqa, qaz və su xətləri, köhnə kanalizasiya boruları, yeniləri ilə əvəz edilir. Məsələn, elə götürək yazının əvvəlində qeyd etdiyimiz Talıblı küçəsini. Sakinlərinin dediklərinə görə, küçədə su xətti köhnə olduğundan tez-tez buranı su basırmış. Amma yeni xətlərin çəkilməsi prosesi başa çatandan sonra bu problem birdəfəlik həll olunacaq və necə deyərlər, sakinlərin canı dincələcək.

Əraziyə bələd olmayan sürücülərə yolu kim göstərsin?

Son illər paytaxtda yüzlərlə məhəllədə su və qaz xətləri dəyişdirilib və nəticədə, sakinləri illərlə narahat edən problemlər aradan qaldırılıb.

Necə deyərlər, bu, işin qlobal, yəni görünən tərəfi. Ancaq bir çox kiçik görünən problemlər də var ki, vətəndaşları ciddi şəkildə narahat edir, onların əsəblərini gərir. Məsələn, hansısa küçə bağlananda, orada su və qaz xətti dəyişəndə, yeni kanalizasiya xətti çəkiləndə vətəndaşlara xəbər verilməməsi, yolların qəfil bağlanması, işlərin ləng görülməsi sürücüləri və sərnişinləri narahat edir. Nəticədə, yollarımızda tıxac yaranır ki, bu da görülən işlərin üzərinə kölgə salır.

Elə götürək haqqında danışdığımız Talıblı küçəsini. Küçə bağlansa da, sürücülərə hərəkəti hansı istiqamətə davam etdirə biləcəkləri göstərilməmişdi. Odur ki, aləm dəymişdi bir-birinə. Yaxşı olardı ki, ərazidə sürücüləri bu barədə məlumatlandıran bir lövhə qurulaydı, ya da bir nəfər ayrılaydı ki, əraziyə bələd olmayan sürücülərə yol göstərsin. Onda ərazidə tıxac yaranmazdı, sürücülər əsəbiləşməzdilər və s. Bakıda yaranan tıxacların kökündə bir çox hallarda məhz bu dayanır.

 Ümid edək ki, aidiyyəti qurumlar bu məqamı nəzərə alacaqlar

Avropa ölkələrinin əksəriyyətində bu vəziyyətdə məhz belə edirlər və odur ki, insanlar razı qalırlar. Yazımızın bu yerində bir məqamı da qeyd edək. Paytaxtın mərkəzi rayonlarında yollar bağlanarkən bir gün öncədən telekanallar, radiolar, qəzet və saytlar bu barədə məlumat verirlər və sürücülərə alternativ yollar göstərilir. Bu hallar daha çox ölkəmizdə mötəbər tədbirlər keçiriləndə və ya hansısa ölkənin rəsmi şəxslərinin səfəri zamanı baş verir. Bundan başqa, mərkəzi küçələr təmirə bağlanarkən də sürücülərə məlumat verilir və alternativ yollar göstərilir. Ancaq şəhərin mərkəzindən nisbətən kənarda, məsələn elə Yasamal rayonunun Talıblı küçəsi kimi ərazilər təmirlə əlaqədar bağlananda bu barədə nə sürücülərə məlumat verilir, nə də alternativ yol göstərilir.

Hər halda ümid edək ki, istər həmin işi görən və ya gördürən qurum, ya da Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu məqamı nəzərə alacaq. Onda cəmiyyətimizdə xırda məsələlərə görə nə bu qədər əsəb və gərginlik yaranacaq, nə də görülən işlərə kölgə düşəcək..

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.