Cəmiyyət

Yaxşılıq edəndə minnət qoymayın

15 Fevral 2013 19:58
0 Şərh     Baxış: 6 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dinimizdə başqalarına yardım etmək, ətrafdakılara qayğı göstərmək, çətinliyə düşənlərin əlindən tutmaq nə qədər təkid olunmuşsa da, bunu minnət qoyaraq, başa qaxanc vuraraq etmək də bir o qədər günah sayılıb. İnsan yaxşılığı Allahın razılığını qazanmaq naminə etməlidir. Unutmamalıdır ki, ehsan etmək gücünü də ona Allah verib. Əgər Allahın istəyi və yardımı olmasa, heç kim əlini əlinin üstündən götürə bilməz. Köməksizə, kimsəsizə verdiyimiz hər qəpiyin əldə edilməsi üçün Ulu Yaradana borcluyuq. Necə deyərlər, Allah bir kəsin ruzisini başqasının əli ilə yetirir. Etdiyimiz yaxşılığı reklama çevirmək naminə, camaatın diqqətini cəlb etmək xatirinə, "filankəs necə səxavətlidir, necə ürəyi yumşaqdır" söyləsinlər deyə, hər nə etsək belə, qəbula yetməyəcək. Allah hamının əməlinin əvəzini niyyətinə görə verir və yalnız xalis niyyətli insanların əməlini qəbul edib mükafatlandırır.

Milli.Az İslam.az-a istinadən bildirir ki, bir kəsə yaxşılıq edəndən sonra bunu onun üzünə vursaq, nəinki qazandığımız savabı pozmuş oluruq, hətta üstəlik günah da qazanırıq. Çünki müsəlmanı incitmək - hansı yolla olursa olsun, istər əməllə, istərsə də dillə - günahdır. Kömək etdiyimiz adam bizim rişxəndli eyhamlarımızı, ətrafa car çəkdiyimiz elanları görəndə yəqin ki özünü narahat hiss edəcək və qəlbi sınacaq. Verdiyimiz pul onun üçün ağır yükə, ehsan etdiyimiz xörək onun üçün zəhərə çevriləcək. Buna görə də müqəddəslərimiz bir kəsə yardım göstərərkən bunu adətən başqalarından gizli tutmağa çalışırdılar. Hətta həmin adamın əskilib xəcalət çəkməməsi üçün bəzən özlərinin kimliyini ona tanıtdırmırdılar. İmamlar gecələr öz çiyinlərinə ərzaqla dolu torba yükləyib, kimsəsizlərin məhəlləsinə daşıyır, hər kəsin payını qapısının ağzına qoyub qayıdırdılar. Həzrət Əli (ə) vəfat etdikdən sonra Kufənin miskin müsəlmanları onlara gətirilən ərzağın bir müddət kəsildiyini görüb başa düşdülər ki, yemək payını onlara gətirən xəlifənin özü imiş. Kərbəlada İmam Hüseynin (ə) cənazəsini dəfn edənlər Onun çiynində döyənək yeri olduğunu gördülər. Əvvəlcə müharibədə qazanılmış yara olduğunu zənn etdilər. Amma sonra bildilər ki, bu, Mədinə yoxsulları üçün çiynində daşıdığı çörək torbasının izidir.

İslam Peyğəmbəri və imamlar öz ətrafındakıları da bu ruhda tərbiyə etməyə çalışırdılar. Əhli-beytin əxlaq məktəbindən dərs almış şəxsiyyətlər hər kəsə təmənnasız yaxşılıq etməyi özlərinin bəndəlik borcu bilirdilər. Bir gün İmam Mühəmməd Təqinin (ə) şagirdlərindən biri o həzrətin yanına gəlmişdi. İmam gördü ki, bu adam çox xoşbəxt görünür. Soruşdu: "Bu cür sevinməyinin səbəbi nədir?". O adam cavab verdi: "Ey Peyğəmbərin övladı! Atanızdan eşitmişdim ki, insan üçün ən xoşbəxt və sevincli gün ehsan və xeyirxahlıq etdiyi, öz din qardaşının çətinliyini aradan qaldırmağa imkan tapdığı gündür. Bu gün bir neçə yerdən ehtiyaclılar yardım üçün mənə müraciət etmişdilər. Mən Allahın köməyi ilə on nəfərin çətinliyini həll edə bildim. Bu üzdən sevinirəm".

İmam buyurdu: "And olsun ki, sevinməyə layiq bir haldır. Amma bu şərtlə ki, öz xeyir əməllərini zay və batil etməyəsən". Sonra Imam Qurandan aşağıdakı ayəni oxudu: "Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın" (Bəqərə, 264).

İmamlarımız bunu öyrədirdilər ki, əsl mömin öz yaxınlarının vəziyyəti ilə daim maraqlanmalı, yardıma ehtiyacı olanın çətinliyini o ağız açmazdan əvvəl həll etməyə səy göstərməlidir. Qohumlar bir-birinin dolanışığına bələd olmalıdırlar, qonşular bir-birinin ac ya tox olduğunu bilməlidirlər. İmam Cəfər Sadiqin (ə) bu barədə bir sözü çox təsirlidir. O həzrət öz tərəfdarlarına tövsiyə edirdi ki, ehtiyaclı insanı arayıb-axtarsınlar, o öz dərdini deməzdən əvvəl ona kömək etsinlər. İmam buyururdu ki, ən gözəl yaxşılıq bir kəs sənə ağız açmazdan əvvəl etdiyin yaxşılıqdır. Xahiş və yalvarışdan sonra edilən bəxşiş yalvaran adamın abır-həyasının və mənliyinin qiymətidir.

Müqəddəslərimiz bəzən ehtiyaclı adamın yalvarış dolu səsini eşitməmək üçün tapşırırdılar ki, insanlar öz istəklərini yazılı şəkildə onlara bildirsinlər. Pul üçün gələnlər lazım olan məbləği ya kağıza yazır, ya da torpağın üzərində cızırdılar. İmamlar da bu məbləği adətən qapının və ya pərdənin arxasından həmin adama verirdilər. Çünki o şəxsin dilənməkdən utanan üzünü və xəcalətli gözlərini seyr etmək istəmirdilər.

Bir gün İmam Rza (ə) öz səhabələri ilə oturub söhbət edirdi. Adamlar şəriət və din barədə suallarını o həzrətə verib cavabını eşidirdilər. Bu zaman uca boylu qaraşın bir adam daxil olub İmama salam verdi və dedi: "Ey Peyğəmbərin övladı! Mən Sizin və ata-babalarının tərəfdarlarından (şiələrdən) biriyəm. Yol pulum qurtarıb, öz şəhərimə qayıda bilmirəm. Məsləhətdirsə, mənə bir qədər pul borc verin ki, vətənimə gedib-çatım. Mən imkanlı adamam, amma mal-mülküm vətənimdədir. Söz verirəm ki, evimə çatandan sonra öz malımdan həmin məbləğdə pul ayırıb Sizin adınızdan kasıblara sədəqə verərəm".

İmam qalxıb öz otağının qapısını açdı və içəri keçdi. Az sonra qapını aralayıb iki yüz dinar pulu oradan çölə uzatdı və buyurdu: "Bu iki yüz dinarı al və yol xərcini tədarük et. Vətəninə çatandan sonra bu pulu mənim adımdan sədəqə verməyə də ehtiyac yoxdur. Mən bu pulu sənə hədiyyə edirəm. İndi get ki, nə mən səni görüm, nə də sən məni görəsən".

Həmin adam pulu İmamın əlindən alıb çıxdı. Sonra İmam da otaqdan çıxıb camaatın yanına gəldi. O həzrətdən soruşdular: "Siz bu adama hörmət etdiniz, ona yardım göstərdiniz. Niyə pulu qapının arxasından verib onunla görüşmədiniz?". İmam buyurdu: "Belə etdim ki, onun üzündəki xəcaləti görməyim".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.