Azerbaijan Kids Festivalının finalı Sea Breeze-in ərazisində yerləşən Nine Senses incəsənət məkanında baş tutdu. Bu ölkəmizdə uşaq dəbi sahəsində ən böyük sosial yönümlü layihədir. Festivalda 4-15 yaş arası 20 uşaq iştirak etdi və onlar öz tərzlərini geniş auditoriya və dəb sahəsinin peşəkar münsiflər heyəti qarşısında nümayiş etdirdilər. Münsiflər heyətinə dizaynerlər, blogerlər, moda sahəsinin ekspertləri və ictimai xadimlər daxil idi.
Festivalın fəxri qonağı Xalq artisti Emin Ağalarov oldu. O, bu cür təşəbbüslərin əhəmiyyətindən danışdı və uşaqlarla görüşərək onlarla xatirə şəkilləri çəkdirdi.
Podyumda uşaqlar iki çıxış etdilər: biri fashion üslubunda, digəri isə milli naxışlarla bəzədilmiş etnik tərzdə geyimlərlə.
Layihədə inklüzivlik də ön planda idi: 3 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alan eşitmə imkanları məhdud uşaqlar səhnəyə çıxdılar.
Festivalın əsas məqsədi uşaqları dəstəkləmək, onların potensialını üzə çıxarmaq, ruhlandırmaq və cəmiyyətə inteqrasiya etməkdir. Eyni zamanda, layihə istedadlı uşaqları kəşf etməyə və onların tanınmasına şərait yaradır. Festivalın qalibləri və fərqlənən iştirakçılar gələcəkdə Azərbaycanı beynəlxalq layihələrdə təmsil etmək imkanını əldə edəcəklər.
Layihənin təsisçisi Yusif Cəfərli, direktoru isə Vüqar Səfərlidir.
Festivalın xoreoqrafı Gülnay Muradidir. O, uşaqlarla iki ay ərzində məşğul olaraq onların səhnədə özlərini inamla hiss etmələrinə dəstək olub.
Festivalda yüksək hazırlıq səviyyəsi və xarizma nümayiş etdirən iştirakçılar arasında qaliblər xüsusi diqqət çəkdi. Festival ilham, sevinc və rəngarəng emosiyalarla yadda qaldı. Qaliblər və iştirakçılar təkcə mükafatlarla deyil, həm də onları yeni zirvələrə aparacaq dəyərli təcrübə ilə ayrıldılar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az