Azərbaycan Dövlət Uşaq Filarmoniyası Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı baş tutub.
Uşaq Filarmoniyası gənc istedadların tanınması, yaradıcı kollektivlərin inkişafı məqsədi ilə müxtəlif layihələr həyata keçirməkdə davam edir. Bu məqsədlə Uşaq Filarmoniyası sayca ikinci dəfə Gəncə şəhərinə səfər edib.
"Biz dünyayıq" adlı konsert proqramında Uşaq Filarmoniyasının müxtəlif yaradıcı kollektivləri - "Musiqili Uşaq Teatrı", "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər, Uşaq Folklor Rəqs Ansamblının müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri, gimnastika dərnəyi, "Simurq" musiqi festivalının iştirakçıları Fəxriyyə İsgəndərova, Amalya Seyidova (müəllim: Nigar Rəhimova), İnci Humbətova (müəllim: Kamilla Sədirxanova), Cəlalə İsmayılzadə (müəllim: Kamilla Əmirova), İnci Abbasova (müəllim: Fəridə Əhmədbəyova) bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edib.
Uşaqların ifasında təqdim olunan rəqs nömrələri, uşaq dünyasının rəngarəngliyini əks etdirən musiqi kompozisiyaları, milli alətlərimizin ahəngi, gimnastika dərnəyinin fiziki çeviklikləri, estetik çıxışları ilə konsertə dinamik ruh qataraq tamaşaçıların aramsız alqışlarına səbəb oldular.
Konsert proqramı həm uşaqların potensialının üzə çıxarılması, həm də mədəniyyətin regionlarda inkişafı baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilə bilər.
Konsertin sonunda bütün iştirakçılar səhnəyə çıxaraq final nömrəsi ilə Dünya Uşaqlarının bayramını təbrik edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az