"Həyatda hərənin bir arzusu var. Nə qədər arzuna çatsan, yenə də arzulayacaqsan. Arzusuz həyat mümkün deyil. Arzular bitmir, tükənmir. Aktyorun ən böyük arzusu tamaşaçını sevindirməkdir. Tamaşaçı gülüşü aktyora bəs edir".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Dövlət Kukla Teatrının aktyoru Aslan Fətullayev deyib.
O, bildirib ki, son illərdə yaş senzi ortalığa çıxıb:
"Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hal yaşanar. Sabah hansısa teatrda 50-60 yaşlı aktyorun rolunu 25-30 yaşlı oğlana versələr, onlar bu obrazın heç 20 faizini də yarada bilməzlər. Hər yaşın öz tendensiyası var da. Qoca aktyor avtomatik həmin ştrixləri bilir. Aktyorların teatrlardan uzaqlaşdırılmasına pis baxıram. Əslində cavanlar bu sənətkarlardan öyrənməlidirlər. Onlar bir məktəbdir. Amma əfsuslar olsun ki, biz həmin məktəbləri bağlayırıq".
Aslan Fətullayev qeyd edib ki, illər əvvəl sənətdə ona maneçilik edən çox olub.
"O qədər insan bu yolda mənə mane olub ki... Əksəriyyəti də sənət adamı olub. Mən onlara öz sənətimlə, uğurlarımla, tamaşaçı alqışları ilə cavab vermişəm. İnsanın yolunu kəsib, onu küsdürənlər çox olur. Hətta bir dəfə Hollivuddan rejissor gəlmişdi. Demişdilər ki, səni filmə çəkmək istəyir. Tək mən deyildim, bir neçə aktyorumuzu da çəkmək niyyətində idi. Mən də sevindim, dedim ki, nə olar, çəkilərəm. Hazırlıq görüb saçımı da uzatmışdım. Bizim yerli sənətçilərdən biri ona demişdi ki, "Aslan uzun müddətdir filmə çəkilmir, tamaşa oynamır, aktyorluq istedadına əmin deyiləm, yadırğaya bilər". Onun bu sözü məni ağır depressiyaya salmışdı. Özümə söz verdim ki, bundan sonra filmə çəkilməyəcəyəm. Hətta məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş də qoydurdum. Bu hadisə uzun illər əvvəl olmuşdu", - deyə o, bildirib.
Milli.Az





