Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi idxalını tam dayandırıb. "Kommersant" qəzetinin etibarlı mənbələrə istinadən xəbərinə görə, səbəb ixrac qiymətlərinin Çinin daxili tariflərini üstələməsi və alışın iqtisadi cəhətdən səmərəsiz olmasıdır. Bundan əvvəl Pekin Moskvanın enerji məhsullarının alınmasında yalnız öz maraqlarını əsas götürəcəyini açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə Hindistandan sonra Çinin Rusiya neftinin idxalını dayandırmasına xüsusi diqqət yetirəcəyini demişdi. Qeyd edək ki, Hindistan və Çin Rusiya xam neftinin ən böyük alıcısıdır.
Milli.Az bildirir ki, Rusiya neftinin iki əsas idxalçısını itirməsi onun iqtisadiyyatına necə təsir edəcək? ABŞ-ın burada hər hansı rolu olubmu? Proses Rusiya-Hindistan, Rusiya-Çin münasibətlərinə necə yansıya bilər?
Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, burada 3 əsas istiqamətdə fəaliyyət planı mövcuddur:
"Birinci istiqamət odur ki, Çin Rusiyanın enerji daşıyıcılarını satdığı qiymətləri daha da aşağı salmağa, yəni faktiki olaraq dempinq siyasəti (beynəlxalq ticarət zamanı malların xarici bazarda adi bazar qiymətindən daha aşağı qiymətə satılması) aparmağa çalışır. Hazırda Rusiya məhsullarını geniş miqyasda digər ölkələrə sata bilmir. Çin sanksiyalarından və ABŞ-ın tətbiq etdiyi qadağalardan sonra Hindistan da Rusiya neftinin idxalını azaldıb. Digər ölkələr, o cümlədən Türkiyə, Braziliya və başqaları da müxtəlif səbəblərdən alış həcmlərini azaltmağa məcbur qalırlar. Bu şəraitdə Çin Rusiyanın alternativ bazarlarının məhdud olmasından istifadə edərək qiymətlərin daha da endirilməsinə çalışır. Pekinin Moskva ilə uzunmüddətli enerji alışı üzrə müqavilələri mövcuddur. O, neft, qaz və kömürü Rusiya bazarından daha ucuz qiymətə əldə edir. Bu isə Çində istehsal xərclərinin aşağı düşməsinə imkan yaradır. Pekin məqsədli şəkildə qiymətləri minimum səviyyəyə endirməyə və yaranmış vəziyyətdən maksimum faydalanmağa çalışır".
İqtisadçı bildirib ki, Çin dempinq siyasəti ilə yanaşı, Rusiyanı özündən daha asılı vəziyyətə salmaq istəyir:
"Bu, ikinci variantdır və bununla da Çinə siyasi təzyiq göstərmək niyyətində ola bilər. Bu fonda ABŞ-ın Çinə artan təzyiqləri də mühüm rol oynayır. Ehtimal olunur ki, Çin ABŞ-la açıq qarşıdurmadan yayınmaq üçün bu addımları birbaşa siyasi səbəblərlə deyil, guya iqtisadi səmərəsizliklə əsaslandırır. Üçüncü ehtimal isə tamamilə iqtisadi amillərlə bağlıdır. Belə ki, Çin artıq neft və qazı daha ucuz qiymətə əldə etdiyindən Rusiya ilə idxalın artırılması onun üçün hazırkı mərhələdə iqtisadi baxımdan sərfəli olmaya bilər".
Milli.Az





