Dövlət İmtahan Mərkəzi martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Milli.Az xəbər verir ki, imtahanda 58 min 138 şagirdin iştirakı nəzərdə tutulurdu.
Keçirilən buraxılış imtahanı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox abituriyent imtahandan sonra sualların gözlədiklərindən daha çətin və vaxt aparan olduğunu bildirib. Onların sözlərinə görə, xüsusilə riyaziyyat və Azərbaycan dili fənləri üzrə suallar həm uzun, həm də ciddi analiz tələb edən formada tərtib olunub.
Müəllimlər də bu fikirləri təsdiqləyərək qeyd edirlər ki, bəzi tapşırıqların həlli daha çox vaxt tələb edib. Hətta sosial şəbəkələrdə Azərbaycan dili üzrə bəzi sualların çətinlik səviyyəsinin 3-cü qrup imtahanlarına yaxın olduğu ilə bağlı iddialar da səsləndirilir.
Bununla yanaşı, bəzi imtahan otaqlarında ingilis dili üzrə dinləmə zamanıə texniki problemlərin yaşandığı, bu səbəbdən abituriyentlərin ən çox bal gətirən sualları tam şəkildə cavablandıra bilmədikləri də iddia olunur.
Təhsil eksperti Məzahir Məmmədli Milli.Az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi, bu il də buraxılış imtahanlarından sonra abituriyentlər və valideynlər arasında gərginlik yaşanır. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il yaranan müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri ittihamların yalnız Dövlət İmtahan Mərkəzi-nə yönəlməməsidir.
Onun sözlərinə görə, hazırda müzakirələrdə repetitor müəllimlər və hazırlıq kursları da daha çox hədəfə alınır:
"Əvvəlki illərdə buraxılış imtahanlarından sonra əsas ittiham obyekti Dövlət İmtahan Mərkəzi olurdu. Sualların çətinliyi və ya imtahanın təşkili ilə bağlı narazılıqlar daha çox quruma yönəlirdi. Lakin bu il müzakirələrdə repetitor müəllimlər və hazırlıq kursları da diqqət mərkəzinə düşüb. Bunun əsas səbəblərindən biri isə odur ki, müəllimlər və kurs rəhbərləri imtahan suallarının səviyyəsinin blok imtahanlarına yaxın olduğunu iddia edirlər".
Ekspert qeyd edib ki, narazılıqların yaranmasında sınaq imtahanlarının nəticələri də mühüm rol oynayır:
"Burada əsas müzakirə mövzularından biri sınaq imtahanlarıdır. Çünki kurslar və repetitor müəllimlər tərəfindən təşkil olunan sınaq imtahanlarında abituriyentlər daha yüksək nəticələr göstəriblər. Bu da müəyyən gözlənti formalaşdırıb. Lakin buraxılış imtahanında bəzi şagirdlərin nəticələri aşağı olduqda qarşılıqlı ittihamlar yaranıb".
M.Məmmədlinin sözlərinə görə, məhz bu səbəbdən bəzi müəllimlər imtahan suallarının çətin tərtib edildiyini düşünür:
"Repetitor müəllimlər hesab edirlər ki, onların hazırladıqları sınaq imtahanlarında şagirdlər yüksək nəticə göstəriblərsə, deməli, real imtahanda da buna yaxın nəticələr olmalı idi. Ona görə də Dövlət İmtahan Mərkəzini ittiham edirlər ki, sualların çətinliyi artırılıb. Bundan əlavə, imtahanların tədris prosesinin başa çatmasına təxminən üç ay qalmış keçirilməsi də bəzi mövzuların tam mənimsənilməməsi ilə bağlı narahatlıq yaradır".
M.Məmmədli qeyd edib ki, ingilis, fransız və rus dili üzrə sualların nisbətən asan olduğu deyilsə də, bəzi imtahan zallarında dinləmə qurğuları ilə bağlı problemlər yaşandığı bildirilib.
"Düzdür, bu hal bütün imtahan zallarında müşahidə olunmayıb. Lakin ümumi gərginlik abituriyentlərə müəyyən qədər təsir edib".
Ekspert hesab edir ki, yaranan narazılıqlar fonunda Dövlət İmtahan Mərkəzinin imtahanların təşkili və məzmunu ilə bağlı müəyyən yenilik və dəyişikliklər üzərində düşünməsi məcburidir:
"Hər il növbəti ilə nisbətən narazılıq daha çox yaranır".
Dövlət İmtahan Mərkəzindən isə Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır - bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.
Qurumdan qeyd edilib ki, tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir:
"Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur".
Nəzərə çatdırılıb ki, imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər:
"Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Burada əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır".
Bildirilib ki, hazırda yekun imtahan nəticələri elan olunmayıb:
"Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz görürük ki, imtahan normal olub və iştirakçıların bilik səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib".
DİM-dən verilən məlumata görə, əvvəlki illərin imtahan nəticələrinin elmi-statistik təhlili ilə Mərkəzin saytında "Abituriyent" jurnalının 12 saylı buraxılışında tanış ola bilərsiniz:
"Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını da Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir".
Mina Mikayılova
Milli.Az





