Cəmiyyət

Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma

19 Oktyabr 2026 20:00
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yaradıcı fəaliyyətlərlə məşğul olmaq insan ömrünə təsir edə bilər.

Milli.Az xəbər verir ki, Finlandiyada aparılan araşdırma zamanı incəsənət və mədəniyyətlə daha çox maraqlanan insanlarda ümumi ölüm riskinin daha aşağı olduğu müəyyən edilib.

Helsinki Universitetindən Tellervo Nenonen və həmkarlarının apardığı araşdırma 19 illik müşahidə məlumatlarına əsaslanıb.

Tədqiqatçılar Finlandiyada yaşı 30-dan yuxarı olan 6 548 nəfərin məlumatlarını araşdırıblar. İştirakçıların mədəni tədbirlərdə iştirak etmək, kitab oxumaq, musiqi dinləmək və yaradıcı işlərlə məşğul olmaq vərdişləri qiymətləndirilib. Daha sonra bu məlumatlar 19 il ərzində qeydə alınan ölüm halları ilə müqayisə edilib.

Nəticələr göstərib ki, yaradıcı fəaliyyətlərlə daha çox məşğul olan şəxslərdə ümumi ölüm riski daha aşağı olub.

Araşdırmada rəsm çəkmək, musiqi alətində ifa etmək, əl işləri hazırlamaq, fotoşəkil çəkmək və yazı yazmaq kimi fəaliyyətlərin əhəmiyyətinə diqqət çəkilib.

Qeyd olunub ki, nəsə yaratmaq insana yalnız gördüyü işdən məmnunluq hissi vermir, həm də öyrənməyə, inkişaf etməyə və yeni bacarıqlar qazanmağa kömək edir. İnsan əvvəllər bacarmadığı bir işi öyrəndikdə özünəinamı da arta bilər.

Bununla belə, yaradıcı fəaliyyətlə məşğul olmaq mütləq peşəkar olmaq və ya maddi qazanc əldə etmək demək deyil. Bitki yetişdirmək, köhnə əşyaları təmir etmək, toxuculuqla məşğul olmaq və yeni yemək hazırlamaq da yaradıcı fəaliyyətlərə daxildir.

Məqalədə vurğulanıb ki, məhsuldar olmaq günün hər saatını işləməklə keçirmək anlamına gəlmir. Dincəlmək, kitab oxumaq və musiqi dinləmək də həyatın vacib hissəsidir. Əsas məqsəd gündəlik həyatda başqalarının yaratdıqlarından faydalanmaqla yanaşı, özümüzün də nəsə yaratmağa vaxt ayırmağımızdır.

Yaradıcı fəaliyyətləri gündəlik vərdişə çevirmək üçün 5 tövsiyə

Məqalədə yaradıcı fəaliyyətlərə başlamaq istəyənlər üçün bir neçə tövsiyə də verilib:

1. Nəticəyə deyil, prosesə diqqət yetirin. Bacarıqlı olub-olmadığınızı düşünmək əvəzinə, hansı işlə məşğul olarkən vaxtın necə keçdiyini hiss etmədiyinizi müəyyənləşdirin.

2. Gündə 15 dəqiqə vaxt ayırın. Yeni bir vərdiş yaratmaq üçün uzun saatlar sərf etmək vacib deyil. Əsas məsələ həmin fəaliyyətlə müntəzəm məşğul olmaqdır.

3. Yaradıcılığı gündəlik həyatınıza daxil edin. Məsələn, səhər qəhvəsindən sonra yazı yaza, axşam yeməyindən sonra musiqi alətində ifa edə və ya həftəsonu gəzintisində fotoşəkillər çəkə bilərsiniz.

4. İnkişafınızı qeyd edin. Kiçik bir dəftərdə gördüyünüz işləri, öyrəndiklərinizi və irəliləyişinizi yazmaq zamanla əldə etdiyiniz nəticələri görməyə kömək edə bilər.

5. İstehlakla yanaşı, yaratmağa da vaxt ayırın. Daha çox əşya almaq həmişə daha xoşbəxt olmaq demək deyil. Eyni zamanda, daha çox iş görmək də həmişə daha məhsuldar olmaq anlamına gəlmir. Əsas məsələ özünüzü daim işləməyə məcbur etmədən həyatınızda yaradıcı fəaliyyətlərə yer ayırmaqdır.

Müəllif: Mina Mikayılova

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.