Cəmiyyət

Marsda həyat olub? - Tarixi KƏŞF

23 Aprel 2026 09:36
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

NASA-nın "Curiosity" roveri Marsda apardığı son tədqiqatlar zamanı həyatın formalaşması üçün vacib hesab olunan üzvi molekullar aşkarlayıb.

Milli.Az xəbər verir ki, alimlər bunu planetin keçmişdə həyat üçün əlverişli şəraitə malik olduğuna dair mühüm dəlil kimi qiymətləndirirlər.

Tədqiqat çərçivəsində 20-dən çox üzvi molekul müəyyən edilib. Bu maddələr həyatın yaranmasında rol oynayan kimyəvi əsaslar hesab olunur. Onların arasında meteoritlərdə və asteroidlərdə də rast gəlinən benzotiofen adlı birləşmə də var.

Alimlər qeyd edirlər ki, bu cür molekullar həm Marsda təbii proseslər nəticəsində yarana, həm də meteoritlər vasitəsilə planetə daşınmış ola bilər. Buna görə də tapıntılar Marsda həyatın mövcudluğunu birbaşa sübut etmir, lakin belə ehtimalı gücləndirir.

Araşdırmaya görə, Mars səthində üç milyard ildən çox yaşı olan kimyəvi izlər qorunub saxlanılıb. Mütəxəssislər həmin dövrdə planetin səthində göllər və çayların mövcud olduğunu düşünürlər ki, bu da həyat üçün əsas şərtlərdən biri sayılır.

2012-ci ildə qədim göl yatağı hesab edilən Geil kraterinə eniş edən "Curiosity" roveri o vaxtdan bəri Marsda keçmiş həyatın izlərini araşdırır.

Tədqiqatda iştirak edən astrobioloq Emi Uilyams bildirib ki, Marsdakı qayalar milyardlarla il ərzində həyatın və prebiotik kimyanın əsas elementlərini qoruyub saxlayıb. Bununla belə, alimlər vurğulayırlar ki, bu nəticələr Marsda həyatın mövcudluğunu təsdiqləmir.

Bildirilir ki, daha dəqiq nəticələr əldə etmək üçün Marsdan götürüləcək qaya nümunələrinin Yerə gətirilməsi və laboratoriya şəraitində araşdırılması zəruridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.