Cəmiyyət

Kamaləddin Qafarov: “Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır”

17 Oktyabr 2025 10:20
Baxış: 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"30 illik işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaradılmışdı. Hərbi mütəxəssislərin fikrincə, Füzuli rayonu istiqamətində xüsusilə möhkmləndirilmiş istehkamlar daha çox idi".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, sözünə davam edərək bildirib ki, məhz Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu.

"Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il  sentyabrın 27-də  başlayan Vətən müharibəsinin gedişində şanlı ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında daim xüsusi olaraq vurğulayır ki, bu günə görə biz hamımız şəhidlərimizə borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Məhz bu qəhrəmanlıq və fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir. Bu qəhrəmanlığın əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunublar".

Millət vəkili Böyük Qayıdış Proqramının hazırda işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Füzuli rayonunda da uğurla icra olunduğunu diqqət mərkəzinə çəkib:

"Bu gün Böyük Qayıdış Proqramının uğurlu icrasını artıq bütün dünya böyük diqqətlə və heyranlıqla izləyir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün gənc füzulililərin də öz doğma torpaqlarına qayıtmaları son dərəcə qürurverici hadisədir. Həqiqətən də uşaq, yeniyetmə və gənclərin bu torpaqları heç zaman görmədikləri halda belə bir qərar vermələri bir çox önəmli məqamlardan xəbər verir. Bu, xalqımızın böyüklüyünü və doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir və sarsılmazdır. Bu gün bütün xalqımız 17 oktyabr-Füzuli Şəhəri Gününü böyük fərəh hissi ilə qeyd edir. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi də bu sarsılmaz bağlılığın daha bir təzahürüdür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.