Hazırda biz bütün dünyada dağıntıları, meşə yanğınlarını quraqlıq, isti hava dalğaları görürük.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) çərçivəsində "Mədəni irsin qorunması və istifadəsi: Şanksinin (Shanxi) keçidini açmaq üçün açar" adlı mətbuat konfransında çıxış edən "Üçüncü dünya şəbəkəsi" təşkilatının nümayəndəsi Meana Raman deyib.
O qeyd edib ki, yoxsul ölkələr artıq bu iqlim fəlakətlərinin cəzasını çəkirlər.
"Bu fəlakətlərə səbəb olanların artıq heç bir bəhanəsi yoxdur. İndi onlar məsuliyyətlərini yerinə yetirib-yetirməyəcəklərini görmək üçün önə gəlməlidirlər.
Bakıda keçirilən COP29 maliyyə COP-u olmalıdır. Bu, çox önəmli məsələdir. Masada pul olmadan uyğunlaşma maliyyəsinə ehtiyacınızdan və itki və zərərin həllindən danışa bilməzsiniz. İqlim maliyyəsi tarixi məsuliyyətdən qaynaqlanır. Bunu unutmayaq", - deyə o bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Milli.Az