Cəmiyyət

Kamançanın beşinci simi - REPORTAJ - VİDEO - FOTO

27 Yanvar 2023 21:35
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məmmədəli Cəfərov 50 ilə yaxındır kamança ifaçılığı ilə məşğuldur. Qubalı ifaçının istifadə etdiyi musiqi aləti simlərinin sayına görə digər kamançalardan fərqlənir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, muğam ifasında əvəzsiz sayılan bu musiqi aləti adətən dördsimli olsa da, M.Cəfərovun kamançasında simlərin sayı beşdir. Bu isə məşhur dünya və Azərbaycan bəstəkarlarının əsərlərini daha rahat ifa etməyə imkan verir. Kamançanın səs tembri ilə yanaşı, görünüşü də digər alətlərdən fərqlənir. Belə ki, beşsimli kamançada aşıqların sayı da beş ədəddir.

Beşsimli kamança ona atası Nadir Cəfərovdan yadigar qalıb. Uzun müddət kamançanı təkmilləşdirmək üzərində işləyən N.Cəfərov 1983-cü ildə musiqi alətinə beşinci simi əlavə edib. Həmin vaxt bir sıra tanınmış kaman ustaları kamançanı fərdi şəkildə sınaqdan keçirərək bu yenilik haqda öz fikirlərini bildiriblər. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında beşsimli kamançanın müzakirəsi keçirilib və təşəbbüs bəyənilib.

Təcrübəli musiqiçi milli musiqilərimizin kamança ilə müşayiəti zamanı bəm səsin özünəməxsus ahəng doğurduğunu, yeniliyin ifaçı üçün çətinlik yaratmadığını bildirir.

"Muğamlarımızda elə hissələr var ki, bəmdən oxunur. Dördsimli kamançada bu hissələri müşayiət etmək istədiyimiz kimi alınmır. Buna görə də beşinci simi əlavə etməyə ehtiyac yaranır. Beşsimli kamançanı ifa edən musiqiçi biləyini daha çox işlətməlidir. Bir müddət ifa etdikdən sonra uyğunlaşırsan", - deyə M.Cəfərov söyləyir.

Musiqiçinin xanəndə və tarzən həmkarları da beşsimli kamançanın əlavə səs imkanlarını məqbul hesab edirlər. Tar və kamança ilə müşayiət edilən milli musiqimizdə beşsimli kamança ifalara xüsusi rəng qatır.

Atasının yolunu davam etdirən Məmmədəli Cəfərov hazırda bu yeniliyin geniş miqyasda istifadəsi üçün çalışır. Musiqiçi bu məqsədlə yeni tədris proqramı hazırlayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.