Cəmiyyət

Şəhərdə bahalı və lüks QHT-lər gəzir

18 May 2010 09:49
Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Uzun illər mətbuatda çənə döyüb baş ağrıtdıqdan sonra belə qərara gəlmişdim ki, yazı-pozu ilə baş və ailə saxlamaq olmaz. Ona görə başlamışdım özümə iş axtarmağa...
Nə başınızı ağrıdım, kəsəsi, gah özümə uyğun iş tapa bilməmişdim, gah da iş tapmışdım, məni bu işə uyğun bilməmişdilər. "Axtaran tapar" hikmətli sözü burada karıma gəlməmişdi. Ona görə də bir gün bu sözü kənara qoyub "məsləhətli don gen olar" sözünün hikmətini yoxlamağa başladım.

Məsləhətləşmə zamanı, sizdən yaxşı olmasın, yaxşı dostlardan biri mənə təklif etdi ki, get QHT işi ilə məşğul ol, bu işdə yaxşı qazanc var. Acığı, bu QHT sözünü son illər çox eşitmişdim, ancaq nə demək olduğunu, ideyasını, prinsipini öyrənmək üçün çox dərinə getməmişdim, yəni baş aparmamışdım. İndi dostum mənə QHT işini təklif edəndə də təbii ki, bu barədə elə ilk olaraq dostumun özündən soruşmalı idim. Soruşdum da. Dostum cavabında bildirdi ki, qardaş, bu işin içində olmasan, mahiyyətini və dadını bilməzsən. Bu üstüörtülü cavab, marağıma səbəb oldu. Dostumun qiymətli məsləhətini beynimdə dolandıra-dolandıra qərara gəldim ki, QHT haqqında məlumat toplayım. İlk olaraq, "QHT nədir" sualına cavab axtaracaqdım.

Hökumət idarəsində işləyən başqa bir dostum əvvəlcə məndən soruşdu ki, nəyinə lazımdır bu QHT? Məsələni ona izah edərkən, gördüm birdən-birə dostumun rəngi dəyişdi, halı pisləşdi. Qaldım mat-məəttəl. Dedim qardaş, nə oldu sənə? Dedi day nə olacaq, bir də mənim yanımda belə söz danışma! Heç bilirsən QHT nə deməkdir? Dedim yox. Dedi QHT, "qeyri hokumət təşkilatı" sözlərinin baş hərfləridir. Mən isə hökumət təşkilatında çalışıram. Sənsə gedib xaricilərə, masonlara, nə bilim, day kimlərə işləyəcəksən. Ona görə də məndən uzaq gəz"...

Əlqərəz, qazanc dalınca gedərkən itirdiyim ilk şey dostum oldu. Ancaq hər halda, bildim ki, QHT sözünün mənası "qeyri-hökumət təşkilatı" demək imiş. Bundan sonra təkcə qalırdı QHT-nin mahiyyəti və iş prinsipi haqqında məlumat əldə etmək.

Təsadüfən, şəhərdə köhnə tanışlarımdan birinə rast gəldim. Yolu keçmək üçün svetoforun qırmızı işığının yanmasını gozləyirdim. Bu zaman bir təzə BMV maşını düz yanımda saxladı və siqnal verdi. Gördüm bu. Qapını açaraq məni maşına dəvət elədi. Düzü, bir az özümü pis hiss etdim. Axı əvvəl o da mənim kimi piyada gəzirdi, indi isə bahalı maşında əyləşmişdi. Nə isə, cox təkid edəndən sonra maşına oturdum. Köhnə tanışımın mənə ilk verdiyi sual bu oldu: "A kişi, sən hələ də piyada gəzirsən"? Qaş-qabağımı salladım. "Bəs neyniyim" dedim. "Neynəyəcəksən? Get QHT yarat" dedi və əlavə etdi ki, o özü də xeyli müddətdir bu işlə məşğuldur, pis də qazanmır. Ürəyimdə düşündüm: elə yaxşı oldu buna rast gəldim, ətraflı mənə başa salar bu QHT işinin incəliyini. Lakin söhbət zamanı məlum oldu ki, tanışım heç QHT sözünün mənasını dəqiq bilmir və heç indiyə qədər bu barədə fikirləşməyib də. "Ancaq mənə elə gəlir, QHT - qayğısız həyata təminat" deməkdir... Bu da olmasa, buna yaxın məna verir" - o, öz fikrini dedi. Təbii ki, gülməkdən özümü saxlaya bilmədim, tanışım baş hərflərə uyğun sözləri yaxşı düzüb-qoşmuşdu. Lakin o, hiss etdi ki, cavab məni qane etmədi, üstəlik cavabı da məktəbdə dərsini bilməyən uşağın müəllimə verdiyi cavaba bənzədi. Tanışım heç özünü sındırmadı da: "Əşi, nə fərqi var, mənim üçün QHT, bax, elə bu altımdakı BMV - dir", dedi.

...Üç saniyə sonra mən yenə də piyada idim, yenə də svetofor gözləyirdim. Amma həqiqətən, tanışımın "QHT" - sinə söz ola bilməzdi.
"QHT nədir" sualını daha bir neçə nəfərə də ünvanladım. Hər kəs öz düşüncəsinə görə cavabı izah etdi. Köhnə tanışımın sözü isə məni ciddi düşündürməyə başlayırdı: "Mənim üçün QHT bax, elə bu altımdakı BMV-dir". Ona görə də vaxt itirməyi lüzumsuz hesab edərək, işə başlamağı qərara aldım.

Birinci, dostumun məsləhəti ilə QHT yaratmaq üçün sənədlər hazırlamalıydım. Bir neçə günə sənədləri hazırladım, təkcə "hüquqi ünvan" deyilən sənəd düzəlmirdi ki, düzəlmirdi. Qanuna gorə, yaradacağım qeyri hökümət təşkilatı hansısa yaşayış sahəsində qeydiyyatda olmalı idi. Öz evim yoxdu, kirayə qaldığım evi də qanuna görə hüquqi ünvan kimi göstərmək olmazdı. Heç kəs də risk eləyib öz mənzilinin hüquqi ünvan kimi göstərilməsinə razı olmurdu. Çox müsibətdən sonra axır ki, rayondakı uzaq qohumlarımdan biri öz evini gələcək təşkilatım üçün hüquqi ünvan kimi göstərməyə razılıq verdi. Ancaq sevincim uzun sürmədi - sənədləri tam hazırlayıb nazirliyə təqdim etmək istəyərkən məlum oldu ki, QHT haqqında qanuna bəzi dəyişikliklər edilib. Dəyişikliklərdən biri də elə bu hüquqi ünvan məsələsi ilə bağlı idi. Belə ki, yeni qanun, artıq yaşayış sahəsini hüquqi ünvan kimi göstərməyə icazə vermirdi. Hüquqi ünvan kimi yalnız qeyri-yaşayış sahələri göstərilə bilərdi. Deməli, uzaq qohumumun evi day mənim işimə yaramayacaq, sənədlər yenidən hazırlanacaq... Neyləmək olar, bir də hazırlayaram, təki işim düzəlsin. Lakin bu zaman məni daha bir sual düşündürürdü: qeyri yaşayış sahəsi deyiləndə nə nəzərdə tutulur?

Əlbəttə, başa düşürdüm, qeyri-yaşayış sahəsi, adından da göründüyü kimi, yaşayış sahəsi olmayan yerlər deməkdir. Ancaq bunun bir az da dəqiqləşdirilməsinə ehtiyac vardı. Axır ki, əmlak alqı-satqısı ilə məşğul olan qonşum bu məsələdə mənə kömək etdi. Onun sözlərinə görə, qeyri-yaşayış sahəsi deyiləndə, əsasən qarajlar nəzərdə tutulurmuş. "Ola bilsin, qeyri yaşayış sahəsi təkcə qarajlara şamil edilmir, amma mən qarajdan başqasını bilmirəm", - qonşum dedi.

Açığı, yaman pərt olmuşdum. Necə yəni qaraj? Məgər təşkilat da qaraja sığışar? Lap tutaq ki sığışdı, bəs mən öz adlı-sanlı təşkilatımın qarajda yerləşməsini necə özümə sığışdırım? Yox, belə yaramaz! Əlim lap işdən soyudu. Nə qədər baş sındırırdım, bir nəticəyə vara bilmirdim. Bu zaman yadıma svetoforda görüşdüyüm tanışımın sözləri düşdü: "Mənim üçün QHT, bax, elə bu altımdakı BMV-dir". Barmağımı dişlədim. Yavaş-yavaş başa düşürdüm. Başladım yeni qaydalara ürəyimdə bəraət qazandırmağa: ayə, əgər QHT bəziləri üçün doğrudan da BMV deməkdirsə, onda belə QHT-nin yerləşməsi üçün qarajdan yaxşı yer hara ola bilərdi ki?
Artıq QHT yaratmaq fikrindən vaz keçmişəm. Bu barədə düşünəndə "Bəxti gətirməyənlər" filmi yadıma düşür. Yəqin bu işdə mənimki gətirmir...

Əvəz Qurbanlı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.